Bizi sosial şəbəkələrdən izləyin:
İş adamı Tahir Əliyevə məxsus “Koroğlu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Moderator.az Tribunainfo.az-a istinadla xəbər verir ki, “Koroglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Koroğlu” MMC ilə bağlı işə bu gün – 27 yanvar tarixində Sabunçu rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Koroğlu” MMC şirkətinin rəhbəri adı tez-tez qalmaqallarda hallanan iş adamı Tahir Əliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.