Son günlər dünyanın məşhur qida şirkətləri istehsal etdikləri məhsulları geri çağırmalı olurlar. Qida təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda aparıcı brendlərin geri çağırma elanları diqqət çəkir. Bir neçə gün öncə isə "The Coca-Cola" şirkətinin törəmə müəssisəsi olan "Coca-Cola Europacific Partners Belgium", Belçika, Böyük Britaniya, Fransa və bir neçə digər Avropa ölkəsində bəzi içkilərin bazardan yığışdırıldığını açıqlayıb. Buna səbəb məhsullardakı xlorat səviyyəsinin normadan artıq olması göstərilib. İstehlakçıların sağlamlığına risk yaradan bu hallar qida sənayesində təhlükəsizlik standartlarına nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsinin vacibliyini gündəmə gətirir. Görünən odur ki, qlobal brendlər üçün istehlakçı etibarını qorumaq getdikcə daha böyük məsuliyyət tələb edir.
Bu barədə Moderator.az- a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, "CoCo-Cola" və digər qazlı içkilərin tərkibində bir çox maddələr var ki, uzun müddət istifadə edildikdə sağlamlıq riskləri yarada bilər:
“Xüsusilə, bu içkilərdəki şəkər miqdarı çox yüksəkdir və bəzən fruktoza siropundan da istifadə olunur. Orqanizmə həddindən artıq çox kalori daxil olması piylənməyə və obezitaya səbəb ola bilər. Bu da öz növbəsində diabet, ürək-damar xəstəlikləri kimi sağlamlıq problemlərinin riskini artırır. Eyni zamanda, qazlı içkilərdə dadlandırıcı olaraq qarğıdalı siropundan da istifadə edilir. Bu maddə yalnız kimyəvi qatqı maddəsi olmaqla yanaşı, həddindən artıq istehlakı orqanizmdə daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər. İçkilərdə olan kofein isə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir, narahatlığa, qorxulu yuxuların görməsinə, hormonal balansın pozulmasına və iştahın dəyişməsinə gətirib çıxara bilər. Bəzən, kofein də həddindən artıq istehlak edildikdə yemək istəyinin artmasına səbəb ola bilər. Üstəlik, çox miqdarda kofein qan təzyiqini yüksəldir, bu da bir çox insanlarda qan təzyiqi problemlərinə yol açır. Bu səbəblə, qazlı içkilərin müntəzəm və həddindən artıq istehlakından çəkinmək, sağlamlığa daha faydalı seçimlər etmək vacibdir”.
Qida eksperti onu da əlavə edib ki, qazlı içkilərin uzun müddət qalması üçün turşu tənzimləyici olaraq fosfor turşusundan istifadə olunur:
"Belə içkilər davamlı olaraq qəbul edildikdə insan orqanizmində ciddi fəsadlar yarada bilər. Xüsusilə, qazlı içkilərdən istifadə sümük əriməsinə, diş minalarının çürüməsinə, oynaq xəstəliklərinə yol aça bilər. Bu içkilərdən uşaqlar istifadə etdikdə, onların inkişaf prosesində geriləmələr baş verə bilər. Bu məhsullardan istifadə mərkəzi beyin sisteminin sıradan çıxmasına, gələcəkdə Alzheimer xəstəliyinin inkişafına, şəkərli diabetin yaranmasına və piylənməyə meyilliliyə gətirib çıxara bilər. Eyni zamanda, qazlı içkilərdən istifadə mədəaltı vəzinin funksiyasının pozulmasına da yol açır. Ancaq belə məhsulların satılmasına, ümumiyyətlə, hər hansı bir qadağa və ya məhdudiyyət qoyulmur. Çünki bu içkilər dünyanın hər yerində, eləcə də Azərbaycanda istehsal olunur və satılır. Buna görə də, sağlamlığını qorumağa çalışan insanlar, bu kimi qarışıq tərkibli içkilərdən uzaq durmalı və onları gündəlik olaraq istehlak etməməlidir”.
Mehin Mehmanqızı