Saatlıda uşaq ölümü ilə nəticələnən doğuşun təfərrüatları – Təqsirləndirilən mama-ginekoloqla MÜSAHİBƏ
Cəmiyyət
673
13:46, Bu gün

Saatlıda uşaq ölümü ilə nəticələnən doğuşun təfərrüatları – Təqsirləndirilən mama-ginekoloqla MÜSAHİBƏ

Bu gün redaksiyamızın qonağı Tovuz RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudadatovadır. O, 2023-cü ilin sonunadək Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləyib. Dediyinə görə, işlədiyi dövrdə başına çox qəribə bir hadisə gəlib və hələ də ona qarşı edilmiş haqqsızlıqdan xilas ola bilmir.
 
Belə ki, Könül xanım 12 iyul 2023-cü il tarixdə  şöbəyə daxil olmuş hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul edib. Fizioloji sonlanmış doğuş uğurla keçib, ana və uşaqda heç bir xəsarət qeydə alınmayıb. Lakin doğuşdan bir  müddət sonra körpədə tənəffüs çatışmazlığı baş verib, o, həkim neonatoloqlar tərəfindən 6 saat Saatlı RMX-də şöbədə saxlanıldıqdan sonra Sabirabad RMX Perinatal Mərkəzinə təxliyə edilib. 
 
İddiaya görə, körpəyə yanlış dioqnoz qoyulub və yardım göstərilməyib, 30 saat yaşadıqdan sonra körpə həyatını itirib. 
 
Faktla bağlı aparılan araşdırmadan sonra Könül Xudadatova cinayət işi açılıb. Məsələ barədə Moderator.az-ın suallarını Könül xanım özü ətraflı cavablandırıb.
 
- Könül xanım, redaksiyamıza xoş gəlmisiniz. Eşitdik ki, bu yaxınlarda sizin Haqqin.az saytına verdiyiniz müsahibənizdə işlədiyiniz Saatlı RMX-da hamilə qadının tərəfinizdən keçirilmiş normal fizioloji doğuşu nəticəsində doğulmuş körpənin 30 saat yaşadıqdan sonra Sabirabad RMX-də öldüyünü, lakin Saatlı rayon prokurorluğu tərəfindən günahkarları məsuliyyətdən yayındırmaqla qanunsuz olaraq sizə vəzifə səhlənkarlığı ilə ittiham elan edildiyini bildirmişdiniz? Hazırda proses hansı mərhələdədir?
 
- İlk növbədə, Haqqin.az saytının rəhbəri cənab Eynulla Fətullayev başda olmaqla müsahibənin dərcində əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Bilirsiz, biz - sadə insanlar ədalətsizliklə qarşılaşdıqda və haqsızlıqla üz-üzə qaldıqda ümidimiz çox vaxt yalnız siz jurnalistlərə qalır. Göstərdiyiniz dəstək sayəsində səsimizi həm ictimaiyət, həm də rəhbər şəxslər eşitmiş olur. Sizin də qeyd etdiyiniz kimi işlədiyim xəstəxanada 12 iyul 2023-cü il tarixdə  hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir  müddət sonra körpədə tənəffüs çatışmazlığı oldu. Mən dərhal xəstəxanın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq - yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa perinatal mərkəzə təxliyyəsinin təmin olunması üçün “konsilium” təşkil etdim. Lakin, xəstaxanada küvez və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsada, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvezə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxladıqdan sonra, körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzinə təxliyyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarınadək küvezə yerləşdirilməmiş, ona heç bir diaqnostik müayinə aparmadan yalnış "ürək qüsuru" diaqnozu qoyulmuş, süni ventilyasiya aparatına qoşulmamışdır. Hətta istintaq prosesində o da təsdiqlənmişdir ki, Sabirabadın həkimləri yenidoğulmuşu Bakıya, "ürək qüsuru" səbəbilə təxliyyə edilməsinə çalışsalar da, buna üst qurum, o cümlədən "TƏBİB"-dən, yerin olmadığı bildirilmiş, yenidoğulmuşun həyatının xilas edilməsinə təşəbbüs göstərilməmişdir. Nəticədə doğuşdan 30 saat sonra, yəni ertəsi gün, 13.07.2023-cü il tarixdə saat 17.00 radələrində, yenidoğulmuş Sabirabad RMX-də dünyasını dəyişmişdir. Saatlı və Sabirabad xəstəxanalarının rəhbərliklərinin və həkimlərinin səhlankarlığı səbəbindən lazımi tibbi yardım göstərilməmiş yenidoğulmuşun ölməsində təqsirkar müəyyən edilməli olduğundan, onları məsuliyyətdən yayındıraraq bu ölümdə yalnız məni -  doğuşu qəbul etmiş mama-ginekoloq həkimi təqsirli bilməklə, Saatlı rayon prokurorluğu tərəfindən mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir.
 
