Bizi sosial şəbəkələrdən izləyin:
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova motal pendirinin anti-sanitar şəraitdə hazırlanması, yarada biləcəyi xəstəliklər barədə narahatlıqlara münasibət bildirib.
M.Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, motal pendiri digərlərindən fərqli olaraq təbii şəraitdə hazırlanmasına, əl əməyindən istifadə olunmasına və dadına görə daha məhşurdur:
“Nəzərə almaq lazımdır ki, motal pendiri və bir çox pendirlər ənənəvi olaraq uzun illərdir, Azərbaycanda və Azərbaycana qonşu olan bir çox ölkələrdə hazırlanır. Lakin motal pendirinin hazırlanmasında və istehsalında bir çox məqamlara diqqət olunmazsa, sağlamlıq üçün risklər ortaya çıxa bilər. Çünki pendir zülal mənşəli olan süddən hazırlanır. Burada da əsas diqqət edəcəyimiz məqam xammalın keyfiyyətli olması, baytar nəzarətindən keçmiş, xəstə olmayan heyvanın südündən hazırlanmasıdır. Hazırlanma prosesində isə sanitar və gigiyena şəraitinə əməl edilməsi, südün keyfiyyəti, pozulmaması, hazırlıq prosesində təmizlik və steril qaydalara əməl edilməsi ən önəmli faktorlardan biridir. Əks halda, qeyri-sanitar vəziyyətdə hazırlanan pendir, xüsusilə, motal pendiri, eyni zamanda həmin pendiri hazırlayan şəxsin hazırlanma prosesində sağlamlıq cəhətdən tibbi nəzarətdən keçməməsi, sanitar qaydalara əməl etməməsi pendirin keyfiyyətsiz olması ilə yanaşı, qida zəhərlənməsinə, eyni zamanda pendirdən insan orqanizminə müxtəlif infeksiyaların keçməsinə gətirib çıxara bilər. Çünki bir çox patogen bakteriyalar, mikroorqanizmlər məhz heyvan mənşəli qidaların tərkibində olur. Temperatur rejimi, hazırlanma və saxlama şəraiti uyğun olmadıqda həmin mikroorqanizmlər sürətlə çoxalır. Belə olan halda isə insan orqanizminə zərər verə bilər”.
Mütəxəssis tövsiyə edib ki, istehlakçılar motal pendiri və bu kimi məhsulları alarkən mənşəyi bəlli olan yerdən alsınlar: “Xüsusilə, istehsal tarixinə, son istifadə müddətinə, tərkibinə, keyfiyyətinə dair sertifikatın olub-olmamasına diqqət etsinlər. Bu kimi məhsulları mənşəyi bəlli olan yerdən almaq lazımdır. Çünki kəndlərdə və ya ev şəraitində hazırlanan pendirlərin, mənşəyi bəlli olmayan bu kimi məhsulların keyfiyyətinə və sağlamlığına zəmanət vermək çətin ola bilər. Xüsusilə, təmizliyə riayət edilmədən hazırlanan məhsullarda bu, özünü daha çox göstərir. Ancaq sənaye üsulu ilə emal olunan pendirlər və digər süd məhsulları daha çox nəzarət altında, qaydalara əməl olunaraq hazırlandığına görə sağlamlıq qaydalarına, standartlara cavab verir”.