Kişi müəllimləri məktəbə necə cəlb edək?-Maaşlarına əlavələr və əlavə addımlar
Cəmiyyət
750
19:42, Bu gün

Kişi müəllimləri məktəbə necə cəlb edək?-Maaşlarına əlavələr və əlavə addımlar

Kişi müəllim-qlobal problem kimi
 
Məktəblərdə kişi müəllimlərin sayının qadınlara nisbətdə azlığı demək olar ki, dünyanın bütün ölkələrində rast gəlinən haldır. Yalnız bir neçə ölkədə biz bunun tək əksini görə bilərik. Məktəblərində qadın müəllimlərin kişilərlə müqayisədə  daha çox olduğu ölkələr arasında İtaliya, Polşa, Bolqarıstan, Yunanıstan, Latviya, Litvanı və s. misal göstərmək olar. Adıçəkilən ölkələrdə qadın müəllimlərin kişi müəllimlərlə müqayisədə faiz nisbəti 80-82-dir. 
 
Qadın müəllimlərin kişi müəllimlərlə faiz nisbətinə görə ən yaxın olduğu ölkə isə Yaponiyadır. Burada demək olar ki, ölkə üzrə məktəbdaxili gender balansı tam bərabərdir. Hətta bəzi tədris müəssisələrində kişi müəllimlərin sayı xanım müəllimlərdən də çoxdur. Amma ən təəccüblüsü isə adıçəkilən ölkədə ibtidai təhsil mərhələsində kişi müəllimlərin sayının qadın müəllimlərdən daha çox olmasıdır. Doğrudur, bu gender nisbətini formalaşdırmaq üçün Yaponiyada dövlət tərəfindən xüsusi layihələr, stimullaşdırıcı addımlar həyata keçirilib. İbtidai təhsilə cəlb olunan kişi müəllimlərin maaşı xanımlara nisbətdə iki dəfəyə yaxın təyin edilib və onlara dövlət tərəfindən əlavə mənzillər verilib. Buna səbəb məktəblərdə kişi müəllimlərinin say nisbətini artırmaqla, uşaqlarda şəxsiyyət yönümlü formalaşma prosesi zamanı birtərəfli deyil, hər tərəfli inkişaf modelinin əsas götürülməsi olub. 
 
Azərbaycan məktəblərinə kişi müəllim azlığı
 
Azərbaycanda da bu istiqamətdə vəziyyət o qədər də ürəkaçan deyil. Məktəblərdə kişi müəllimlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Elm və Təhsil Nazirliyinin son statistikasından da məktəblərdə gender fərqinin kəskin şəkildə olduğu bəlli olub. Ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. Faiz nisbəti ilə götürdükdə orta ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərin cəmi 29 %-i kişi, yerdə qalan 71%-i qadındır. Bu dünya ölkələri ilə müqayisədə o qədər də kritik durum hesab edilmir. Çünki gender balansının kəskin səviyyədə pozulma göstəricisi qadınların 80%-dən yuxarı nisbətə sahibləndiyi zaman müəyyən edilir. Bizdə isə bu göstəriciyə hələ minimum 9%-lik həddin qaldığından, durumu çox ağır dəyərləndirmək olmaz. Amma unutmamalı olduğumuz çox vacib bir məsələ var: bu faiz göstəricisi həddindən artıq sürətli templə artmaqdadır. Vaxtilə xüsusən də regionlarda kişi müəllimlərin bir çox yerlərdə qadınları üstələdiyi bir ölkədə artıq 30 ilə yaxındır ki, gender balansı sürətli şəkildə qadınların xeyrinə dəyişməkdədir. Hazırda universitetlərin pedaqoji əsaslı ixtisaslarında təhsil alan tələbələrin isə 85%-i xanımlardan ibarətdir. Üstəlik, pedaqoji əsaslı ixtisaslarda təhsil alan oğlanların iş dünyasına atıldıqdan sonra əmək bazarında məktəbi deyil, digər müəssisələri seçmələri çox yaxın gələcəkdə bu göstəricinin 80%-lik nisbəti aşacağını göstərir. 
 
