Xəbər verdiyimiz kimi Böyük Britaniyada ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib.
Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palata) sağ populist Böyük Britaniyanın Reform Partiyasından üzvü Rupert Lou, Southportda üç qızın səs-küylü qətlindən sonra ölkədə ölüm hökmünün qaytarılması imkanının nəzərdən keçirilməsini təklif edib.
“Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirənin vaxtı çatıb. Bu, müstəsna haldır”, - deputat X-də yazıb.
Məlumat üçün bildirək ki, Britaniya 1998-ci ildə insan hüquqlarına dair qanunvericiliyin tətbiqindən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə qarşı tətbiq edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən dərhal sonra federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb.
Azərbaycanda da ölüm cəzası bərpa oluna bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, buna qədər ABŞ-ın 18 ştatında ölüm hökmü icra olunurdu:
“Trampın imzaladığı fərmana görə ABŞ Baş Prokurorluğu qanuna uyğun olaraq xüsusilə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb etməlidir. Böyük Britaniyada isə ölüm hökmünün ləğvi ilə bağlı hələlik çağırışlar var. Təbii ki, hər bir dövlət öz vətəndaşlarının təhlükəsizliyi, həm də cinayətlərin azaldılması ilə bağlı müəyyən addımlar ata bilər.
Azərbaycanın Avropa Şurasına üzv olması üçün öhdəliklərdən biri də bu idi ki, Azərbaycanda ölüm hökmü ləğv edilsin.
Bundan əlavə, Azərbaycanın cinayət qanunvericiliyində xeyli dəyişikliklər oldu. Həmçinin digər qanunvericiliklərdə müvafiq dəyişikliklər edildi. Biz bu dəyişiklikləri etdik və hazırda Azərbaycanda ölüm hökmü tətbiq edilmir. Amma Qərbdən gələn bu mesajlardan sonra Azərbaycan ölüm hökmünü ləğv edibsə, o zaman Qərbin yeni təşəbbüsləri anlaşılan deyil.
Bu mənada Azərbaycan qanunvericiliyi ilə də gələcəkdə bu məsələnin tənzimlənməsi məqsədi ilə yeni layihələrin ortaya çıxacağına və ölüm hökmünün tətbiqinin hansısa formada dəyişəcəyini ehtimal etmək olar”.