Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti, uşaqların sevimli “Xoruz babas”-sı adı ilə tanınan və məşhurlaşan Hüseynağa Sadıqovun sosial şəbəkələrdə məzarının fotoları yayılıb. Fotolarda diqqətçəkən məqam isə görkəmli sənətkarın başdaşının olmamasıdır. Teatr və kino sahəsində əvəzsiz xidmətləri olan sənətkara görəsən niyə başdaşı qoyulmayıb? Bu onun öz vəsiyyəti olub yoxsa ailə o dövrün ən-ənələrinə sadıq qalıb?
Suallarımızı cavablandırmaq üçün sənətkarın qızı Tamilla Sadıqova ilə əlaqə saxladıq. Qızının Moderator.az-a verdiyi məlumata görə bu atasının vəsiyyəti olub:
“O getmişdi hansısa ölkəyə və orada böyük bir sənətkarın başdaşısız məzarını görmüşdü. O sənətkar da ömrünün yarıdan çoxunu teatr və kinoya həsr etmişdi. Atam da sadə insan idi. Hər zaman dəbdəbədən, şöhrətdən kənar gəzərdi. Həmişə də bizə vəsiyyət etdirdi ki, mənə dəbdəbəli başdaşı qoymayın. Biz də müsəlmanıq. Adətdə var ki, vəsiyyət yerinə yetirilməlidir. Atamın vəsiyyətini yerinə yetirdik. Ona başdaşı qoymadıq, sadə bir məzar hazırlatdıq” deyə o bildirib.
Tamilla xanım deyir ki, o son günündə də uşaqlarla birlikdə olub:
“Televiziyadan zəng etmişdilər ki, uşaqlar gəlib, “Xoruz baba”-nı görmək istəyirlər. Atam da xəstə idi. Anam telefonu götürüb hirslə dedi ki, o xəstədir, necə gələ bilər? Xəstə-xəstə birtəhər televiziyaya gedib onlarla görüşdü. Bu son görüş idi. 2 gündən sonra ürəyimi partladı və dünyasını dəyişdi” deyə sənətkarın qızı bildirib.