Polşada uğurlara imza atan azərbaycanlı - Həmyerlilərimizə necə dəstək olur? 
Cəmiyyət
5628
18:58, Bu gün

Polşada uğurlara imza atan azərbaycanlı - Həmyerlilərimizə necə dəstək olur? 

Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var. Bu, azərbaycançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini,  milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir. İnsan hansı ölkədə  yaşamasından asılı olmayaraq, öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. 
Ölkəmizi xaricdə layiqincə təmsil edən həmvətənlərimizdən biri də Yusif Əfəndizadədir. O, Polşada diasporanın inkişafında misilsiz xidmətlər göstərir.
Yusif Əfəndizadə əslən Qərbi Azərbaycandandır. 1991- ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, əvvəlcə “Cahan Holdinq”in tərkibində olan “Cahan Motors” da işə başlayıb. Baş mühasib, holdinqin maliyyə rəisinin köməkçisi vəzifələrini icra edib. 
2017 -ci ildən isə Polşada yaşayıb. Orada maliyyə üzrə magistr təhsili alıb. Təhsilini bitirdikdən sonra şirkətlərin birində işə başlayıb. “Citibank”, "Goldman Sachs” kimi böyük şirkətlərdə fəaliyyət göstərib. “JP Morgan Chase” şirkətində çalışıb. Hazırda isə dünyanın ən böyük media şirkəti olan Warner Bross Discoverydə asistan menecer kimi fəaliyyət göstərir.
Həmyerlimiz bildirir ki, o, 2017- ci ildə təhsilini davam etdirmək üçün Polşanın Poznan şəhərinə gedib: 
“Burada  azərbaycanlılar yaşasalarda, diaspora şəkilində formalaşmamışdılar. Şəhərlər üzrə həmyerlimizlə şəbəkələşmə yox idi. Mən bir qrup gənclə əlaqələr qurmağa başladım və bir yerdə tələbə üçün uyğun olan işə başladıq. Elə o vaxt azərbaycanlılardan ibarət “Whatsapp” qrupunu yaratdıq. Bu qurup 15 nəfərdən ibarət idi. Zamanla həmin şəhərə gələn azərbaycanlı gəncləri qrupumuza daxil edərək köməklik göstərir və iş imkanları haqqında onları məlumatlandırdıq.
Qəribəsi də o idi ki, işlədiyimiz zavodda ilk vaxtlar bir qrup gəncin yaratdığı mənfi fikirlər səbəbindən azərbaycanlıları işə götürmürdülər. Biz isə gerçək olmayan bu fikirlərin aradan qaldırılması üçün əlimizdən gələni etdik və buna da nail olduq. Nəticədə həmin gənclərin və onlardan sonra gələn həmyerlilərimizin zavodda fəaliyyətinə imkan yaratdıq.  Elə həmvətənlərimizə dəstək də  buradan başladı, beləliklə diaspora fəaliyyətinə 2018 – ci ildən başladım.
Sosial şəbəkələrdə aktivlik göstərərək Poznana gələn azərbaycanlıları axtarıb tapırdım, onları qarşılamaq, yaşayacaqları evin tapılması və lazımi məsləhətlərin verilməsində əlimdən gələni əsirgəmirdim. Nəticədə Poznanda fəaliyyətimiz çox böyüdü. 
2020 -ci ildə banklardan birinə təyinat aldım. Bu bank Qdanskda yerləşirdiyi üçün bura köçməli oldum. Bu şəhərdə iş imkanları yüksək idi. Burada da azərbaycanlılar olsa da, əlaqələr zəif idi. Lakin zamanla  orada yaşayan azərbaycanlıları birləşdirməyə nail oldum. Bu şəhərdə də həmyerlilərimizin iş problemlərinin həllində əlimdən gələni etdim. 
 İşlədiyim şirkətə müraciət edib,  azərbaycanlıların burda işləməyinə dəstək oldum. Digər azərbaycanlılar da öz dəstəklərini yeni gələn gənclərdən əsirgəmədilər. Bununla da bir çox gənclər bu birlikdən bəhrələndi".
