Bizi sosial şəbəkələrdən izləyin:
“Tahirin ad günü 20 yanvara təsadüf etdiyindən heç vaxt qeyd etməyib. Səhv etmirəmsə sonuncu doğum gününü 1989-cu ildə qeyd edib. Bu hadisələrdən 1 il öncə. Ölən gününə qədər ad gününü qeyd etmədi. Hər dəfə kövrəlirdi. Hətta onu təbrik edənlərə belə deyirdi ki, bu gün məni təbrik etməyin, zəng vurmayın. 2015-ci ilin sentyabr ayının 10-da ağır beyin əməliyyatı keçirtmişdi. Hər dəfə deyirdi ki, mən ikinci dəfə anadan olmuşam. Sentyabr ayının 10-da özü üçün simvolik ad günü qeyd edərdi. Bu ad gününü də 3 il qeyd etdi. 2018-ci ildə dünyasını dəyişdi. Son ad günündə də artıq xəstəxanada idi. 2 aydan sonra da rəhmətə getdi. Hətta yanvarın 18-dən 21-nə qədər heç vaxt piano arxasına oturub nəsə ifa etmirdi. Onun beyninə yeni bir əsər də gəlsəydi not dəftərinə yazırdı, amma həmin müddətdə piano arxasında oturmurdu”
Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar, mərhum Tahir Əkbərin xanımı Aybəniz Əkbər deyib.
O daha sonra Tahir Əkbərin mahnılarını oğurlayanlardan danışıb:
“Tahirin əksər mahnılarını ermənilər oğurlayıb. Türklər də, digər dövlətlərin sənətçiləri də onun mahnılarını öz adlarına çıxarıblar. Bu müğənnilərdən biri də ötənlərin ən məşhur sənətkarı Nəşə Karaböcəkdir. Tahir yeni rəhmətə getmişdi. Facebookda Nəşə Karaböcəyin səhifəsinə səs yolladım. Dedim ki, Nəşə xanım Tahirin “Heç küsməyin yeridirmi?” mahnısını öz albomuna əlavə edib, özünü də müəllif kimi qeyd edib. Heç olmasa anonim yazardı. Həmin şəxs kim idisə dediklərimlə razılaşdı. Mənə dedi ki, Nəşə xanım xəstədir. Bu məsələ elə də qaldı. Bundan başqa Türkiyənin məşhur musiqiçisi, qanun musiqi alətinin ifaçısı Halil Karaduman Tahirin “Əzizim” mahnısını oğurlayıb. Hətta Halil Karadumanın qardaşı ilə əlaqə saxlayıb, məsələni də aydınlaşdırmışdım. Onlara da sübut etdim ki, mahnı oğurlanıb. Bu onların heç də xoşuna gəlməmişdi. Mən sözün düzü hüquq müdafiəçisinə demişdim. Bu mahnılar aidiyyatı qurumlar tərəfindən qorunmalıdır. Professional bəstəkarların əsərləri notları ilə birgə qorunur. Buna ilk rəyi bu işə nəzarət edən qurum bildirməlidir. Mən müraciət etdim. Dedilər ki, nə olsun ki? Burada Tahir müəllimin adına olsun, Türkiyədə də Halil Karadumanın adına qorunsun. Belə bir söz işlətdilər. Yəqin ki, vaxt gələcək bütün mahnılarının hamısını bərpa edəcəyik” deyə bəstəkarın xanımı Aybəniz Əkbər deyib.