Gözəllik salonlarına da qadağalar gəlir
Cəmiyyət
580
08:50, Bu gün

Gözəllik salonlarına da qadağalar gəlir

Mütəxəssislər qeyd edir ki, qadın salonlarında tibbi kosmetologiya prosedurlarının icrası ciddi sağlamlıq riskləri yarada bilər
 
Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.
 
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
 
Bildirilir ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan), konservativ və korreksiya üsulları daxildir:
 
“Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar ”kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur.
 
Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər.
 
Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir", - deyə məlumatda bildirilib.
 
Qadın salonlarında tibbi kosmetologiya prosedurlarında  hansı ciddi risklər var?
 
Mütəxəssislər qeyd edir ki, gözəllik salonlarında tibbi kosmetologiya prosedurlarının icrası ciddi sağlamlıq riskləri yarada bilər. Buraya infeksiya, allergik reaksiyalar, steril olmayan avadanlıqların istifadəsi nəticəsində yaranan dəri infeksiyaları, qanla keçən xəstəliklər və səhv prosedurlar səbəbilə çapıqların və yanıqların yaranması daxildir. Xüsusilə iynə prosedurları (mezoterapiya, biorevitalizasiya) infeksiyalaşma riski yüksək olan müdaxilələrdir.
 
Lisenziyalı tibbi müəssisələrdə bu prosedurlar sertifikatlı həkimlər tərəfindən aparıldığından, sterilizasiya və sanitar-epidemioloji tələblərə ciddi riayət olunur. Həkimlər fərdi xüsusiyyətləri nəzərə alaraq prosedurları düzgün tətbiq edir və ağırlaşmalar baş verdikdə adekvat tibbi yardım göstərə bilirlər.
 
Gözəllik salonlarında edilən lazer epilyasiya, mezoterapiya və biorevitalizasiya kimi prosedurların isə aşağıdakı fəsadların baş verə bildiyi qeyd olunur:
 
Lazer epilyasiya: Yanıqlar, hiperpigmentasiya və dərinin həddindən artıq həssaslaşması.
 
Mezoterapiya və biorevitalizasiya: Dəri altına səhv maddələrin yeridilməsi nəticəsində şişkinlik, hematoma, allergik reaksiyalar, infeksiyalar və çapıqların yaranması.
 
Tibbi kosmetologiya ilə adi estetik xidmətlər arasındakı əsas fərqə gəldikdə, tibbi kosmetologiya dərinin daha dərin qatlarına müdaxilə edərək müalicəvi məqsəd daşıyan prosedurları əhatə edir. Buraya inyeksiya prosedurları, lazer müalicələri və dəriyə kimyəvi təsir göstərən prosedurlar daxildir. Adi estetik xidmətlər isə yalnız səthi baxımı əhatə edir (məsələn, üz masajı, maskalar, makiyaj və s.)
 
Mütəxəssislər də qeyd edir ki, Azərbaycanda tibbi kosmetologiya sahəsi inkişaf etsə də, bəzi hallarda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və nəzarətin zəif olması problemlərə səbəb olur. Qərb ölkələrində bu sahəyə ciddi nəzarət edilir və standartlar daha yüksəkdir.
 
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, kosmetoloji xidmətlə bağlı uzun müddətdir ki, müxtəlif müzakirələr aparılır: “Bu sahə olduqca genişdir. Kosmetologiyanın həm terapevtik-konservativ istiqamətləri, həm də plastik cərrahiyyə kimi operativ hissəsi mövcuddur. Eyni zamanda invaziv prosedurlar ayrıca bir istiqamət kimi fərqləndirilə bilər. İnvaziv prosedurlar dedikdə, müxtəlif korreksiya üsulları, mezoterapiya, botoks və digər müdaxilələr nəzərdə tutulur. Bu sahə dünya miqyasında müxtəlif qanun və qaydalarla tənzimlənir. Salonlar çərçivəsində əsasən terapevtik xidmətlər - dərinin gəncləşdirilməsi üçün müxtəlif maddələrin tətbiqi və dermatoloji xidmətlər həyata keçirilir”.
 
Həkim qeyd edib ki, bu sahədə dermatoloji biliklərə sahib olmaq vacibdir: “Çünki dəri problemləri olduqca müxtəlifdir. Müxtəlif simptomlarla özünü göstərən bu problemlər bəzən ümumi xəstəliklərin dəri səthinə, xüsusilə üz dərisinə təsiri kimi qiymətləndirilə bilər.
 
Bu baxımdan, ən azı mütəxəssis rəyi olduğu halda, dəri problemləri mütəxəssis tərəfindən dəyərləndirildikdən sonra bütün kosmetoloji xidmətlər tətbiq oluna bilər. Yəni peşəkar konsultasiyadan sonra invaziv xidmətlərin həyata keçirilməsi üçün daha uyğun şəraitin təmin olunması vacibdir. Xüsusilə steril mühitin yaradılması və ümumən Səhiyyə Nazirliyinin tələblərinə uyğun şəraitin olması olduqca önəmlidir. Çünki burada birbaşa orqanizmə müdaxilə edilir, iynə vasitəsilə xüsusi maddələr yeridilir və bu maddələr kifayət qədər ciddi təsirə malikdir. Onların tətbiqi üçün həm xüsusi şərait olmalıdır, həm də proseduru icra edən mütəxəssisin hazırlıq səviyyəsi yetərli olmalıdır.
 
Mütəxəssisin adekvatlığı dedikdə nəyi nəzərdə tuturuq? İynə ilə müdaxilə olunan nahiyələrdə çoxsaylı həyati əhəmiyyətli strukturlar - damar-sinir dəstələri və digər anatomik elementlər yerləşir. Buna görə də bu sahə ilə məşğul olan şəxslər mütləq anatomik, fizioloji və digər tibbi biliklərə malik olmalı, tətbiq etdikləri prosedurların mahiyyətini və istifadə etdikləri dərman maddələrinin mümkün yan təsirlərini yaxşı bilməlidirlər".
Zülfüqar Yusifov 
 
Zülfüqar Yusifov həmçinin bildirib ki, burada digər vacib məqam prosedurların icra olunduğu şərait və köməkçi personalın peşəkarlığıdır: “Xüsusilə təcili tibbi yardım üçün adekvat şəraitin mövcud olması olduqca vacibdir. Çünki tətbiq edilən dərman maddələrinin hər biri müəyyən risklər daşıyır və bəzi hallarda pasiyentin həyatı üçün arzuolunmaz vəziyyətlər yarana bilər. Belə hallarda operativ müdaxilə edilməli, ortaya çıxan simptomlar aradan qaldırılmalı və vacib həyati funksiyalar bərpa olunmalıdır.
 
Bu baxımdan, kosmetologiyanı, sadəcə, salon səviyyəsində xidmət kimi yox, daha təkmil və məsuliyyətli bir sahə kimi qəbul etmək lazımdır. Burada ciddi korreksiyalardan və təsir güclü maddələrin inyeksiyasından söhbət gedir. Məsələn, botoks terapiyalarında əzələ-sinir blokadası tətbiq edilir ki, bu da olduqca həssas və məsuliyyətli bir prosedurdur.
 
Bütün bunları nəzərə alaraq, kosmetoloji xidmətlərin yalnız Səhiyyə Nazirliyinin müvafiq tələblərinə uyğun şəkildə və tibbi qaydalara tam riayət etməklə həyata keçirilməsi vacibdir".(musavat.com)
Link kopyalandı!
Son xəbərlər