İşsizlərin nəzərinə!
Cəmiyyət
1178
26 Jan 2025 | 16:43

İşsizlərin nəzərinə!

Əvvəllər hər hansısa bir ixtisasa yiyələnmək istəyən şəxslər müxtəlif peşə kurslarına yazılır, bunun üçün aylıq ödəniş edirdilər. Lakin bu kursları bitirdikdən sonra onları heç kim işlə təmin etmirdi. İndi isə dövlət tərəfindən həm işsizlər üçün, həm də ixtisasını başqa istiqamətdə davam etdirmək istəyənlər üçün yeni imkanlar mövcuddur. Belə ki, həm hər hansı bir peşə üzrə dərs alırsınız, həm bunun üçün siz yox, sizə ödəniş edilir, həm də işlə təmin olunursunuz.

Bəs bu proses necə baş verir?

Bu barədə daha ətraflı Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı Metbuat.az-a danışıb.

O bildirib ki, peşə hazırlığı Dövlət Məşğulluq Agentliyinin işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun olaraq yeni bir ixtisasa yiyələnməsi üçün təşkil olunmuş fəaliyyət istiqamətlərindən biridir:

"Peşə hazırlığına müraciət ilk növbədə vətəndaşın məşğulluq filialında və yaxud DOST mərkəzlərində qeydiyyatdan keçməsi ilə başlayır. Yəni vətəndaş məşğulluq sistemində qeydiyyatda deyilsə, DOST mərkəzinə, yaxud yaşadığı ərazi üzrə regional məşğulluq filialına yaxınlaşır və orada işsiz şəxs kimi qeydiyyata alınır. Daha sonra onun məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsində peşə hazırlığı vətəndaş üçün doğru tədbir kimi müəyyənləşərsə, bizim karyera məsləhətçilərimiz tərəfindən onun peşə seçiminə köməklik göstərilir. Yəni ki, şəxsin bilik və bacarıqları hansı ixtisas üzrə peşə kursuna cəlb olunmaq üçün müəyyənləşdirilir, daha sonra vətəndaş həmin kurs üzrə qeydiyyata alınır".

Qurum rəsmisi bildirib ki, vətəndaş bir və ya bir neçə kurs seçə bilər:

"Biz peşə hazırlığı kursunun təşkili zamanı işəgötürənlər və tədris müəssisələri ilə əməkdaşlıq edirik və şəxsin məlumatları onun peşə kursunu həyata keçiriləcək tədris müəssisəsinə göndərilir, şəxslə müsahibə mərhələsi təşkil edilir. Müsahibə mərhələsini uğurla keçən şəxslər artıq kurslara cəlb olunurlar. Kursların müddəti peşədən asılı olaraq 1-6 ay arasında dəyişir. Peşə hazırlığı keçdiyi dövrdə vətəndaşlara təqaüd ödənilir".

Ə.Nəcməddinqızı qeyd edib ki, peşə hazırlıq kursunu müvəffəqiyyətlə bitirən şəxslər sonda qiymətləndirmə imtahanı verirlər:

"Qiymətləndirmə imtahanını da uğurla başa vuran vətəndaşların yiyələndikləri peşə istiqaməti üzrə işlə təmin olunmalarına dəstək göstərilir. Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən 175 peşə ixtisası üzrə tədris həyata keçirilir. Peşələrin olduğu siyahıdan vətəndaşlar seçim edə bilirlər. Təbii ki, burada doğru seçimin edilməsi və həmin peşənin vətəndaşa uyğun olması çox vacibdir. Ümumilikdə qeyd edim ki, peşə hazırlığı bir neçə mərhələdən ibarət olur. Biz bunu nəzəri və praktiki hissə olaraq bölə bilərik. İlk olaraq şəxslər nəzəri biliklərə yiyələnirlər, daha sonra tədris müəssisəsinin və yaxud da işəgötürənin istehsalat bazasında təcrübə keçirlər".

Peşə tədrisi həyata keçirilən 175 peşə-ixtisas sahəsinin siyahısına buradan keçid edə bilərsiniz./ Metbuat.az

Link kopyalandı!
Son xəbərlər