- Düşünürəm ki, oxucularımız da bu müsahibəni oxuduqdan sonra onlarda da sual yaranacaqdır ki, postnatal dövrdə 30 saat yaşamış yenidoğulmuşun ölümündə mama ginekoloq həkimin günahı nədir? Məgər ana ölümü baş vermişdir?
 
- Əlbəttə ki, yox. Ana salamatdır, hətta cinayət işində olan saysız hesabsız ekspertiza rəylərində də ananın hər hansı xəsarət almadığı, fizioloji doğuşun fəsadsız sonlandığı, yenidoğulmuşun da doğuş zamanı heç bir xəsarət almadığı öz təsdiqini tapmışdır. 
 
- Elə isə niyə günahkar məhz həkim mama-ginekoloq? Niyə siz?
 
- Bilirsiniz, məsələnin açıqlamasının nə qədər inandırıcı olacağını deyə bilmərəm, lakin qeyd edə bilərəm ki, cinayət işi məqsədli saxtalaşdırılmışdır. Yəni 9 ay davam edən məhkəmə baxışı zamanı sənədlərin tədqiqi, sübutların araşdırılması, şahid ifadələri və ekspert rəyləri ilə mənim cinayət əməlini törətməkdə təqsirsizliyim tamamilə isbat edilmişdir. Keçirilmiş 4 məhkəmə tibbi ekspertizanın rəylərində Saatlı RMX-nin neonatoloq həkimi İradə Hüseynovanın tərtib etdiyi, iş üçün ciddi əhəmiyyət kəsb edən və ekspertlər tərəfindən ilk növbədə tədqiq edilməli olan başlıca sənəd -  “Yenidoğulmuşun inkişaf tarixi” (xəstəlik tarixi) ümumiyyətlə araşdrılmamışdır, nəinki araşdırılmamış, hətta heç tələb edilməmişdir. Mən istintaq zamanı verdiyim çoxsaylı vəsatətlərdə həmin sənədin işə əlavə edilməsi, öyrənilməsi, ekspertlərə təqdim edilməsi və orada öz əksini tapan faktlara hüquqi qiymət verilməsini xahiş etsəm də, bunlar istintaq zamanı  nəzərə alınmamışdır. Təsadüfi deyil ki, keçirilən ekspertizaların heç birində mütəxəssis kimi həkim neonatoloq və ya pediatr cəlb edilməmiş, postnatal (doğumdan sonrakı) dövrdə baş verən ölüm bu sahədə ixtisaslaşmamış ekspertlər tərəfindən qiymətləndirilmişdir.
 
- Könül xanım, dedikləriniz təəccüb doğurur. Yəni demək istəyirsiniz ki, körpənin ölümündə sizin təqsirli olduğunuzu bildirmiş ekspertlər bu barədə rəy vermək üçün kifayət qədər ixtisaslı olmamışlar?
 
- Bəli. Bunu müəyyən etmək heç də çətin deyil. Məsələ burasındadır ki, keçirilmiş komisyon məhkəmə tibbi ekspertizada ekspert kimi “İnternational Medical Center”in mama-ginekoloqu Natavan Nəbiyeva ilə birgə iştirak etmiş, Birliyin Mərkəzi ekspertizalar şöbəsinin rəisi Ceyhun Allahverdiyev, Saatlı rayon prokurorluğunda, şahid qismində dindirilərkən, verdiyi ifadəsində həmin rəyinin hər hansı elmi-metodik əsası olmadığını etiraf edir. Lakin onun bu etirafına qiymət verilmir. Çünki məqsəd həqiqəti üzə çıxarmaq yox, əsil təqsirkar olan digər həkimlərin məsuliyyətdən yayındırmaq olmuşdur. Həmin ekspert, Saatlı Rayon Məhkəməsində, rəyinə dair verdiyi izahatında da, verdiyi rəyin qeyri-obyektiv olduğunu etiraf etmişdir. 
 