Bu fərq həm paytaxt, həm də bölgələrdə özünü göstərir. Belə ki, Bakıda fəaliyyət göstərən 33 min 312 müəllimin 2590 nəfəri kişi, 30 min 722 nəfəri isə qadındır. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir.
 
Məktəblərdə çalışan ibtidai sinif müəllimlərinin isə ümumiyyətlə, cəmi 1%-i kişilərdən ibarətdir. Durum o həddə çatıb ki, biz haradasa ibtidai sinif müəlliminin kişi olduğunu eşidəndə həddindən artıq təəccüblənir, bunun necə baş verdiyini maraq edirik. Halbuki sovet dövründə xüsusən də ibtidai siniflərdə kişi müəllimlərin sayı çoxluq təşkil edirdi. Sovet pedaqogikası tədris metodları ilə yanaşı, təlim prinsiplərinə də xüsusi önəm verdiyindən, uşaq yaşlarından etibarən şagirdlərdə xarakterin formalaşması, özünə nümunə kimi dəyərləndirilərək hər hansı kişi müəllimin uşaq nəzərində model kimi götürülməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və s. üçün kişi müəllimlərin kəmiyyət-keyfiyyət çoxluğuna xüsusi diqqət göstərirdi. 
 
Kişi müəllimlər nə üçün lazımdır?
 
Burada kişi müəllimlərin say azlığını problem kimi qabartmaqla qadın müəllimlərin məktəbdəki faydalı iş əmsalını, tədris keyfiyyət göstəricilərini azaltmaq fikrimiz qətiyyən yoxdur. Tədris prinsipləri, tədrisin keyfiyyət meyarlarına əsasən qadın və kişi arasında hər hansı fərqin olduğunu deyə bilmərik. Məsələn, məktəbdə Fizika fənninin, Tarix fənninin qadının deyil, məhz kişinin keçməsinin vacibliyini qətiyyən demək mümkün deyil. Bu, həm mənəvi, həm etik, həm də bioloji imkanlar baxımından yanlış olacaqdır. Biz yalnız məhz kişilərə xas olan xarakterik göstəricilərin məktəbdəki təlim mühitində daha çox var olması üçün bu statistikanın dəyişilməsini arzu edə bilərik. Çünki yaradılış qaydalarına əsasən qadının qadın,  kişinin də kişi keyfiyyətləri var ki, onların bir-birini əvəzləməsi qətiyyən uğurlu ola bilməz. Bugün məktəbdə sabahın həm də xarakterli insanı kimi formalaşmaq istəyən oğlan şagird özünə hər hansı kişi müəllimi kumir kimi götürə, onun hərəkətlərini, ətrafa, insanlara münasibətini özündə yansıda bilər. Kişi müəllimlərin azlığının yaratdığı əsas boşluq məhz budur. 
 
Digər boşluq isə liderlik keyfiyyətinin, kollektivdaxili idarəçilik bacarıqlarının sırf kişiyə xas tərəflərinin məktəbdən uzaq düşməsidir. Biz liderlik bacarığı kollektiv daxilində düzgün və sistemli idarəçilik keyfiyyəti yüksək səviyyədə olan xanımların haqqında girə bilmərik. Onların da sayı təbii ki, az deyil. Amma birbaşa yaradılış fitrəti ilə əlaqəli olan elə meyar və mexanizmlər var ki, biz onlarla ayaqlaşmaq məcburiyyətindəyik. Məktəbdə formalaşmaqda olan oğlan şagird bütün hallarda məhz kişi müəllimi özünə örnək kimi götürə biləcəkdir. 
 
Bəs nə etməli?
 
