“Anam 31 ildir itkin oğlunun yolunu gözləyir, şəhid qardaşımın qalıqları tapılmayıb”- FOTO
Cəmiyyət
1477
08:55, Bu gün

“Anam 31 ildir itkin oğlunun yolunu gözləyir, şəhid qardaşımın qalıqları tapılmayıb”- FOTO

“Qardaşım Nəzərov Qəhrəman 1973-cü il mayın 6-da Bakı şəhərində anadan olub. 1993-cü ilin aprelində Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə yollanıb. O zaman torpaqlarımızın 20 faizi mənfur düşmən tapdağı altında idi. Vətən darda idi. Qusar rayonunda hərbi xidmət keçərkən xüsusi təyinatlılara yazılıb. Həmin iin oktyabrında təlim keçmək üçün Bakıya, Şubandağındakı hərbi hissəyə gətirilib. 1994-cü ilin yanvarın 24-də Bakıdan Ağdərəyə yollanıb. Füzuli, Tərtər bölgəsindəki döyüşlərdə iştirak edib. Yanvarın 29-da gecə Tərtər rayonunun Gödəkburun yüksəkliyi uğrunda döyüşə girmiş, 1 yüksəkliyi alıblar. 2-ci daha böyük yüksəklik uğrunda gedən döyüşlərdə itkin düşüb. 31 ildir ondan heç bir xəbər yoxdur. Bu gün anım günüdür. Bir neçə il öncə yaşadığı evin önündə xatirə bulağı abidəsini inşa etdirdik. Hər doğum və anım günündə gül dəstələrini ora düzürük. Məzarı olmasa da yəqin ki, ruhu bizimlədir”
Bunu Moderator.az-a açıqlamasında şəhidin bacısı Suğra Vəliyeva deyib. O daha sonra əlavə edib:
 
“Qardaşımın itkin xəbəri həmin ilin martın 6-da gəldi. Bu xəbər hamımızı sarsıtdı. Əşya itər, insan itməz deyə rəhmətlik atam bütün cəbhəboyu hərbi hissələri gəzdi, xəstəxanaları axtardı, soraqladılar, lakin heç bir xəbər çıxmadı. Qardaşımla sonuncu görüşümüz Şubandağda oldu. Orada xəbər tutmuşduq ki, səhəri gün döyüşə gedəcəklər. Getdik görüşdük. Nə biləydik ki, bu bizim sonuncu görüşümüz olacaq? Kaş qardaşımı daha bərk-bərk bağrıma basa biləydim. Kaş.. (kövrəlir).
1997-ci ildə qardaşıma şəhidlik statusu verdilər. 31 ildir yol gözləyirik. Ümüd sonda ölür. Hər-hansı xəbəri gəlirsə gəlsin. Təki ondan bir xəbər desinlər. Sağ olsaydı ondan soruşardım, deyərdim ki, sən vətəni seçdin, ananı unutdun. İnsafdırmı? Bu qədər gözümüzü yollarda qoydun! Atam bu dünyadan nisgilli, balasından nigaran köçdü! Anam sağdır. Hələ də oğlunun yolunu gözləyir. Allah onun ömrünə bərəkət versin ki, balasının bir xəbərini eşitsin. Ən azından balasının məzarını görə bilsin.
Əlbəttə ki, arzumuzdur ki, qardaşımın yeri bəlli olsun, aşkara çıxsın. Hazırda işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanıb. O məzarlardan tapılan qalıqlardan nümunə götürülür, eyniləşdirmə prosesi gedir. Çox ümüd edirik ki, tez bir zamanda bizim də qardaşımızdan bir xəbər gələr. Ən azından üstündə ağlamağa məzarı olar.
Sözsüz ki, onların məzarı hər birimizin qəlbimizdədir, əbədidir. Şəhidlər ölməzdirlər, qəhrəmanlar unudulmur. Amma onlar qayıdan torpaqların qayıtmayan övladları oldular. Hazırda 4 minə yaxın itkin var. Tək təsəllim odur ki, mən tək deyiləm. Mənim kimi yol gözləyən bacılar, itkin ailələri var. Allah tez bir zamanda bizi arzumuza çatdırsın, tezliklə taleləri aydınlaşsın. Qardaşımın, məzarsız qəhrəmanımın, yarımçıq qalmış ömür yolu ürəyi vətən eşqi ilə döyünən hər bir gəncə nümunə olmalıdır” deyə itkin düşən şəhidin bacısı Suğra Vəliyeva deyib.
Link kopyalandı!
Son xəbərlər