35 il bundan əvvəl - 1990-cı ilin 20 yanvarında Bakı Metropoliteni yeraltı bunker rolunu daşıyırdı. Çünki yuxarıda əliyalın əhali üzərinə qəddarcasına hücum var idi. Metro isə həmin ərəfədə daha təhlükəsiz yer idi. Metro işçiləri stansiyanın qarşısında əhalini buraya dəvət edirdilər. Burada isə təkcə sərnişinlər daşınmırdı. Eyni zamanda yaralılar da stansiyalara ən yaxın xəstəxanalara çatdırılırdı.
Qanlı gecənin şahidlərindən biri də “Bakı Metropoliteni” QSC-nin təlimatçı-maşinisti İbrət Tahirovdur. Həmin gün o, axşam növbəsinə salınmışdı, işi saat 8-də başlayırdı.
“Həmin gün söz-söhbət gəzirdi ki, sovet qoşunları gecə şəhərə girəcək. Dispetçerə zəng edib dedim ki, belə getsə, səhərə kimi işləməli olacağıq. O dedi ki, axşam növbəsinə cavabdeh olan rəis səhərə qədər işləməyə icazə vermir. Mən dispetçerə bildirdim ki, lazım olsa, işləyəcəyik, bu icazəni verməyən şəxsdə isə azərbaycanlı qanı yoxdur.
Axşam növbəsini saat 11-də bitirən maşinistlərə: Cahil Həsənov və Akif Rəhimova dedim ki, evə getməyəcəksiniz. Ən yaxşı halda Akifgildən yemək götürüb geri qayıtmaq olar. Çünki onun evi Neftçilərdə idi və yaxın düşürdü. Digər maşinistlərdən Əliyev Ramiq də bizə qoşuldu. Gecə saat 12 oldu, hadisələr başladı. İnsanlar qaçıb metroya girirdi. Əgər biz işləməsəydik, Allah bilir ki, ölüm sayı nə qədər olacaqdı. Səhərə qədər işlədik, depodan əlavə qatar da çıxartdırdım və insanları daşıdıq.
Gecə saat 1-də Nərimanov metrosuna yaralı gətirdilər, tibb məntəqəsində yarasını sarıdılar, sonra təcili yardım gəlib apardı. Səhər saat 5-də maşinistlərlə Nərimanov bağı tərəfdə siqarət çəkmək üçün çölə çıxanda gördük tankın lüləsi metronun içinə tuşlanıb. O mənzərə hələ də yadımdadır. Hadisə baş verəndə 35 yaşım var idi, indi isə 70 yaşım var, amma unuda bilmirəm”.
Cahil Həsənov da həmin gecənin dəhşətini Musavat.com-a danışıb.
25 yaşlı Cahil 19 yanvar gecəsi saat 23:00-da işini bitirib evə getməli idi. Amma təlimatçı maşinistdən məlumat gəlir:
“Evə getməli olanlar getməsin. Şəhərdə vəziyyət gərgindir. Kömək lazım ola və metro səhərə qədər işləyə bilər”.
“Ümumiyyətlə, insanlar azadlıq uğrunda mübarizə üçün demək olar ki, hər gün mitinq edirdi. Son günlər isə vəziyyət daha da gərgin idi. Bundan əvvəl dekabrın 5-də Azadlıq meydanında mitinq olanda dəyənək ilə insanları döyərək dağıtmışdılar. Fikirləşirdik ki, 19 yanvar tarixində də belə olacaq. Amma olmadı... Heç kəs fikirləşmirdi ki, dinc aksiya sonda qanlı faciə ilə bitər.
Danışdıqca 34 il əvvəl baş verənlər sanki dünən olmuş kimi gözümün qarşısından keçir. Sanki yenə səhərə qədər işləyib insanlara kömək etmiş kimi bir hiss keçirirəm”, - deyə maşinist 20 yanvar gecəsi olanları yada salaraq bir az nəfəsini dərir.
