“Hər kukla aktyorun boyuna uyğunlaşdırılır”-Kukla teatrının kuklaları necə hazırlanır?-FOTOREPORTAJ
Cəmiyyət
1572
26 Jan 2025 | 01:02

“Hər kukla aktyorun boyuna uyğunlaşdırılır”-Kukla teatrının kuklaları necə hazırlanır?-FOTOREPORTAJ

“Kukla sənəti kənardan nə qədər bəsit görünsə də, bir o qədər də maraqlı və çətin bir işdir. Bu işi böyük sevgi ilə görməlisən. Sevgisiz qeyri-mümkündür. Bizim ən böyük tənqidçimiz, tamaşaçımız uşaqlardır. Uşaqların da diqqətindən yayınmaq qeyri-mümkündür. Ona görə də kuklanın üzərində o qədər işləməlisən ki, uşaqlar onu qəbul etsinlər. Kollektiv olaraq bu əziyyətləri ona görə çəkirik ki, tamaşaçıların qarşısına yeni işlərlə çıxaq. Artıq 20 ildir ki, Kukla teatrının baş rəssamı vəzifəsində çalışıram. Həm də biz buna çalışırıq ki, uşaqlar üçün hazırladığımız kuklalarda müasirlik itməsin. Bizdə bütün əşyalar danışa bilir. Digər teatrlarda bu yoxdur. Bizim aktyorlarımız yalnız tamaşanın sonunda səhnəyə çıxırlar. Qaranlıq məkanda aktyor tamamilə itir, yalnız işıq altında kukla görünür”
 
Bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev deyib. O daha sonra əlavə edib:
 
“Öncə bədii şurada pyes təsdiqlənir. Sonra rəssamla rejissorun işbirliyi başlayır, eskizlər hazır olur. Eskizlər yenidən bədii şuraya təqdim olunur. Onlar da təsdiqləyəndən sonra artıq işlərə başlayırıq. Tamaşanı yaradıcı heyətdən ilk görən heykəltəraş olur. Kuklalar popeymaşadan hazırlanır. Ən qədim tamaşalarımız "Göyçək Fatma" və "Cik-Cik"dir. Göyçək Fatmanın təxminən 30-dan çox yaşı var. Kukla üç-dörd dəfə təmir olunub. Heykəltəraş kuklaların baş hissələrini hazırladıqdan sonra artıq dərzilər, rəssamlar işə qoşulur. Dərzilər, rəssamlar kuklaların bədən hissələrindəki geyimlərini hazırlayırlar. Kuklaların üzərində rəng işini görürlər. Bunlar da hazır olandan sonra güzgülü otaqda aktyorlarımız kuklalarla məşq edirlər. Plastikasını necə olmalıdır? Səs necə tənzimlənməlidir? Bunu artıq aktyorlar bilir. Kukla oynatmaq çətindir. Hər kukla aktyorun bədən ölçülərinə, boyuna görə uyğunlaşır. Çünki aktyor həm özü oynayır, həm də səsi, plastikanı kuklaya köçürür. Bu baxımdan da bir az uzun iş prossesidir. 1 tamaşanı 3 aya hazırlamalıyıq, amma biz 3 aya 3 tamaşa təhvil verə bilirik. Hamısı da bir-birindən maraqlı. Bəzən səhvlər də olur.. Məsələn, kukla hazırlanıb, səhv olub, ya ağzı açılmayıb, ya gözü.. Buna sonradan düzəliş olunur. Bizim teatrdakı kuklaların istismar müddəti başa çatdıqda, həmin tamaşalar repertuardan çıxarılır. Son olaraq onu deyim ki, hazırda teatrda yeni bir tamaşa üzərində işləyirik. Bu bitəndən sonra “Sirli dovşan” tamaşasının kuklalarını hazırlayacağıq” deyə rəssam bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər