Bizi sosial şəbəkələrdən izləyin:
Cərimələrin ödənilməməsi hallarında Dövlət Yol Polisi (DYP) bir sıra qanuni tədbirlər həyata keçirir.
Moderator.az xəbər verir ki, əsas məqsəd cərimələrin vaxtında ödənilməsini təmin etməklə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsinə təşviq etməkdir.
Cərimələrin ödənilmədiyi hallarda hansı tədbirlər görülür? Gecikdirilən cərimələrə əlavə ödənişlər və ya faizlər tətbiq olunurmu?
Bu suala cavab tapmaq üçün baku.ws Bakı Şəhər DYP İdarəsinə müraciət edib. İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır:
"Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.
Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir".