Cəmiyyət
228
16 Jan 2025 | 23:32

"Rusiya Belarusu de-fakto ilhaq etməyə hazırlaşır" - ISW

"Kreml Belarusun faktiki olaraq Rusiyaya birləşdirilməsi istiqamətində çoxillik strategiyasının son mərhələsindədir..."
 
Belarus artıq, sadəcə, Rusiyanın müttəfiqi və strateji tərəfdaşı deyil. Rusiya qonşu dövlətin idarəetmə mexanizmlərinin hamısını nəzarət altına almağa və faktiki olaraq onu ilhaq etməyə çalışır.
 
Moderator.az xəbər verir ki,- bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bildirib.
 
"Kreml Belarusun faktiki olaraq Rusuyaya birləşdirilməsi istiqamətində çoxillik strategiyasının son mərhələsindədir", - hesabatda qeyd olunur.
 
Qeyd edilir ki, Rusiyanın Belarusu ilhaq etmək səyləri hələ tam başa çatmasa da, Rusiya hakimiyyəti artıq əhəmiyyətli uğurlar əldə edib. Bu səbəbdən NATO baş verən hadisələrin nəticələrini yenidən qiymətləndirməlidir. 
 
Çünki Belarus üzərində nəzarəti ələ keçirməklə Rusiya ABŞ, NATO və Ukraynaya qarşı istifadə edə biləcəyi resurslara çıxış əldə edir. Bu resurslar Rusiyanın Ukrayna müharibəsindən sonra bərpasına və gələcək müharibələrə daha sürətlə hazırlaşmasına kömək edəcək.
 
"Siyasətçilər elə bir gələcəyi planlaşdırmağa başlamalıdır ki, o zaman Belarus yalnız əsarət altına alınmış bir ölkə deyil, həm də faktiki olaraq Rusiya Federasiyasının davamı olacaq",  - analitiklər qeyd edib.
 
Ekspertlərin fikrincə, Belarus formal olaraq müstəqil bir dövlət olaraq qalacaq, lakin de-fakto Rusiya Belarusun idarəetməsinin əksər, hətta bütün aspektlərini nəzarət altına alacaq. Bu, sülh dövründə Belarus Silahlı Qüvvələri üzərində tam operativ və inzibati nəzarət, eləcə də Belarus ərazisində Rusiya hərbi bazalarının daimi yerləşdirilməsini əhatə edir.
 
Bundan başqa, iki ölkə üçün vahid federal qanunlar və təsisatlar sistemi tətbiq ediləcək, ümumi bazarlar, sərbəst işçi qüvvəsi axını, vahid hüquqi baza və valyutası olan tam inteqrasiya olunmuş iqtisadiyyat yaradılacaq. 
 
Rusiya uzun müddətdir ki, Belarus ərazisindən hərbi məqsədlər üçün istifadə edir. Rusiya qoşunları Belarusun bir neçə sərhəd bölgəsindən Ukrayna ərazisinə hücum edib və dəfələrlə oradan Ukraynaya raket zərbələri endirib.
 
Belarus ərazisində Rusiya hərbçilərinin təlimləri, o cümlədən qeyri-strateji nüvə silahlarının tətbiqi ilə bağlı təlimlər keçirilir. Belarus prezidenti Aleksandr Lukaşenko ötən ilin yazında bildirib ki, Belarus ərazisində Rusiyanın nüvə silahının tətbiqi məsələsinə o, Vladimir Putinlə birlikdə qərar verir.
 
2023-cü ilin may ayında Rusiya və Belarus müdafiə nazirləri Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə sənədlər imzalayıb. Həmin ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq Forumunda çıxış edən Putin bildirib ki, Rusiyanın bəzi nüvə silahları artıq Belarus ərazisindədir və ilin sonuna qədər bütün nüvə başlıqları oraya köçürüləcək.
Link kopyalandı!
Son xəbərlər