“Yanımda uşağı xəstə olan bir ana əyləşmişdi, 2 saat boyunca Cem Yılmaz üzünü güldürdü”-FOTO
Cəmiyyət
788
21 Jan 2025 | 21:43

“Yanımda uşağı xəstə olan bir ana əyləşmişdi, 2 saat boyunca Cem Yılmaz üzünü güldürdü”-FOTO

“Cem Yılmazın Bakıda keçirilən konsertindən çox böyük zövq aldım. Çox dərin, intellektual yumor təqdim edən, insanı düşündürən gülüş var idi. Ola bilsin ki, bəzi məqamlar çılpaqlığı ilə söylənilirdi, amma o söylənilənlərin altında o qədər dərin iz buraxan kədərli anlar var idi ki, diqqətli olmaq lazım idi ki, o cür hallara həyatımızda yol verməyək. Bu münasibətlərə də, xarakterlərə də, düşüncələrə də aiddir. Çox məqamlar var idi. Onlara da zərgər dəqiqliyi ilə toxunmağı bacardı”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən aktrisa Dilarə Əliyeva deyib. O daha sonra konsert təəssüratlarını bölüşməkdə davam edib:
 
“Cem Yılmaz stendap dünyası üçün əlahiddə, fövqəlada bir hadisədir. O çıxışı, yanaşmaları ilə yeni bir xətt, yeni bir cığır yaradıb. Çox ustalıqla bu işi çözüb. Hər çıxışı fərqlidir, maraqlıdır. Yeni mövzulara yelkən açmağı bacarır. Çox gözlənilməz, maraqlı keçidləri var. İnsan həyatında yaşanan incə detallara, fərqinə varmadığımız məqamlara o qədər gözəl cavablar verir ki, altyapısında dərin mənalar durur. Bir gülüş ki, sadəcə güldürür, lağlağıdır, düşündürmürsə həmin gülüşün ömrü sabun köpüyünün ömrü qədərdir. Cem Yılmaz ona görə özünü var edə bilir ki, onun yanaşması, düşüncələri artıq klassikaya çevrilir, hər zaman yenidir. 20 il bundan əvvəlki stendaplarına baxırsan ki, heç də o zarafatlar köhnəlməyib, davam edir, bu gün də var, hər zaman müasirdir. Ən gözəli də budur ki, insan durmadan üzərində çalışır, aktual mövzuları anında işləməyi bacarır. Onun haqqında durmadan, doymadan danışmaq olar. İnsanlar da onu çox sevirdilər. Bütün yumorlarına genidönüş var idi. Hər kəs alqışlayırdı. Məni bir məqam duyğulandırdı ki, yanımda böyük yaşda xəstə uşağı olan bir ana oturmuşdu. 2 saat boyunca durmadan onun zarafatlarına gülürdü. Qucağında xəstə uşağı varkən, bir anlıq hər şeydən, o ağrıdan qopub, səhnəyə köklənib, onun üzünü səhnədə güldürən şəxs həqiqətən də dahi adam idi. Onun nə qədər savab bir iş gördüyünün şahidi olduq. Mən ona həmin ana adından, tamaşaçılar adından da təşəkkürümü bildirdim. Bizim sondakı görüşümüz də çox gözəl keçdi. Bizi çox gözəl qarşıladı. Biləndə ki, mən də stendap söyləyirəm, hətta bu stendapı İstanbulda da söylədiyimi bilib çox təəssüf etdi ki, niyə öncədən tanış olmamışıq? Bilsəydim gələrdim. Hətta təklif etdi ki, mənə yazın, sizi izləyib diqqətimdə saxlayacam. Bu sözləri Cem Yılmazdan eşitmək, xoş münasibətini görmək çox xoş idi. Onu Azərbaycana gətirib bizim üzümüzü güldürən insanlara da çox-çox təşəkkürümü bildirirəm” deyə aktrisa bildirib.
Dilarə Əliyeva bildirib ki, stendapçı olmaq istəyən xanımlara daim kömək olmağa hazırdır:
 
“Əlbəttə stendapçı qadınlarımız olacaq. Kim olacaqsa, bu işi kim yüksək səviyyədə görməyə hazırlaşırsa, mən hər zaman onun yanında olacam, dəstəyimi də əsirgəməyəcəm. Kim kömək üçün müraciət etsə sevə-sevə əlimdən gəlirsə, kömək edərəm” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər