Taleh Heydərov təhsildən yazdı
Cəmiyyət
892
30 Jan 2025 | 22:00

Taleh Heydərov təhsildən yazdı

Təhsilə qoyulan sərmayənin ölkənin inkişaf və tərəqqisinin, hərtərəfli çiçəklənməsinin rəhni olması faktı artıq çoxdan təsdiqlənmiş gerçəklikdir. Biznes sahəsinə edilən irimiqyaslı iqtisadi sərmayələr bütün sənaye sahələrini dəyişə bildiyi kimi, təhsil də ayrı-ayrı fərdlərin həyatında köklü təbəddülatlar yarada bilər – öz növbəsində bu vətəndaşlar da çiçəklənən iqtisadiyyatın bünövrəsini təşkil edirlər.
 
Bu, Azərbaycan üçün gələcəkdə ciddi diqqət yetirilməli olan prioritetlərdəndir. Tarixən neft idxalından asılı olan Azərbaycan COP29-a ev sahibliyi missiyasını yerinə yetirib, iqtisadi dəyişiklik planlarını nəzərdən keçirən ölkədir. Heç şübhəsiz, Azərbaycanın bütün potensialının açılmasında, onun davamlı, etibarlı gələcəyinin qurulmasında təhsil sahəsi əsas istinad yerlərindən biri olacaq.
 
Cənubi Koreya və Sinqapur kimi ölkələrin təcrübəsi təhsilin prioritetləşdirilməsinin iqtisadi dəyişikliklərə necə təkan verdiyinə əyani sübutdur. Cənubi Koreyada “Samsung”, “LG” kimi şirkətlər rəqəmsal iqtisadiyyatda fərqlənmələri üçün istedadlı gəncləri korporativ təqaüdlə təchiz ediblər. Eyni zamanda Sinqapurun əsas təhsil ocaqlarından olan Sinqapur Milli Universiteti qlobal rəqabətə uyğun ixtisaslaşmış məzunlar yetişdirməklə dünya səviyyəli standartları dəstəkləyir. Azərbaycan da bu yanaşma tərzini əxz etməklə öz təhsil sistemini daha geniş iqtisadi planlara uyğunlaşdıra və gələcəyin sənaye sahələrinə hazır olan tələbələr yetişdirə bilər.
 
Əslində Azərbaycan təhsil və iqtisadi uğurlar arasında vacib bağlılığı çoxdan qəbul edib, bu, “Güclü təhsil – güclü millət” proqramında öz əksini tapıb. Ölkə əhalisinin savadlılıq göstəricisinin 99.8%-ə yaxın olması və universitet məzunlarının reytinqinin daim artması faktı ilə öyünə bilər. Ötən üç ildə məktəblərin müasirləşdirilməsi proqramına yüz milyonlarla dollar vəsait sərf edilib, hökumət UNESCO-nun 2030-cu ilə qədərki hədəflərinə daxil olan “heç kim kənarda qalmasın” təşəbbüsünü həyata keçirmək üçün həmin qurumla sıx əməkdaşlıq edir. Məhz bu cəhdlər çərçivəsində özəl sektorla əməkdaşlıq Azərbaycanda təhsil sisteminin inkişafını sürətləndirmək baxımından güclü katalizator rolunu oynaya bilər.
Təhsilə özəl sərmayələrin cəlb edilməsində məqsəd aydındır – bu, sənayeyönlü kursların təşkili, ayrı-ayrı bacarıqların formalaşdırılması, aztəminatlı şagird və tələbələrə maliyyə yardımı göstərilməsi ilə bazarın tələblərinə cavab verə bilər. Bu, həm də müasir komplekslərin, sinifdənxaric proqramların, yeni texnologiyaların tətbiqi ilə, öyrənmə təcrübəsinin zənginləşdirilməsi ilə təhsil ocaqlarının gücləndirilməsinə rəvac verə bilər. Təhsilə özəl sərmayələrin cəlb edilməsi öz növbəsində dövlət məktəblərində keyfiyyət və standartların yüksəlməsinə kömək edə, özəl və dövlət sektorları arasındakı fərqlərin tədricən azaldılmasına, ümumilikdə daha ədalətli təhsil sisteminin yaradılmasına xidmət edər.
 