Lakin, sonradan, görünür yalan rəy verdiyinə görə, cinayət məsuliyyəti daşıyacağı ona izah edildiyi üçün, çağırışdan yayınaraq, Saatlı Rayon Məhkəməsinə vurduğu teleqramda rəyi təsdiq etdiyini, iclasa gələ bilmədiyini göstərmiş, məhkəmə də onun baxışa gəlməsini təmin etməyərək bu teleqramla kifayətlənmişdir. Lakin təkidlərimiz əsasında şöbə rəisi Ceyhun Allahverdiyev Məhkəmə iclasına gətirilmiş və orada da ekspertiza rəyinin doğruluğunu etiraf etməklə ziddiyyətlər yaratmışdır. Digər ekspertlər də Saatlı Rayon Məhkəməsində rəylərinə dair verdikləri ifadələrdə dedikləri rəylərini təsdiq etməmişdir. Hətta, göstərilən ciddi qüsurlarla keçirilmiş ilkin 3 ekspertizanın rəyləri belə, yenidoğulmuşun mənim təqsirimdən ölməsini təsdiq edə bilməmiş və “neonatoloq həkimlərin ona  vaxtında və düzgün qulluğ etsəydilər yenidoğulmuşun yaşama şansı olardı” ifadəsini yazmışlar. Ondan sonra istintaq  məqsədli şəkildə Ceyhun Allahverdiyevin və digər iki ekspertin ifadələri ilə guya ki, əvvəlki ekspertiza rəylərini qeyri-mötəbər etmiş və növbəti komisyon məhkəmə tibbi ekspertiza təyin etmiş və ekspert qarşısında qanunvericiliyin tələblərini pozmaqla bilavasitə məni təqsirləndirmək üçün mənim kilinik protokolların tələbini pozmaqla yenidoğulmuşun ölümü arasına səbəbli əlaqənin olub-olmaması barədə yönəldici və ekspert qarşısında qanunla qoyulması yolverilməyən sual qoymuş, ekspertləri təhrif edilmiş sübutlarla təmin edərək yenidoğulmuşun ölümündə mənim təqsirkar olduğum barədə rəy alaraq işi ittiham aktı ilə məhkəməyə göndərmişlər.
 
- Bəs məhkəmə istintaqın bu qanunsuzluqlarına nə qiymət verdi?
 
- Məhkəmə, gözlədiyim kimi, istintaq zamanı buraxılan nöqsanlardan yan keçməklə buna reaksiya vermədi və vermir də. Bir misal çəkə bilərəm ki, ekspertlərin ibtidai istintaqda verdikləri ifadələrin nöqtə-vergülünədək eynilik təşkil etməsi, həkim neonatoloq İradə Hüseynovanın tərtib etdiyi iş üçün ciddi əhəmiyyət kəsb edən və ekspertlər tərəfindən ilk növbədə tədqiq edilməli olan başlıca sənəd - “Yenidoğulmuşun inkişaf tarixi” sonradan məhkəməyə vəsatətimiz əsasında saxtalaşdırılaraq təqdim edilməsi və bu saxtakarlığın məhkəmə iclasında həkimin özü tərəfindən etiraf edilməsinə baxmayaraq məhkəmə bu faktların üstündən ustalıqla keçərək ittihamın əsassızlığını ört-basdır etmişdir. Yalnız məhkəmə prosesində ekspert rəylərinin qeyri-mötəbər olduğu, qeyri peşəkar şəxslər tərəfindən verildiyi, sübutlar gizlədildiyi, məhv edildiyi və ya saxtalaşdırıldığı açıq-aşkar göründükdə və hər iclasda öz təsdiqini tapdıqda, məhkəmə mənim və müdafiəçimin vəsatətimizi təmin etmək məcburiyyətində qalaraq əlavə və təkrar komisiyon ekspertiza təyin etdi. Həmin ekspertizaya mən və müdafiəçim bu sahədə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini tələb etdik və buna nail olduq. Ekspertizaya, ATU-nun "Tədris Cərrahiyyə Klinikasının" mamalıq-ginekologiya sahəsində yüksək ixtisaslı həkimi, tibb elmləri doktoru, professor və, həmçinin, "Neonatologiya" şöbəsinin rəhbəri, uzman neanotoloq cəlb edildilər. 
 