“19 yanvar günü saat 16:00-dan axşam 23:00-a qədər işdə olmuşam. İşimi bitirib evə getməli idim. Lakin təlimatçı maşinist İbrət Tahirov məlumat verdi ki, evə gedənlər getməsinlər, çünki metro səhərə qədər işləyə bilər və kömək lazım olar. Biz də etiraz etmədik. Kimin evi yaxın idisə, onlar yemək gətirməyə getdi. Akif Rahimov adlı maşinistin evi “Neftçilər” metrosunun yaxınlığında idi, onlara gedib yemək götürüb geri qayıdanda artıq axşam 12-yə qalırdı. “Neftçilər” metrosu yaxınlığında hay-küy, atışma səsləri eşidildi. Mikrofonla sakinləri küçəyə çağırırdılar. Metroya minib, “Nərimanov” stansiyasına gəldik. Pilləkənləri qalxanda yaralı gətirildiyini gördük. Dedilər Çapayev küçəsi (İndiki Təbriz küçəsi), leytenant Şmidt adlı zavodun qarşısında insanları güllələyirlər. Bu barədə təlimatçı maşinistə xəbər verdik. Biz 4 nəfər idik, göstəriş verildi ki, yaralıları daşımaq üçün küçəyə gedək. Dəmiryol texnikumunun qarşısına çatanda baxdım ki, işıqlı güllələrlə insanları vururlar. Bir təcili yardım, eyni zamanda yük maşını vurulub yolda qalmışdı. Qarşısında şnel var idi, onu qaldıranda altında meyit gördüm, çıxartmağa çalışdım, amma məni də gülləyə tutdular. Yoldaşlarım qışqırdı ki, “səni də vuracaqlar, qaç”. Gizləndik. Atışma sakitləşəndən sonra yaralının birini Nərimanova gətirdik”.
Həmin an maşinistlərə təlimatçıdan məlumat gəlir: “İçərişəhər” metrostansiyasında insanlar çoxdur və onları aparmaq lazımdır. Təcili əlavə qatarla yardım edin”.
“Depodan əlavə qatar verildi və “İçərişəhər”ə getdik. İnsanlar tunellərə düşüb qaçırdı. Bu barədə dispeçərə məlumat verdik. Çünki getmək mümkün deyildi. Təlimat verildi ki, qatarı saxlayıb, onları götürək. Beləliklə, insanları götürüb kabinədən salona keçirdik. Stansiyaya daxil olub, digər şəxsləri də götürdük”.
C.Həsənov səhərə qədər metronun dayanmadan işlədiyini qeyd edib. O vurğulayıb ki, əgər həmin gecə metro işləməsəydi, ölənlərin sayı minlərlə olardı. Qanlı gecədə metro insanların sığınacaq yeri olmuşdu.
Metropoliten işçisi, şahid Məftun Abbasov isə həmin vaxt həm tələbə idi, həm də gecələr tunel ustası kimi işləyirdi.
O da gecənin dəhşətini öz gözləri ilə görüb:
“Barikadalar qurub yolları kəsmişdik. Həmin vaxt mən indiki “İçərişəhər” metrostansiyasında növbədə idim. Xəbər gəldi ki, Salyan kazarmasında vəziyyət gərgindir. Oraya təcili kömək lazımdır. Biz avtobuslarla həmin yerə gedəndə gördük ki, artıq bir təcili yardım maşını və avtomobil vurulub. Saat 12-yə 5 dəqiqə qalırdı, gördük ki, od saçan güllələrlə atəşlər açıldı. Zirehli texnika “Araz” kinoteatrı tərəfdən irəliləməyə başladı. Avtobusları, yük maşınlarını əzib 20 Yanvar istiqamətində irəliləyirdilər. Həmin an özümü itirmədim, yolun qırağında yerə uzandım. Atəş açanların hamısı uzun saçlı, saqqalı adamlar idilər. Sürünə-sürünə ara yollarla özümü “Elmlər Akademiyası” metrostansiyasına çatdırdım. İnsanlar təlaş içində idi, yaralılar var idi. Onları metroya girmələri üçün çağırdım.
Bir məsələni də qeyd edim ki, səhər açıldıqca daşnaklara bənzəyən saqqallı sovet əsgərləri yoxa çıxmışdı, onların yerini normal görünüşlü əsgərlər almışdı. Metro həmin gecə Azərbaycan xalqını kütləvi ölümdən xilas etdi”.