Beynəlxalq özəl məktəblər öyrənmə təcrübəsini optimallaşdırmaqla həm gələcək, həm də indiki müəllimlərin faydalılığını və dəyərini artırır. Belə məktəblər pedaqoji hazırlıq, müəllimlərin inkişafı sahəsindəki təcrübələrindən istifadə etməklə ölkədə təhsillə bağlı standartları yüksəldə bilərlər. Dövlət və özəl təhsil sektorları arasındakı əməkdaşlığın gücləndirilməsi bundan sonra da çox qiymətli resurs və təcrübə qaynaqlarının paylaşılması yolu ilə müəllim hazırlığı prosesinə böyük töhfələr verə bilər. Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyi ilə, Təhsil İnstitutu ilə birgə layihələr bu cür faydalı əməkdaşlığa bariz nümunədir.
 
Bundan başqa, beynəlxalq məktəblərin məzunlarının dünyanın nüfuzlu ali təhsil ocaqlarına daxil olmaq şansları daha yüksək olur, bu isə təkcə o tələbələrin özünə deyil, həm də ölkəyə böyük fayda verir, çünki onlar ölkəyə xaricdə əldə etdikləri bilik və bacarıqlarla qayıdırlar.
 
Buna görə də hökumət özəl təhsil sektoruna sərmayə qoyuluşunu nəinki qəbul etməli, hətta onu fəal şəkildə dəstəkləməli, özəl və dövlət sektorları arasında təhsil sahəsində sağlam əməkdaşlığın qurulmasında maraqlı olmalı, məktəblərə öz təhsil proqramlarını gerçək qlobal ehtiyaclara uyğunlaşdırmaq, müxtəlif peşə karyeralarına aydın yollar göstərmək azadlığı verməlidir.
 
Biz oxşar təmayüllərin həndəsi silsilə üzrə artmasını Fars körfəzi ölkələrində də müşahidə edirik və düşünürük ki, Azərbaycan iki regionun iqtisadi sistemləri arasındakı oxşar cəhətləri nəzərə alaraq həmin ölkələrin təcrübəsindən faydalana bilər. Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ölkələrin hökumətləri neft qiymətlərinin qeyri-sabitliyi və ekoloji yönlü iqtisadiyyata keçidlə bağlı beynəlxalq öhdəliklərdən irəli gələn büdcə kəsirlərini azaltmaq üçün özəl sektoru fəal şəkildə stimullaşdırırlar. PwC audit-konsaltinq şirkətinin hesabatına görə, Yaxın Şərqdə təhsil sektoru fərdi sərmayə qoyuluşlarında ikinci yerdədir, Yaxın Şərq regionu isə təhsil sahəsinə qoyulan şəxsi sərmayələrə görə dünyada birinci yeri tutur.
 
Yaxın Şərq hökumətləri artıq qəbul ediblər ki, dövlət orqanları iqtisadiyyatın çoxşaxəli inkişafına nail olmaq, əhalinin gənc hissəsinin rifahını yaxşılaşdırmaq üçün təhsili stimullaşdırmalıdır. Həmin ölkələr iqtisadi inkişafı təhsil sərmayələri ilə çulğalaşdırmaqla texnologiya, səhiyyə, bərpa olunan enerji sahələri kimi sektorların inkişafına təkan verən müsbət xarici təsirlər yaradırlar, bu isə son nəticədə onların iqtisadiyyatını gücləndirir.
 
