Bizi sosial şəbəkələrdən izləyin:
“Bakı şəhər Səbail rayonu Xaqani küçəsi 1/5 ünvanında yerləşən mağazalardan birinin sahibiyəm. İşlətdiyim obyektə kanalizasiya suları dolur, ətraf ərazilərdə üfunət qoxusu baş alıb gedir. Öz gücümə tikib-qurduğum, daşı-daş üstə qoyduğum mağazanın bu vəziyyəti məni həqiqətən də üzür. Ən çox ziyanı mən çəkirəm. İnsanlar, ələxsus da turistlər ordan keçəndə ətrafdan iyrənirlər. Mağazanın xalçalarını yudurtdurub qurutmaqdan həqiqətən də bezmişik. Axı bunlar əlavə xərcdir. Mağazamızda satılanlar brend mallardır, təsəvvür edin ki, iy bu geyimlərin üstünə hopur. Məcbur qalıb mağazanı təmizliyə bağlayıb, satışı dayandırırıq. Bir sözlə bizə həm maddi, həm də mənəvi ziyan dəyir”
Bunu Moderator.az -a açıqlamasında şikayətçi Nurlan Nurəliyev deyib. O daha sonra əlavə edib:
“COP29 tədbirinə görə “Malakan bağı”-n da yenidənqurma işləri görüldü. Təmir-tikinti işləri zamanı podratçı şirkət səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv edib. Parkdan gələn kanalizasiya sistemi mağazanın pilləkəninin yanından keçir. Su ordan düz binanın daxilinə axır. Dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da məsələyə baxılmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin də bu problemdən xəbəri var. İcra hakimiyyətinə ərizə də yazılıb, görüşlərdə də olmuşuq. Artıq 3 aya yaxındır ki, kanalizasiya suları dayanmır. Bir gün fasilə verir, o biri gün axır. Buna bir çarə qılan yoxdur. Sonuncu dəfə ümumiyyətlə mağazanı su basanda yığıb danışdıq. Bizimlə sərt danışdılar və telefonu söndürdülər. Səhv etmirəmsə təsərrüfat şöbəsindən idi həmin şəxs” deyə şikayətçi bildirib.
P.S. İddialarla bağlı qarşı tərəfin fikirləni də dərc etməyə hazırıq.