“İndiyə kimi Zəfər Muzeyi üçün 9255 eksponat toplanılıb. Şəhid ailələrindən, qazilərdən əşyaların toplanılması işi 2021-ci ilin yanvar ayından İstiqlal Muzeyinə tapşırılıb. Bu proses Zəfər Muzeyi fəaliyyətə başlayana qədər davam etdiriləcək”.
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli deyib.
Onun sözlərinə görə, Zəfər Muzeyi üçün 2021-ci ildə 605, 2022-ci ildə 1820, 2023-cü ildə 574, 2024-cü ildə 352 əşya toplanılıb.
“Niyə rəqəmlərdə azalma müşahidə olunur?” sualına Sədi Mirseyibli belə cavab verib:
“Bu, müxtəlif səbəblərdən baş verir. Fikrimcə, insanlar muzeyin açılmasını gözləyirlər. Muzey tam fəaliyyətə başlayandan sonra ailələr ora kütləvi şəkildə əşyaları təhvil verəcəklər. Bundan başqa, şəhid ailələrinin böyük qismi əşyaları özündə saxlamağı, ictimai əsaslarla evlərində muzey yaradılmasına çalışırlar. Bu, hazırda tendensiya halını alıb. Təbii ki, yaxşı haldır, amma nəzərə almaq lazımdır ki, dövlət muzeylərində qorunan həmin əşyaları yüz minlərlə insan görəcək. Evdəki muzeylərin bəziləri ucqar yerdədir, insanların ora getməsi çətinliklə başa gəlir.
Həmçinin onu da qeyd edim ki, şəhid ailələrinin müəyyən qismi belə bir təşəbbüsdən xəbərsizdir. Şəhid ailələrinin, qazilərin bu işə marağının artırılması, toplamanın daha sürətli və çevik olması üçün muzey tərəfindən müntəzəm olaraq “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə həyat keçirilir. Layihə çərçivəsində müvəqqəti - bir həftəlik şəhidin şəxsi əşyalarından ibarət sərgilər təşkil olunur. Bu il layihənin onuncu mərhələsi start götürəcək. Çalışırıq sərgilər müəyyən mövzular üzrə olsun: məsələn, şəhid həkimlər, şəhid idmançılar və sair”.
Muzeyin direktoru bildirib ki, Zəfər Muzeyinə toplanan əşyalar arasında Xudayar Yusifzadənin anasının verdiyi əşyalar - fotolar, geyim, həmçinin Polad Həşimovun ailəsi tərəfindən verilən Milli Qəhrəmanın general rütbəsində olan geyimi, fotoları, müəyyən sənədlərinin surətləri var.
“Muzeyə təhvil verilən hər bir əşya qiymətlidir. Amma bəziləri var ki, insanlara çox təsir edir. Bunu təşkil etdiyimiz “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” sərgisində də müşahidə etdik. Şəhidlərimizin üzərindən çıxan qanlı bayraq, güllə zədəsindən parçalanmış pul, şəxsi sənədlər görənləri həqiqətən təsirləndirir.
Biz həmçinin 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş mülki şəxslərimizin də əşyalarını toplayırıq. Bura Naftalanda şəhid olan körpəmizin, Gəncə hadisəsində şəhid olan mülki insanların əşyaları da daxildir”- Sədi Mirseyibli əlavə edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 3-də Azərbaycan Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.