Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycan gənclərini çox sevirəm və onların gələcəyini xoşbəxt görmək istəyirəm. Çox istəyirəm ki, zəng edib məndən məsləhətlər alsınlar. Amma çox azdır zəng edən. Çox nadir hallarda zəng edib soruşurlar. Bu ayıb deyil ki? Bilməyib səhv etməyi hardasa bağışlamaq olar. Amma zəng edib maraqlanmaq lazımdır. Biz də zamanında özümüzdən böyük diktorlardan, aparıcılardan soruşmuşuq. Utanmamışıq. Tamaşaçı qarşısına hazırlıqlı çıxmaq lazımdır”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra bildirib ki, əksər aparıcılar vurğuları düzgün tələffüz etmirlər:
“Mən kitab qoymuşam da. Çox yaxşı bir kitabdır, qeydlərim də var. Orada gənclərə göstərmişəm ki, vurğunu necə düzgün vurmaq lazımdır? Orada rus sözləri, məşhur insanların adları, soyadları var. Kitaba baxıb vurğunu düzgün vurmaq lazımdır. Səhv olmasın, biyabırçılıq olar. Deyərlər ki, savadsızdırlar, tanımırlar. Amma əksəriyyət vurğuları səhv vurur. Çox əsəbləşirəm. Elə əsəbi vaxtıma düşür ki, bəzən söyürəm də. Özümdən asılı deyil. Öz-özümə deyirəm ki, niyə kitaba baxmırsız?” deyə diktor bildirib.