Xuraman Muradova:
Cəmiyyət
1611
20 Jan 2025 | 22:19

Xuraman Muradova: "Şəhidlər xiyabanı..., BİR ANA LAYLA DEYİR..."

Şəhidlər xiyabanı...
Hər yer sükut içində...
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir səs gəlir...
Bir ana layla deyir
Ürək yandıran ahla.
Salamlayır gecəni
Açılmayan sabahla...
Gah coşğun, gah da həzin,
gah da harayla deyir.
Bir ana xiyabanda
oğluna layla deyir…
Oğlunun baş daşını
öpərək qucaqlayır.
Ana elə göynəyir,
ana elə ağlayır....
Deyir hardasan oğul,
niyə geri dönmədin?
Sənsiz sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına gəlmişəm
deyiləsi sözüm çox,
Bura son ümid yerim,
Gediləsi yerim yox...
Ana boynunu büküb
için-için sızlayır.
Oğlunun baş daşını
həsrətlə qucaqlayır.
Birdən ah cəkib susur,
Şəhid oğul önündə
sanki səcdəyə durur...
Ahı göyü yandırır,
ahı yeri yandırır...
Oğulun səsi gəlir…
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
Ağlama, can ay ana,
Şəhid anasısan sən!
Bu torpağın, bu yurdun
enməz Qalasısan sən!
Oğlun şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların cənnətidir
yaradanın dərgahı.
Bir başını qaldır sən,
vətən göylərinə bax.
Şəhidin gülümsəyir,
ordan sənə baxaraq
Sevinclə o göylərdən
səni müjdələyəcək
Son nəfəsində səni
cənnətə götürəcək...
Şəhidlər xiyabanı...
hər yer sükut içində.
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə…
Uzaqdan bir səs gəlir,
Bir ana layla deyir,
gah coşğun, gah da həzin
Gah da harayla deyir.
 
Vətən savaşımız müzəffər Ordumuzun şanlı zəfəri, Ali Baş Komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi.
 
Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Emin Sadıqov, Namiq Əhmədov, İlqar Zeynallı, Rövşən Nəsirov, Zaur Cəfərov, Azər Yusifli... və adını çəkə bilmədiyim yüzlər... minlər... məhz belə qəhrəman oğullarımızdır. Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir...
Mənim balamın nişanı da, toyu da məzarı üzərinə örtülən Azərbaycan bayrağıdır!... - deyir şəhid Anası...
Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi?!
Elə bu cür məğrur Anaların varlığına görə biz
VƏTƏNə ANA deyirik...
30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib.
O ürəyi Vətən boyda Anaların hər birinin qarşısında ehtiramla baş əyirik!
O Anaların böyütdüyü ölümün gözünə dik baxan oğulların qeyrəti, ləyaqəti, yenilməz iradəsi sayəsində illər uzunu Ümumxalq hüzn günü kimi qeyd etdiyimiz 20 yanvar artıq Milli qürur günümüzə çevrilib.
Vətən, torpaq, böyük amallar və müqəddəs, qutsal bir qayə uğrunda candan keçmək, özünü, gənc ömrünü şüurlu şəkildə millət üçün fəda etmək... Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına bağışlamaq... Ölüm var ki, həyat qədər dəyərli... - dedikləri elə budur - Sizin ucaldığınız Tanrı qatındakı müqəddəs şəhadət məqamı...
Nur içində uyuyun, Şəhid oğullarımız, şəhid övladlarımız, şəhid qardaşlarımız!
Sizlər bizim hər ayın hansısa günü mütləq qara ilə haşiyələnmiş, qara çərçivəli təqvimimizi dəyişdirdiniz. Artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var - Zəfər günü!!!
Yurdumun ər qeyrətli, Tarix yazan Mərd Oğulları!
Uyuduğunuz Yer Nura qərq olsun!
Siz indiyədək oxuduğumuz tarix kitablarını tarixin arxivinə gömdünüz, tariximizi yenidən yazdınız...
Siz qanınızla köksü param-parça olan Vətənimizi bütövləşdirdiniz!
Siz İlahi Ədaləti bərpa etdiniz!
Siz gerçəkdən Tarix yazdınız!!!
Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizidək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!
Tanrı qatında yeriniz uca, Şəhadətiniz mübarək olsun!
 
Xuraman Muradova
Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, Humay Milli Mükafatı laureatı, Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, İş insanı, sahibkar, VİP Milan Hospitalın direktoru
 
Link kopyalandı!
Son xəbərlər