Mahmud Kaşqari adına Beynəlxalq Fondun 20 yanvarla bağlı keçirdiyi anım tədbirində şəhidlərimizin xatirəsi yad edilib
Cəmiyyət
294
14:42, Bu gün

Mahmud Kaşqari adına Beynəlxalq Fondun 20 yanvarla bağlı keçirdiyi anım tədbirində şəhidlərimizin xatirəsi yad edilib

20 Yanvar faciəsinin 35-ci ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şənbə gecəsinə gedən yol” adlı anım tədbiri keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, mərkəzin direktoru Lətifə Məmmədova açaraq hadisələrin tarixinə nəzər salıb, 1990-cı ilin 20 yanvarından 2023-ci ilin 20 sentyabrına qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və dünya şöhrətli fotoqraf Rza Deqatinin böyük fədakarlıq hesabına çəkdiyi qanlı yanvar gecəsini özündən əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində “Qara yanvar gecəsinə işıq tutan” tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastanı”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Nikbin faciə”, “Qara Yanvar dialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır”, “Azərbaycan faciələrinin təqvimi”, “Azadlıq carçıları”, “Şəhidlərimiz - qürur yerimiz”, “20 Yanvar şəhidləri”, “Ağla qərənfil, ağla”, “Yanvar təlatümü”, “20 Yanvar qan yaddaşımızdır”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “İstiqlal ulduzları”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki...” və digər kitablar yer alıb.
 
Sərginin vizual və virtual təqdimatından sonra Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “20 yanvar – Əsarətin son gecəsi” məruzəsi dinlənilib. Cavanşir Feyziyev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqilliyə gedən yolunda ilk şəhidlər verdiyi unudulmaz bir tarixdir. Millət vəkili 20 yanvar hadisələrinin iştirakçısı kimi, həmin gecə və o ərəfədə Bakıda baş verən hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Cavanşir Feyziyev bu tarixə ikili münasibət bəslədiyini vurğulayaraq deyib: “20 Yanvar tarixi bir tərəfdən, xalqımız üçün hüzn və faciə günüdür. Çünki həmin gecə xalqımız cəsur, fədakar və vətənpərvər oğullarını itirib. Digər tərəfdən, 20 yanvar faciəsi Azərbaycan xalqının milli özünüdərkinə təkan verdi, müstəqil milli dövlətçilik düşüncələrini qətiləşdirdi və bütöv bir xalqı azadlıq mübarizəsinə qaldırdı. Məhz 20 Yanvar faciəsindən dönməz xarakter alan  azadlıq mübarizəsi 1991-ci ildə dövlət müstəqilliyimizn elan olunması ilə nəticələndi.” Cavanşir Feyziyev bildirib ki, bu günkü müstəqilliyimizə gətirən yolun başlanğıcında məhz 20 Yanvar faciəsinin qurbanları dayanır və xalqımız onların xatirəsini hər zaman əziz tutur. Xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmayacaq.
 
Anım tədbiri Şəhid Qoşqar Ömərov adına məktəbin direktoru  Səlim Məmmədovun, yazıçı Gülzar İbrahimovanın, ədəbiyyatşünas Zemfira Məhərrəmlinin, şəhid analarının, mərkəzin əməkdaşlarının çıxışları və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyanın təqdimindən sonra Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
 
Link kopyalandı!
Son xəbərlər