"UNİSEF üçün Qəzzadakı uşaqlar Ukraynadakı uşaqlardan daha az əhəmiyyətlidir..."
Qəzza bölgəsində müharibə Qərbin insan hüquqlarını müdafiə məsələsindəki həqiqi yanaşmasını üzə çıxaran lakmus kağızına çevrilib.
Moderator.az xəbər verir ki, bu bəyanatla Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın təşəbbüsü ilə Qəzza bölgəsində uşaqların vəziyyəti ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
"Diqqətəlayiqdir ki, insan hüquqlarının müdafiəçiləri kimi təqdim olunmağı sevən avropalılar Qəzzada uşaqları öldürənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış etmir. Üstəlik, onların bir çoxu İsrailə silah tədarükünü belə dayandırmayıb", - rusiyalı nümayəndə bildirib.
Nebenzya hesab edir ki, Qəzzadakı müharibə "təkcə uşaqların və böyüklərin fərdi talelərini məhv etməyib, həm də cəmiyyətin özəyini parçalayıb və iki xalqın həqiqətən sülh şəraitində birgəyaşayışına başlamağı qeyri-müəyyən müddətə təxirə salıb".
O, həmçinin BMT-nin Uşaq Fondunun (UNİSEF) icraçı direktoru Ketrin Rasselin Qəzzada on minlərlə uşağın həlak olması ilə bağlı dəhşətli faciə barədə Təhlükəsizlik Şurasına məruzəçi kimi çıxış etməkdən imtina etməsinə qəzəblənib.
"Bu, ciddi qınanmağa layiq olan bir addımdır. Biz yaxın vaxtlarda BMT-nin baş katibinə ünvanlanan məktub hazırlayacağıq və o, gələcəkdə belə iyrənc vəziyyətlərin baş verməməsi üçün tədbir görməlidir", - Nebenzya vurğulayıb.
O, həmçinin Rasseli tənqid edərək qeyd edib ki, o, ötən il dekabrın 4-də Təhlükəsizlik Şurasının amerikalı sədrliyinin tələbi ilə Ukraynada uşaqlarla bağlı vəziyyətə dair siyasi məqsədlərlə keçirilən brifinqə dərhal qatılıb.
"Belə çıxır ki, UNİSEF üçün Qəzzadakı uşaqlar Ukraynadakı uşaqlardan daha az əhəmiyyətlidir. Əks halda UNİSEF-in Təhlükəsizlik Şurasına onların vəziyyəti haqqında məlumat verməyi lazım bilməməsini izah etmək çətindir. Halbuki bu, təşkilatın birbaşa mandatına daxildir. Xanım Rassel bu vəziyyətdə BMT-nin qərəzsiz əməkdaşı kimi deyil, ABŞ vətəndaşı kimi hərəkət edib", - Nebenzya əlavə edib.
Rusiyanın daimi nümayəndəsi İsraili də sərt tənqid edib. Onun sözlərinə görə, İsrailin BMT-nin Fələstinli qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin ölkə ərazisində fəaliyyətini qadağan etməsi "beynəlxalq hüququn pozulması ilə yanaşı, İsrailin BMT-yə qəbul olunarkən qəbul etdiyi şərtlərə ziddir".
Nebenzya bildirib ki, Agentliyin fəaliyyətinin dayandırılması "ilk növbədə uşaqlar olmaqla, ən həssas əhali qrupları üçün fəlakətli nəticələrə gətirib çıxaracaq".