“Düşünürəm ki, 2024-cü il mənim üçün çox məhsuldar başlayıb, məhsuldar da bitdi. Sentaybr ayında Ərtoğrul Kamalovun quruluşunda “Palata” tamaşası nümayiş olundu. Burada həm ikinci rejissor, həm də aktyor kimi öz töhfələrimi verdim. Daha sonra mən Pərviz Seyidlinin “Killer” pyesi əsasında əməkdar artistimiz Şövqü Hüseynovla birlikdə bir mono tamaşa hazırladım. Tamaşanın adı da “Killerdən teleqram” idi. Daha sonra xalq artisti, teatrımızın qocaman aktyoru İlham Namiq Kamalın Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinin məşqləri ilə məşğul olduq. Teatrımızın baş rejissoru Cavid İmamverdiyev quruluşcu, mən isə rejissor olaraq həmin yubileyə öz təhfəmizi verdik. İlin sonuna yaxın isə “Evdə tək” tamaşasını hazırladıq. Bununla paralel olaraq da Ülviyyə Heydərovanın “İnanıram” əsərinə quruluş verdik. Direktorun təklifi ilə mən həmin tamaşada da rejissora kömək edirdim. Çalışdığım qədər burada nəinki rejissor asistenti, elə rejissor kimi fəaliyyət göstərdim. Bu tamaşanı bir neçə teatrda hazırlayıblar. Bizim teatrda da hazırladıq. Hər iki tamaşa da yüksək səviyyədə təqdim olundu və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı”
Bunu Moderator.az - a açıqlamasında Akademik Musiqili Teatrın aktyoru, rejissoru Zaur Əliyev deyib. O daha sonra bildirib ki, Qazaxıstanda festivalda olarkən yerli teatrşünaslardan biri onların işini küçümsəmək istəsə də buna nail olmayıb.
“Rusların teatr sənəti ilə bağlı gözəl bir sözü var.. “Xidmət edirəm”.. Məndən bəzən soruşurlar ki, işdəsən? Deyirəm ki, yox, teatrda. Soruşurlar ki, teatrda işləmirsən? Deyirəm ki, xeyr, teatrda xidmət edirəm. Ümumiyyətlə incəsənətə xidmət edirəm. Xidmət etmək başqadır. Xidmət edəndə görürsən ki, sən işdən yorulmursan. Təkcə aktyor, rejissorlar yox, bütün insanlar ölkəyə xidmət etməlidir. Qazaxıstanda Asiya ölkələri arasında beynəlxalq 9-cu teatr festivalı keçirilirdi. Mənim rejissoru olduğum “Killerdən teleqram” tamaşası ilə festivala qatıldıq. Şövqü müəllimin ustalığı sayəsində tamaşada möhtəşəm bir performans göstərildi. Tamaşaçılar mənə, Şövqü müəllimə yaxınlaşıb təbrik edir, jurnalistlər müsahibə almaq üçün yarışırdılar. Tamaşadan sonra teatr tənqidçiləri tamaşa haqqında fikirlərini söyləyirdilər. Bizim ölkədən də bir teatrşünas gəlmişdi. Həmin adama hər kəs müəllim deyir. Şərq teatr tarixini onun qədər bəlkə də bilən yoxdur. O həqiqətən də müəllimdir. Hər kəs biləcək söhbət kimdən gedir. 8 Noyabrda, bizim Zəfər günümüzdə Qazaxıstanda səhnəyə çıxdıq. Biz orada ünvanımıza digər ölkələrin teatrşünasları tərəfindən xoş sözlər eşitdik. Amma öz ölkəmizin vətəndaşı isə... Hələ vətəndaş deyirəm, teatrşünas demirəm. Qərib yerdə insan dəstək gözləyir, bizdə isə əksinə oldu. Bu şəxs bizə bütün münsiflərin yanında dedi ki, bu tamaşanı ölkə xaricinə çıxartmaq olmaz! Ən böyük bir yalnışlıq da orada idi ki, həmin şəxs dedi ki, 50 yaşda insan sevə bilməz. Söhbət mənim qəhrəmanımdan gedir. Hansı ki, mənim qəhrəmanım bu yaşda vurulur. Onun dediyi fikirlər absurd idi. Onun ya psixoloji problemləri var, ya da yaradıcı tərəfdən bu insan inkişaf etməyib. Çünki bu fikirlər normal insanın dilindən çıxan ifadələr deyildi. Biz bununla belə ölkəmizə uğurla qayıtdıq. Yanvar ayının 30-da bu tamaşamız teatrımızda yenidən nümayiş olunacaq. İzləməyənlər gəlib baxa bilərlər. Mən həmin şəxsə heç bir fikrimi bildirmədim. O bilmədi ki, bizdə nəyi səhv tutsun?! Səhnədə bizdə silah real yox, butafor idi. Dedi ki, silah həqiqi olmalı idi. Belə çıxırdı ki, biz real silahı alıb, qaçaqmalçılıq yolu ilə Qazaxıstana keçirtməli idik ki, orada tamaşa oynayacağıq? Teatr başdan ayağa şərtilikdir. Mənə elə gəlir ki, təkcə teatr tarixini yox, teatrı bilmək lazımdır. Bu bütün teatrşünaslara aiddir” deyə sənətçi bildirib.
Zaur Əliyev bildirib ki, sənət rəqabətləri hər zaman olub və olacaq da.
“Öz real həyatlarında çətinliklə, problemlərlə rastlaşan adamlar onu sənətlə kompensasiya etmək istəyirlər. Onun kompensasiyası daha şiddətli olur. Heç vaxt ana olmayan bir gənc tələbəyə deyəndə ki, sən ananı oynayacaqsan, o bu rolu şiddətli oynayacaq, çünki bilmir, hələ gəncdir, ana olmayıb. Həmçinin də kasıb aktyora deyirsən ki, çıx imkanlı adam rolunu oyna. Bu rolları onlar rejissorun istədiyi kimi inandırıcı oynaya bilməyəcək. Tutaq ki, bu aktyor 30 ildir səhnədədir, bir baş rolu yoxdur. Bir gənc aktyor gəlir, ona baş rol verirlər. Bu zaman qocaman aktyorun acığı tutur həmin gəncə. İntriqalar da belə yaranır. Bəzən gəncləri qınayırlar, sonra gedib həmin gənclərin filmlərində çəkilirlər. Mən o adamların qınağına inanıram ki, konkret arqument gətirirlər” deyə gənc sənətçi bildirib.
Aktyor bildirib ki, bir çox serial və filmlərdən dəvət alsa da çəkilmək istəmir:
“Tam olaraq açıq aydın deyəcəm ki, qorxuram ki, “Ata ocağı” serialında qazandığım hörməti yerə vuraram. Az da olsa seraillara dəvətlər gəlib, amma getməmişəm. Bəzən rol məni qane etməyib, bəzən isə nə yalan deyim qonorar az olub. Özümü seriallardan, filmlərdən bir az uzaq tutmuşam. Mənə elə gəlir ki, hər şeyin bir vaxtı var. Teatr bir məktəbdir. Mən hələ də bu məktəbdə oxuyuram” deyə sənətçi bildirib.