İmtahanların keçirilmə vaxtı geri çəkilə bilər? - Mümkün olmayan detallar
Cəmiyyət
682
23 Jan 2025 | 16:35

İmtahanların keçirilmə vaxtı geri çəkilə bilər? - Mümkün olmayan detallar

İki həftə əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə keçiriləcək buraxılış, eləcə də digər imtahanların qrafiki elan edildi.
 
Qeyd edək ki, qrafikə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.
 
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.
 
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
 
İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
 
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.
 
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq.
 
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.
 
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat  isə aprel – may aylarında aparılacaq.
 
İmtahan qrafiklərinin elanından sonra abituriyentlər başda olmaqla, onların valideyn və müəllimlərində ciddi narahatlıq yaranıb. Əksəriyyət builki imtahanların ötənildəkilərdən daha tez başlandığını və bunun da öz növbəsində nəticələrə mənfi təsir göstərəcəyini narazılıq elementi kimi qeyd edir. Artıq iki həftədir ki, sosial şəbəkələrdə, müxtəlif onlayn resurslarda, eləcə də abituriyent-müəllim cameəsində bu amil ciddi nigaranlıq faktoru kimi hallandırılır. Əvvəlcə onu deyək ki, XI siniflər üçün buraxılış imtahanlarının keçirilmə tarixi ötən illərlə müqayisədə nisbətən irəli çəkilsə də, fərq o qədər də kəskin şəkildə deyildir. Doğrudur, 2-9 Mart aralığı abituriyentlərin hazırlıq  qrafiki ilə tam uyuşmasa da, imtahanların o tarixə salınmasının da müəyyən əsası var. 
 
Fikrimizi bir neçə detalla izah etməyə çalışaq: birincisi, diqqət etdinizsə, IX siniflər üçün buraxılış imtahanlarının keçirilmə tarixi ilə XI siniflərin buraxılış imtahanları arasında bir xeyli zaman aralığı var. Çünki IX siniflərdən fərqli olaraq, XI-lər buraxılışdan sonra əlavə iki imtahana cəlb olunmalıdırlar. Onlar üçün buraxılış və blok imtahanları arasında nisbətən uyğun zaman məsafəsinin qoyuluşu baxımından bu qərarı məntiqli hesab etmək olar.
 
İkincisi, keçirilmə tarixi hələ məlum olmayan blok imtahanları və onların arasındakı düzənli intervalın təmini. Bilirik ki, bizdə qəbul imtahan modeli iki hissəyə bölünür: birinci mərhələdə maksimum 300 ballıq göstərici ilə qiymətləndirilən buraxılış, ikinci mərhələdə isə maksimum 400 balla ölçülən blok imtahanları. Birinci mərhələ-buraxılış imtahanları yalnız bir dəfə təşkil edilsə də,  blok imtahanları DİM tərəfindən iki cəhd əsasında keçirilir. Yəni, yaz aylarına təsadüf edən birinci cəhd blok imtahanları ilə yanaşı, yay aylarında da əlavə fürsət kimi dəyərləndirilən ikinci cəhd blok imtahanı da keçirilir. Lakin ikinci cəhd icbari yox, könüllüdür, birinci cəhd blok imtahanında topladığı nəticəni daha da yaxşılaşdırmaq istəyənlər 40 manat əlavə ödəniş etməklə ikinci cəhddə də fürsətdən yararlana bilərlər. Bu arada, xüsusi olaraq qeyd edək ki, birinci cəhd üçün heç bir ödəniş tələb edilmir. 
 
Məsələnin də əsas nöqtəsi məhz budur: ikinci cəhd blok imtahanında uğurlu nəticə qazanmaq üçün mütləq mənada bir addım atılmalıdır: birinci cəhd blok imtahanı arasında daha çox zaman intervalı tətbiq edilməlidir. Bunu tətbiq etmək üçün isə avtomatik surətdə buraxılış imtahanlarının da keçirilmə tarixi ön plana çəkilir. Bu səbəbdən də abituriyentlərimiz və onların valideynləri, həmçinin müəllimlərin 2-9 Mart aralığı ilə bağlı narahatlığına çox da gərək yoxdu. Bu məsələdə onları haqlı çıxaran əsas səbəb isə tədris proqramının həmin tarixə qədər tam keçirilməməsidir.  Bunu yalnız məcburi hal kimi qəbul etməli və fərdi hazırlıq proqramına əsasən həmin mövzuların da tədrisini sürətləndirmək mümkündür. İnanırıq ki, gələcəkdə rəsmi qaydada tədris proqramına ediləcək dəyişikliklər buraxılış və blok imtahanlarının keçirilmə vaxtları ilə tam uyğunluq təşkil edəcəkdir. 
 
Buraxılış imtahanlarının 2-9 Mart aralığında tədrisinin hələ başqa üstünlükləri də var. Abituriyentlər bizimlə ilk baxışdan razı olmasalar da, hətta “burada nə üstünlük ola bilər ki?” sualını ilk andaca beyinlərində yaratmış olsalar da,  biz vacib bir detalı mütləq vurğulamalıyıq. Bu, bütün imtahanlar keçirildikdən sonra tətbiq olunan universitetlərə ixtisas seçimi müsabiqəsidir. Məsələn, ötən il 9-19 avqust aralığında keçirilən bu müsabiqənin nəticələri cəmi bircə həftə ərzində açıqlansa da, abituriyentlərdə,  valideynlərdə ciddi narahatlıq yaradırdı. Hər gecikən gün onların xüsusi nigaranlığına səbəb olurdu ki, bu da başa düşüləndir. Çünki hər gecikən gün tələbə adını qazanacaq on minlərlə abituriyent üçün itirilmiş gün hesab olunur, onların narahatlığını daha da artırmış olurdu. Çünki tələbə adını qazandıqdan sonra daxil olduqları universitetə qeydiyyat, sənədləşmələrdə bağlı müəyyən elektron proseduralar, həmçinin regionlarda yaşayanların ev, yataqxana təminin təşkili məsələləri də öz növbəsində gecikmiş olurdu. Buna görə də buraxılış imtahanlarının daha tez zamanda təşkili məntiqi ardıcıllığın həlqələri olaraq ixtisas seçimi və onun nəticələrinin açıqlanması, eləcə də digər sənədləşmə prosesini, individual məsələləri tezləşdirəcək.
 
Odur ki, abituriyent və valideynləri qətiyyən narahat olmamağa çağırır, onlara uğur arzu edirik.
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı 
Link kopyalandı!
Son xəbərlər