Ekspertiza rəyində, yenidoğulmuşunun meyitinin müayinəsi zamanı, onun ölümünə səbəb kimi göstərilən kəskin bətndaxili hipoksiya öz əksini tapmaması, əksinə hipoksiyanın postnatal dövrdə başlamış olması ehtimal olunması, fizioloji doğuşa əks göstərişn olmadığından, Qeysəriyyə kəsiyinə ehtiyac olmaması, yenidoğulmuşa tənəffüs dəstəyinin yetərsiz olması, qan qazlarının yoxlanılmaması, hətta əvvəlki 3 rəydə də olduğu kimi, tənəffüs dəstəyi düzgün təmin edilmiş olsaydı, yenidoğulmuşun ölümünün qarşısının alınması şansının çox olması ,və bundan əlavə, nəticədə ultrasəs müayinəsinin mütləq keçirilməsinə tibbi göstərişin olmaması və bunun doğuşun gedişinə təsiri olmaması göstərilmişdir. Hətta xatırlayıram ki, mənim iştirakımla hörmətli professor Birliyin ekspertlərinə iradını bildirərək ölümün səbəbinin düzgün müəyyən edilmədiyini bildirmişdir. Bir sözlə, mənə edilmiş bütün ittihamlar sübutunu itirdi və körpənin ölümündə məni təqsirləndirilən hallar tamamilə təkzib edilərək, ölümün əsl səbəbləri qeyd olundu.
 
- Deməli, ədalət yerini tapdı.
 
- Məhkəmədə qeyd olunan meyitin təşrih rəyini saymasaq, sıra etibarı ilə 5-ci və mənim sonuncu hesab etdiyim bu rəy elan edildikdən sonra mən də belə düşünürdüm və sevincimin həddi hüdudu yox idi. Lakin, bu sevinc də uzun sürmədi. Sonuncu ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra keçirilən məhkəmə iclasında hakim Saatlı rayon prokurorluğunda qərəzli xarakter daşıyan ittihamı ağırlaşdırmaq məqsədi ilə, toplanmış mahiyyətsiz materiallar üzrə yönəldici və vəziyyəti ağırlaşdıran suallar verməklə dövlət ittihamına istiqamət verməyə və konkret olaraq ittihamçı kimi çıxış etməyə səy göstərirdi. Məhkəmə baxışı zamanı sənədlərin tədqiqi, sübutların araşdırılması, şahid ifadələri və ekspert rəyləri ilə cinayət əməlini törətməkdə təqsirliliyim tamamilə təkzib edilməsinə baxmayaraq dövlət ittihamçısı təkrar ekspertizanın keçirilməsi barədə əsaslandırılmamış, qərəzli vəsatət qaldırdı və hakim etirazlarımıza məhəl qoymadan dərhal onu təmin edərək təkrar ekspertizanın keçirilməsi barədə qərar verdi. Halbuki sonuncu ekspertizanın qeyri-obyektivliyinə, qərəzliliyinə, əsaslandığı elmi mənbələrin mötəbərliyinə, ekspertlərin ixtisas dərəcəsinə şübhə ilə yanaşmaq üçün heç bir dəlil, arqument gətirilmədi. 
 
Sadəcə, obyektiv rəyin ittihamı rədd etməsi nəticəsində mənə labüd olaraq bəraət verməli olacağından, bunu etmək isə onların planlarının alt-üst etdiyindən məhkəmə prokurorluqla birləşərək yeni ekspertiza təyin etdi və hətta, məhkəmə iclasında iştirak edən ekspertə “gedin səhvinizi düzəldin” deməkdən də çəkinmədi. Sonuncu məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında ifadə verən Birliyin məhkəmə tibbi eksperti Rafiq Nuriyevin ifadələri dövlət ittihamçısının həmin tarixli vəsatəti əsasında təmin edilən təkrar ekspertizanın keçirilməsi barədə qərarında təhrif edilmiş formada təqdim edildi. Belə ki, məhkəmə tibbi eksperti Rafiq Nuriyev məhkəmə iclasında təkidlə rəyin məhkəmə işində olan mövcud tibbi sənədlər əsasında tədqiq edilərək tərtib edildiyini bildirsə də qərarda qoyulmuş birinci sualın cavabında “...hipoksiyanın postnatal dövrə təsadüf etməsi ehtimal olunur...” barədə yüksək ixtisaslı  mütəxəssislərin fikirləri ilə razılaşmayan və, bu fikirlərin əsaslandırılmadığını bildirən dövlət ittihamçısının təzyiqləri nəticəsində, ekspert Rafiq Nuriyev narazısınızsa, təkrar ekspertiza təyin edin deməsi əsasında məhkəmə sonuncu ekspert rəyini etibarsız hesab etmişdir.
 