 Y. Əfəndizadə onu da qeyd edir ki, sevindirici haldır ki, biz bu birliyi yaratmağa nail olduq:
"Ən böyük nailiyyətimiz  isə Polşada bu sistemi qurmaq, bunu kütləviləşdirmək oldu. Polşanın ən böyük- "Qdans"  diasporasını yaratdıq. İndi hər kəs bir-birinə dəstək oldu".
Daha sonra həmsöhbətim 2021-ci ildə işi ilə bağlı Varşava şəhərinə köçməli olur.
Y.Əfəndizadə bildirir ki, Varşava şəhəri digərləri ilə müqayisədə daha böyükdür:
“Burada kifayət qədər azərbaycanlılar var. Şəbəkələrin olmağına baxmayaraq, onlar bir məqsəd üçün fəaliyyət göstərmirdilər.
 “Polşa Azərbaycanlılar Şurası” nın sədri Fərid Cəfərliyə müraciət etdim,  imkanlarımızı birləşdirdik. Bununla da diaspora fəaliyyətini üzərimə götürdüm. Rəsmi hissələrlə isə Fərid Cəfərli məşğul olmağa başladı.
 Bundan sonra birgə fəaliyyətə başladıq, aktiv qrup yaratdıq. Şəbəkələşmə görüşləri təşkil etdik. Burada da azərbaycanlıların işlə təmin olunması ənənəsini davam etdirdik. Mən şadam ki, ümumilikdə 2024-cü ilə qədər 200-dən çox azərbaycanlının iş ilə təmin olunmasında, Azərbaycanı xarici şirkətlərdə təmsil etməklərində birbaşa və vasitəçi olaraq dəstək göstərmişəm. Polşada, Azərbaycan Evində ildə 50-dən çox  həmyerlimizə mühasibatlıq bilgilərinin inkişaf etdirilməsi üçün, ödənişsiz olaraq, online və offline şəkildə hazırlıqlar tədris etmişəm.
Bununla yanaşı, Varşavada ilk dəfə olaraq Koordinasiya Şurası ilə birgə  "Azərbaycan sülh naminə" adlı yürüşün təşkilində mühüm rol oynamışam".
Azərbaycanlı fəal onu da əlavə edir ki, Krakovda da azərbaycanlılardan ibarət qrup yaratmağa müvəffəq oldular:
"Burada mənimlə birgə Muxtar Şeyx Zamanlının,  Kamran Məmmədovun,  Elmir Qocayevin fəaliyyəti nəticəsində "Xarıbülbül" təşkilatının əsasını qoyduq. Biz Krakovda da diaspora yaratmağa nail olduq. Sədat Şamilli həmin diasporanın rəhbəri oldu.
Birgə zəhmətimiz nəticəsində Krakovda, Katovicdə yaşayan bütün azərbaycanlıları da birləşdirməyə, şəbəkə yaratmağa nail olduq. 
Təbii ki, bu birliklərin yaradılmasında, inkişafında mühüm rolları olan biznesmenlərdən ibaret diasporanın rehberi Nail Həsənovu, "XariBülbül" teşkilatının rəhbəri Sədat Şamillini,  "Katovice" diasporasının rəhbəri Əli Məmmədovu, "Polşa Azərbaycanlıları Təşkilatı"ndan Yusif Mammadovu və Fərid Cəfərlininin adlarını qeyd edib, zəhmətlərini xüsusi ilə vurğulamaq istəyirəm. Hazırda bizim bir yerdə fəaliyyətimiz davam etməkdədir, Azərbaycanın, azərbaycanlıların layiqincə xaricdə təmsil olunmasında var gücümüzlə çalışırıq.
Ötən il isə Diaspor Üzrə Dövlət komitəsinin nəzdində olan 5 nəfərdən ibarət koordinasiya şurası seçildi. Sevindirici haldır ki, mən də həmin şuranın üzvləri sırasında, diaspor fəaliyyəti ilə məşğulam."
Biz isə xaricdə həmrəyliyimizi qoruyan hər kəsə uğurlar diləyib, birliyimizin daimi olması adına fəaliyyət göstərən hər kəsə təşəkkür edirik.
 
 
Pərvin Şakirqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “diaspor quruculuğu,lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.
 
Link kopyalandı!
Son xəbərlər