“Qədir Rüstəmov etirazla deyib ki, əgər papağımı çıxarmağımızı istəyirsizsə durub gedirəm” - FOTO
Ekskluziv
2151
26 Jan 2025 | 08:40

“Qədir Rüstəmov etirazla deyib ki, əgər papağımı çıxarmağımızı istəyirsizsə durub gedirəm” - FOTO

“Çox şükürlər olsun ki, artıq Qarabağdakı torpaqlarımızı işğaldan azad etmişik. Mən torpağıma, elimə bağlı bir insanam. Ağdam işğal altında olanda mən oranın iyini, nəfəsini mərhum xanəndəmiz Qədir Rüstəmovdan alırdım. Ağdam yadıma düşəndə tez-tez Qədir müəllimə zəng edirdim. Deyirdim ki, Ağdam yadıma düşmüşdü, ora üçün darıxıb deyə sizə zəng etdim. Kaş indi Qədir müəllim sağ olardı, ona yenə də zəng edib deyərdim ki, Qədir müəlim Ağdamda necəsiz? Çox heyf ki, o bu günləri görmədi” 
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib:
 
“Ağdam teatrının qarşısı böyük bir meydan idi. Toya gedən musiqiçilər orada durub pulu bölürdülər. Hər musiqiçi dəstəsində söz-söhbət olurdu. Amma yeganə sənətkar o idi ki, onun dəstəsində söz-söhbət olmazdı. Çünki pula həris deyildi. Gözü də, könlü də tox idi. Qazandığı puldan, şöhrətdən heç vaxt başı gicəllənmədi. Necə var idisə elə idi. Hər bir oxuyanın ifasında bu kişinin boğazı var. Bu mütləqdir. Qədir Rüstəmovun mənim yaradıcılğımda böyük bir izi var. Bir dəfə toylardan birində “Mirzəhüseyn” segahı oxudum. Sonra gəlib oturdum yanında. Mənə dedi ki, sənin oxumağın da özün kimi qeyrətlidir. Zarafat da edirdi bizimlə. Deyirdi ki, ay qız, bir az özünə əl gəzdir, saç düzümünü falan dəyiş. İllər sonra görüşəndə dedim ki, Qədir müəllim, indi xoşunuza gəlirəm? Dedi ki, hə indi babatlaşmısan (gülür). Bu insanın ürəyi həqiqətən də bir başqa idi. Böyük qardaşlıq edirdi mənə və bütün oxuyan xanımlara” deyə sənətkar bildirib.
 
Sevinc Sarıyeva Qədir Rüstəmovla bağlı maraqlı bir faktı da bizimlə bölüşüb:
 
“Bir dəfə Beynəlxalq Muğam Mərkəzinə gedib. Başında da papaq olub. Deyiblər ki, olarmı zəhmət olmasa papağınızı çıxarasız?. Deyib ki, kişinin papağı başında olar. Deyiblər ki, televiziya çəkir, daha səliqəli düşməyinizi istəyirik. Ordakı adamlara deyib ki, istəyirsiz qayıdıb gedim? Güc-bəla ilə onu orada saxlayıblar. Heç vaxt kiminsə qarşısında əyilməyib. Lazım olan yerdə öz sözünü deyirdi. Sözü elə deyirdi ki, artıq ikinci kəlməyə ehtiyac qalmırdı. Sərbəstliyinə, rahatlığına düşkün idi” deyə o bildirib.
 
Link kopyalandı!
Son xəbərlər