Həmçinin, məhkəmədə dövlət ittihamçısının əsaslandırılmamış vəsatətinə etirazımızı təmin etməmiş, eyni zamanda növbəti, say etibarı ilə 6-cı ekspertizada, ondan əvvəlki,  yəni sonuncu 01 noyabr 2024-cü il tarixli 861/KEŞ saylı rəyi tərtib etmiş mütəxəssislərlə ən azı eyni kvalifikasiyada və daha üstün səviyyəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Əsasnaməsində nəzərdə tutulmuş müvafiq komissiyaların üzvlərinin cəlb edilməsi, ekspertə etiraz etmək, ekspertləri müdafiə tərəfinin göstərdiyi şəxslər içərisindən təyin edilməsində iştirakımızın təmin olunması barədə vəsatəti təmin etməmişdir. Həmçinin, Birliyin baş direktoru Ədalət Həsənovun bu işdə maraqlı tərəf olması faktiki isbatlanmışdır. Belə ki, onun tələbə yoldaşı, cinayət işində adıkeçən, Saatlı RMX PHŞ-nin həkim neonatoloqu İradə Hüseynova tərəfindən tərtib edilmiş “Yenidoğulmuşun inkişaf tarixi”nin işə əlavə edilməməsi, öyrənilməməsi və orada öz əksini tapan faktlara hüquqi qiymət verilmədən sübutların qiymətləndirilməsi nəticəsində qeyri-obyektiv qərar qəbul edilməsinə mənim qanunsuz ittiham edilməyimə səbəb məhz Ədalət Həsənovun tapşırığı əsasında onun tabeçiliyi altında pensiya yaşını keçmiş, çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadılan, üstəlik inzibati vəzifə tutan və Ə.Həsənovun tapşırıqlarını icra etmədiyi təqdirdə öz iş yerini itirmək qorxusu ilə fəaliyyət göstərən və bugünə qədər 5 rəy verib, sonra isə cinayət işində ifadələri ilə rəylərinin əsassız olduğunu etiraf edən, yalan rəy verdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar olunması barədə iltizam verməsinə baxmayaraq, cəzasız qalan və bununla da alternativsizlik hüquqlarından sui-istifadə edən ekspertlər səbəb olmuşlar. 
 
Daha acınacaqlısı isə ibtidai istintaq ittiham aktını yalnız ekspertin rəyi üzərində qurduğundan və bu məqsədini həyata keçirmək üçün ekspertiza rəylərini ekspertlərin ifadələri ilə saxtalaşdıraraq ittiham aktı tərtib etdiyindən bugün məhkəmə və dövlət ittihamı da ittiham aktını qüvvədə saxlamaq məqsədi ilə “rəy dəyişdirməkdə mahir usta” Ədalət Həsənovun əli ilə sonuncu məhkəmə tibbi ekspertizanın rəyini ləğv etməyə çalışırlar. Unutmamış onu da qeyd edim ki, Ə.Həsənovun qanunsuz hərəkətləri barədə yuxarı orqanlara dəfələrlə müraciət etsəm də müraciətlərim baxılması üçün yenə onun özünə göndərilir. Məgər vətəndaşların müraciətlərinə baxılması sistemi belə müəyyən edilib? Necə deyərlər “sənə yar, səndən yar, şikayətim var”. 
 
- Könül xanım, sizcə məqsəd nədir, bu işdə niyə məhz siz hədəfdəsiz?
 
- Düşünürəm ki, məqsəd su kimi aydındır. Məhkəmə bəraət hökmü çıxarsa, iş yenidən araşdırılması üçün, ibtidai istintaqa qaytarılmalıdır ki, bu zaman ibtidai istintaqı aparan müstəntiq və ekspertlər barəsində tədbir görülməlidir. Başlıcası isə təqsiri olan həkimləri, o cümlədən, Ədalət Həsənovun həmyerliləri və tələbə yoldaşlarını təhlükə gözləyir. Sizcə, bu qədər insanı incitməkdənsə, Ə.Həsənovu özlərindən küsdürməkdənsə, 3 azyaşlı körpə anası tək Könül Xudadatovanı “xərcləmək” sərfəli deyilmi? Lakin mən hələ də ümidimi itirməmişəm. Ümid edirəm ki, sizin və ictimaiyətin dəstəyi ilə haqq-ədalət öz yerini tapacaq. Buradan səslənərək, ictimayi qınaq üçün xalqı prosesləri izləməyə dəvət edirəm. Dəvətiniz və təəssüfkeşliyiniz üçün təşəkkür edirəm.
 
Link kopyalandı!
Son xəbərlər