Müğənni Manaf Ağayev haqqında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova tərəfindən səslənən fikirlərə cavab verib.
Sənətçi Oxu.Az-a açıqlamasında yanlış anlaşıldığını deyib:
"Mən həkim adı çəkməmişəm, heç bilmirdim hansı xəstəxanada əməliyyat olub. Sadəcə, bir nəfər mənə zəng edib məclisə çağırmaq üçün Çimnaz xanımı axtarırdı. Təxminən 1 həftə öncədən söhbət gedir. Nömrəsini istəyəndə dedim, yox, özü ilə danışım, sonra verim. Onunla danışana qədər xəstəliyindən xəbərsiz idim. Zəng edəndə mənə dedi ki, xəstəxanada idi, amma indi çıxıb, şükür, yaxşıdır, xahiş etdi ki, heç kim bilməsin. Xəstəliyinin nə olduğunu soruşdum, atası da yanında idi, çünki bu gün mənə yaxınlaşdı, dedi ki, siz zəng edəndə onun yanında olub. Çimnaz həmin zəngdə mənə dedi ki, həkimlər onun başına oyun açdılar, 2 dəfə əməliyyat olduğunu bildirdi, amma şükür Allaha, düzəldiyini, yaxşıya doğru getdiyini dedi. Mən isə nə əməliyyatı olduğunu soruşmadım, bugünkü günə qədər bilmirdim.
Mənim heç bir xəstəxana və ya həkimlə qərəzim yoxdur. Sadəcə, nə danışmışamsa, onu da demişəm".
20:54
"Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsi yaraşmaz".
Bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.Az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.
O, müğənninin "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:
"Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, "Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib" deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz".
G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.
12:44
"Çimnaz xanımın xəstəliyi barədə məlumatım var idi".
Bu sözləri jurnalistlərə açıqlamasında Manaf Ağayev deyib.
"Bir nəfər mənə zəng edib məclis ilə bağlı axtarırdı. Ona qədər xəbərim olmayıb. Zəng edib bunun xəbərini Çimnaz xanıma deyəndə gördüm danışa bilmir. Mənə dedi ki, xəstələnmişəm, amma xahiş edirəm heç kim bilməsin. Deyirdi ki, əməliyyat olmuşam, yaxşıya doğru gedir. Bir həftə əvvəl isə telefon əlaqəmiz oldu. Onda da dedi ki, yaxşıyam xəstəxanadan çıxmışam. Xəstə olduğunu heç kimə deməməyi tapşırmışdı.
Bir də dedi ki, həkimlər mənim başıma oyun açdılar. Amma nə olduğundan xəbərim yoxdu. Xanım olduğu üçün soruşub dərinə getmədim. Beləcə telefon əlaqəmiz olub. Xahiş etmişdi ki, maraqlanan olanda xaricə getdiyini deyim".
Qeyd edək ki, 45 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.