BƏƏ-də yerləşən Ali Texnololgiya Kolleclərinin bir proqramı bu cür əməkdaşlığa bariz nümunə sayıla bilər. Bu ali təhsil ocağı “Oracle” adlı rəqəmsal texnologiya şirkəti ilə əməkdaşlıq edərək 500 BƏƏ vətəndaşına süni intellekt dərsləri keçib, hansı ki bu işə əmək bazarında böyük tələbat var. Belə faydalı əməkaşlıq adətən ona münbit şərait yaradan yerlərdə baş tutur. Məsələn, Dubay Elm Şəhərciyi belə yerlərdəndir. Şəhərcik təhsil müəssisələri üçün azad iqtisadi zonadır, burada onlar tam sahiblik şərtləri ilə fəaliyyət göstərə bilirlər.
 
Ölkələrinin təhsil sektoruna sərmayə yatırımını fəal şəkildə dəstəkləmək, bunun üstünlüklərini göstərən siyasət yürütmək hökumətlərin ümdə vəzifələrindən biridir. KƏŞ ölkələrinin bir çoxu bu cür əməli siyasət yürüdür, məsələn, Səudiyyə Ərəbistanı öz büdcəsinin 17%-ni təhsilə ayırır və həmin göstəriciyə görə ABŞ, Birləşmiş Krallıq və Almaniyanı xeyli geridə qoyur. Sərmayədarlar məhz bu cür investisiya mühiti axtarırlar. IndustryArc-ın proqnozlarına görə, Yaxın Şərq və Şimali Afrika ölkələrində təhsil sektoruna qoyulan sərmayələrin həcmi 2027-ci ildə 175 milyard dollara çatacaq ki, heç şübhəsiz, bu da çox cəlbedici imkanlar deməkdir.
 
Azərbaycan hökuməti oxşar uğurlar əldə etmək üçün dövlət sektoru və özəl sektor arasında əməkdaşlıq imkanlarına daha çox üstünlük verilməsi məsələsini nəzərdən keçirə bilər. Fərdi investisiyaların vergi güzəştləri, qrantlar vasitəsilə, həmçinin sənaye sahələri ilə əməkdaşlıq etmək istəyən təhsil ocaqlarına daha çox sərbəstlik verilməsi yolu ilə cəlb edilməsi bu mənada çox faydalı yanaşma olardı. Buna həmin məktəblərdə ən yaxşı dəyərləri saxlamaqla, məsələn, dərslərin həcmini sabit saxlamaqla, şagird və tələbələrin Azərbaycan dilini öyrənmək hüquqlarını qorumaqla nail olmaq mümkündür.
 
Bu məsələ xüsusilə beynəlxalq özəl məktəblərdə aktual problemdir, çünki onlarda təhsil proqramı nə qədər çevik, rahat olsa da, azərbaycanlı şagirdlərə doğma dillərinin, tarix və mədəniyyətlərinin öyrədilməsinə bəzən səthi yanaşılır. Təhsili Azərbaycanın inkişaf planları və perspektivlərinə uyğunlaşdırmaq üçün azərbaycanlı şagirdlərin milli dəyərlər üzərində qurulmuş təhsil almaq imkanlarının təmin edilməsi vacib məsələdir. Təhsilə nəzarətin gücləndirilməsi və məsuliyyətin artırılması ilə bu standartları qoyurub saxlamaq mümkündür.
Bu məsələnin müzakirəsində hökumətin vergi, vergi güzəştləri siyasəti mühüm rol oynayır. Azərbaycanda özəl məktəblər gəlir vergisindən artıq azad edilib, lakin həmin dəstəyin bundan sonra da artırılması körfəz ölkələrindəki kimi nəzərəçarpacaq iqtisadi faydalar verə bilər. Özəl məktəblərin istər yerli, istərsə də ölkə miqyasında iqtisadiyyata verdiyi töhfəni artırmaq üçün təhsil infrastrukturunu ƏDV-dən azad etmək, vergi güzəştlərini təhsillə bağlı material və xidmətlərə də tətbiq etmək olar. Biz bunu, məsələn, Avstraliyanın təcrübəsində müşahidə edə bilərik.
 
