Bizi sosial şəbəkələrdən izləyin:
Marketinq müasir dövrün ən vacib və dinamik sahələrindən biridir. Təəssüf ki, ölkəmizdə marketinqin inkişafı bəzi çətinliklərlə üzləşir. Həm beynəlxalq təcrübə, həm də yerli bazarın tələbləri, həmçinin sosial və iqtisadi amillər bu sahənin sürətli inkişafını çətinləşdirir. Yeniliklərə və dəyişikliklərə uyğunlaşmaq bəzən kifayət qədər çətin olur. Buna görə də marketinqin daha da inkişaf etməsi üçün bu sahədəki inkişafın qarşısındakı maneələri aşmaq vacibdir.
Moderator.az-a danışan marketoloq Marat Namazov Azərbaycanda marketinqin inkişafına mane olan bir çox səbəbləri sadalayıb.
Marketoloqun fikirincə, marketinqin inkişafına mane olan əsas səbəb şirkətlərin marketinqə yetərincə dəyər verməməsidir:
“Bunun da başlıca səbəbi marketinqin işinin əslində nədən ibarət olduğunu bilməmələridir. Bir çox yerli şirkətlər elə başa düşür ki, marketinq sadəcə sosial media paylaşımlarından ibarətdir. Marketinqə kifayət qədər büdcə ayırmırlar və buna bir xərc olaraq yanaşırlar. Halbuki, doğru marketinqə ayrılan büdcə xərc yox, investisiyadır. Rəhbərlik marketinqin uzunmüddətli təsirlərini dərk etmir və ani nəticə gözləyir. Bundan əlavə, təcrübəli marketoloqların sayı azdır, çünki bazar hələ tam inkişaf etməyib. Bu səbəbdən də marketinq sahəsində akademik təhsil və praktiki biliklər arasında böyük uçurum var. Xaricdə təhsil almış və ya təcrübə qazanmış peşəkarlar üçün yerli bazar yetərincə cəlbedici deyil. Başqa bir səbəb bəzi sahələrin rəqabətsiz olmasıdır və rəqabət olmadığı üçün marketinqə ehtiyac duyulmur. Bu tip şirkətlər daha çox dövlət sifarişlərinə və tanışlığa əsaslanaraq işləyir, bu da marketinqə ehtiyacı azaldır. Bəzi hallarda istehlakçı davranışlarının düzgün analiz edilməməsi, müştəri məmnuniyyəti və bazar araşdırmalarının yetərincə aparılmaması, şirkətlərin müştəri ehtiyaclarını deyil, sadəcə öz məhsullarını tanıtmağa fokuslanması, doğru atılmayan addımlar sahənin inkişafını geri salır. Müstəqillik əldə etməyimizdən çox qısa zaman keçdiyi üçün yerli brendlərin inkişafı da ləngiyir. İstehlakçılar yerli brendlərə yox, xarici brendlərə üstünlük verirlər. Yerli brendlərdə isə markalaşma strategiyası zəif qurulur və emosional bağ yaratmaqda çətinlik çəkirlər”.
Marketoloq hesab edir ki, problem varsa, təbii ki, onun həlli də var. Həll yolu olaraq şirkət rəhbərləri marketinqin əhəmiyyətini başa düşməli və bu sahəyə daha çox investisiya qoymalıdırlar:
“ Yerli brendlərin tanınması və inkişafı üçün dövlət və özəl sektor birgə təşəbbüslər yaratmalıdır. Dijital marketinqin potensialı maksimum istifadə olunmalı, müştəri analitikası və data-driven strategiyalar tətbiq edilməlidir”.
Mehin Mehmanqızı