Ümumiyyətlə, yerli məktəblərdə kişi müəllimlərin sayının azlığı əsasən iki faktorla əlaqəlidir:
 
-Təhsil sahəsində əmək haqqı mexanizmi, müəllimlərin o qədər də yüksək maaş almayan zümrəyə daxil edilməsi;
-Pedaqogikanın getdikcə cəmiyyətdə sanki fərqli aspektdən dəyərləndirilməsi və onun əsasən qadın peşəsi olaraq düşünülməsi...Bu təbii ki, kökündən yanlış bir yanaşmadır, amma bu barədə az sonra.
 
Maaş məsələsinə gəlincə, bəli, uzun illər müəllimlik aşağı maaş alan ixtisaslar sırasında olub. Hazırda da bu problem davam edir. Müəllim peşəsində maaşların standart deyil, dərs saatlarının sayına görə müəyyən edilməsi məsələyə birtərəfli baxmağa imkan vermir. Amma bütün hallarda bu istiqamətdə artımın da olmadığını deyə bilmərik. Müəllimlərin sertifikatlaşdırılması prosesində on minlərlə müəllimin maaşı göstərdiyi nəticəyə uyğun olaraq 10 və ya 35% artıb.
 
Amma bir reallıq da var ki, kişi müəllimlərin məktəbdən uzaq düşmələrinin əsas səbəbi uzun illər məhz maaş azlığı ilə bağlı olub. Çünki Azərbaycan mental dəyərlərinə əsasən ailə başçısı statusunu özündə daşıyan kişi mütləq ev təsərrüfatının əsas maliyyə ağırlığını da öz üzərinə çəkməlidir. Bu əsrlərdən bəri Şərq-müsəlman mental düşüncəsində formalaşmış və dəyişilməsi çətin görünən bir yanaşmadır. Odur ki, müəllimlik peşəsinə həddindən artıq bağlı olan kişi də məcburiyyətdən bu deyil, başqa peşə üzrə işləməyə can atıb. 
 
Kişi müəllimləri sırf sosial rifah üzərindən stimullaşdırıcı addımlar atmlaq məktəbə cəlb etmək üçün aşağıdakı addımlar atmaq olar:
 
-Bilirik ki, müəllimləri bölgələrdə işləməyə cəlb etmək üçün rayon mərkəzindən uzaqlığına görə iki istiqamətli həvəsləndirmə (H1 və H2) tətbiq edilir. Yəni cinsindən asılı olmayaraq həmin müəllimlərin əməkhaqqına müəyyən məbləğdə əlavələr edilir. Kişi müəllimlərin paytaxta nisbətən bölgələrdə çoxluq təşkil etməsində bunun cüzi də olsa, rolu var. Lakin burada yaş limiti 35 yaşa qədər götürülür. 35 yaşdan sonra isə həvəsləndirmələrin tətbiqi dayandırılır. Kişi müəllimləri məktəblərə daha çox cəlb etmək üçün bu istiqamətdəki yaş limitini aradan qaldırmaq və əlavə həvəsləndirmələrin məbləğini artırmaq lazımdır;
-Kişi müəllimlərin məktəbdaxili dərnək, təşkilati işlər, eləcə də dərsdənkənar əlavə fəaliyyətlərə cəlbinə xüsusi şərait yaratmaq və gördükləri işlərin kəmiyyətinə əsasən əlavə maaş artımı tətbiq etmək;
-Müəllimlərin sertifikatlaşdırılması prosesində göstərdikləri nəticələrə uyğun olaraq tətbiq olunan differansial maaş artımının qadınlara nisbətdə kişilərə 10% daha çox tətbiq olunması. Burada xanım müəllimlərin hüquqlarının pozulması yox, kişiləri məktəbə daha çox cəlb etmək əsas götürülür. 
-Sinif rəhbərliyinə görə müəllimlərə verilən əlavə artımın kişilər üçün iki dəfə daha çox nəzərdə tutulması.
Elmin Nuri
Təhsil eksperti
 
 
Link kopyalandı!
Son xəbərlər