Oxşar təşəbbüslər investisiya mühitinin stimullaşdırılmasını paytaxtdan kənara, bölgələrə də yayacaq. Hökumətin Xankəndidə açdığı və 2000 tələbənin təhsil alması üçün nəzərdə tutduğu Qarabağ Universiteti bu mənada çox mühüm presedentdir. Vergi güzəştləri həmin qəbildən olan layihələri stimullaşdıra, digər regionlarda da universitetlərin açılmasına, inkişafla bağlı təşəbbüslərə nəfəs verə və onları genişləndirib bütün ölkəyə yaya bilər.
 
Buna baxmayaraq, fakt ondan ibarətdir ki, hökumətlərin iqtisadiyyatda güclü təbəddülatlar, öz vətəndaşlarında güclü etimad yarada biləcək uzunmüddətli layihələrə ciddi yanaşdığına işarə edən aydın əlamətlər axtarır, böyük addımlar gözləyirlər. Söhbət həm də müxtəlif həvəsləndirmə tədbirlərindən, təqaüd ianələrinə, təhsilə qoyulan sərmayələrə tətbiq edilən vergi kreditlərindən gedir. Bunlar sonrakı mərhələlərdə təcrübəli, bacarıqlı işçi qüvvəsinin yaradılması işinə böyük töhfələr verəcək.
 
Xərclərin mümkün qədər tez çıxarılması bir çox özəl məktəblər üçün həyati dərəcədə vacibdir, çünki bu, investisiyaların cəlb edilməsi, əməliyyat xərclərinin ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil sektorunda davamlı inkişafa nail olmaqdan ötrü elə bir mühit yaradılmalıdır ki, investorlar onları təmin edən optimal müddət ərzində qazanc götürəcəklərinə əmin olsunlar.
 
Qoyulan sərmayə dərhal qazanc gətirməyəndə, sektorlar üzrə hüquqi nizamlama ilə bağlı müzakirələr davam edəndə investorlar sərmayələrin qazancını 5 – 10 il müddətində əldə etməyə ümid edirlər. Bu müddətə uyğun olmayan ödəniş qrafikləri tətbiq edilərsə, qoyulan sərmayə reallaşmaya bilər.
 
Hökumət təhlükəsiz və əlverişli investisiya mühiti yaratmaqla həm yerli, həm əcnəbi sərmayədarların etibarını qazanmaq üçün lazım olan sabitliyi təmin edə, ölkənin gələcəyinə uzunmüddətli inamı artıra bilər. Ölkənin təhsil sektoruna sərmayə qoyuluşunun dəstəklənməsi sadəcə bir sahə üzrə yürüdülən siyasət məsələsi deyil, dövlətin, millətin gələcəyini qurmaq məsələsidir. Təhsil sadəcə sosial öhdəlik deyil, davamlı inkişaf və iqtisadi sabitliyin təməl daşıdır.
 
Azərbaycan bu cür investisiyaları prioritetə çevirməklə, dövlət və özəl sektorlar arasında əməkdaşlığı təşviq etməklə, təhsillə bağlı təşəbbüsləri gələcəyin tələblərinə uyğunlaşdırmaqla sabit çiçəklənmənin təməlini qoya bilər. Bugünkü seçimlər ölkənin sabahkı inkişaf xəttini müəyyən edəcək və hökumətin Azərbaycanı qeyri-neft sahələrində də qabaqcıl ölkələr sırasına çıxarmasından ötrü qətiyyətli addımlar atması üçün bundan əlverişli zaman olmayacaq.
 
Tale Heydərov,
Avropa Azərbaycan Məktəbi, “TEAS PRESS” Nəşriyyat Evi və “Libraff” kitab mağazalarının təsisçisi
Link kopyalandı!
Son xəbərlər