Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev haqqında reportaj yayımlanıb.
Anar Əliyev 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 21-də Tuğ istiqamətində şəhid olub.
Həyat yoldaşı ilə bağlı xatirələrindən söz açan Vüsalə Əliyeva bildirib ki, Anar Əliyevin üzünü ilk dəfə valideynləri elçi gələndə şəkildə görüb:
"Anar Əliyevi hərbçi olduğuna görə şəxsən tanımamışam. Mən baba evində yaşayıb, təhsil almışam. Özüm Bərdə rayonundanam. Babamgil isə Tərtərdə yaşayırdılar. Təhsil aldığım dövrdə yoldaşımın atası və anası müəllimlərim olub. Qayınatam məni çox bəyənmişdi. Anar da sonralar dostları vasitəsilə mənim haqqımda məlumat əldə edib. Qərar verib ki, atasıgil elçi getsinlər. Anarı tanımasam da, atasını tanıdığım üçün evlənməyə qərar verdim. Özünü heç görməmişdim, o zamanlar Çexiyada idi. Elçi gələndə şəklini gətirmişdilər. Həyatımda atdığım ən doğru addım idi. Bundan sonra da bilsəydim ki, Anar şəhid olacaq, yenə o qərarı verərdim".
Anar Əliyevin şəhid olması ilə bağlı xəbəri necə öyrənməsindən danışan V.Əliyeva həmin gün pis bir yuxu gördüyünü bildirib:
"Böyük qardaşıma zəng etdim, yuxumu onunla bölüşdüm. Dedi ki, Anar yaralanıb. Yenə də inanmadım. Əslində hamı şəhid olduğu ilə bağlı xəbəri eşidib, sadəcə mənə yaralandığını dedilər. Ayın 24-ü Bakıya gəldim. Həmin gün valideynlərinin evində vida mərasimi imiş. O ana kimi düşünmürdüm ki, Anar şəhid olar. Mən ona o qədər inanırdım ki, hamıya "Anara heç nə olmaz, ona güllə heç nə edə bilməz" deyirdim. Tabutun üstündə Anarın şəklini gördüm, ondan sonra nə baş verib xatırlamıram. Mənə söylədilər ki, sən qəhrəmanın ailəsisən, sənə yaraşmaz belə yerdə çökmək. Bu söz mənə güc verdi. İkinci Fəxri xiyabanda oktyabrın 25-i yoldaşım dəfn olundu. Həmin gün mən Anar Əliyevlə birlikdə yaşayan Vüsalə Əliyevanı da orada ruhən dəfn etdim".
Ətraflı süjetdə: