“Bir itin əməliyyatı 600-700 manatdır, dəstək yoxdur”  - İt sığınacağından FOTOREPORTAJ-ÖZƏL
Cəmiyyət
858
10:36, Bu gün

“Bir itin əməliyyatı 600-700 manatdır, dəstək yoxdur”  - İt sığınacağından FOTOREPORTAJ-ÖZƏL

“İtlər üçün sığınacağımız Zaqatalanın Aşağı Tala kəndində yerləşir. Bizim ömür boyu evimizdə it olub. Təxminən onların sayı 20-yə qədər idi. 3 ildir ki, sığınacaq şəklində fəaliyyət göstəririk. Burada 300-dən artıq it var. İtlərə bacımla mən baxırıq, qulluq edirik. Yaşadığımız rayondan, ətraf rayonlardan, Bakı və Sumqayıt şəhərindən zənglər gəlir. Maşın vurmuş, güllələnmiş, zəhərlənmiş itləri bizim sığınacağa vermək istəyirlər. Mümkün qədər çalışırıq ki, uzaqlardan sığınacağa it götürməyək. Amma götürdüyümüz vaxtlar da olub. Adətən yaxın bölgələrdən-Şəkidən, Qaxdan, Balakəndən götürürük. Ən ağır vəziyyətdə sığınacağımıza gəlib, sağalan itlər olub. Biz özümüz qulluq edirik, bəzilərini öz təcrübələrimizlə sağaldırıq. Nə bacarırıqsa onu da edirik”
 
Bunu Moderator.az -a açıqlamasında itlər üçün sığınacaq yaradan Nizami Ramazanov deyib. O daha sonra əlavə edib:
 
“Əməliyyatlıq iş olanda itləri Bakı şəhərinə göndəririk. Orada klinikalarda müalicə alırlar və sağalandan sonra gətiririk sığınacağa. İtləri qısırlaşdırırıq. Sığınacaqdakı itlərin 90 faizi qısırlaşıb. Burada aksiyalar təşkil edirik. Bakı şəhərində “İDEA”-da qısırlaşdırmaq pulsuzdur, ora göndəririk. Bakı şəhərinə itləri göndərmək üçün yük maşını lazım olur. Yük maşını da Bakıya gedib-gəlmək üçün 600 manat pul xərc tələb edir. 300 manata gedir, 300 manata gəlir. 25-30 it yükləyirik yük maşınına. Adətən sığınacaqdakı itləri qısırlaşdırırıq. Amma küçə itlərini də qısırlaşdırdığımız vaxtlar olub” deyə Nizami Ramazanov bildirib.
 
Nizami Ramazanov bildirib ki, böyük dəstəyə ehtiyac var:
 
“Bu ərazinin icarəsi də var. İllik 4 min manat icarə pulu ödəyirik. Xəstə heyvanlara qulluq etmək böyük xərc tələb edir. Çalışırıq ianələrlə, heyvansevərlərin dəstəyi ilə bu işləri həyata keçirək. Bacardığımız qədər hamısını həll etməyə çalışırıq. Bu ərazi kifayət deyil. Çünki burada əlavə yerlər tikilməlidir. Heyvanlar aqressivdirlər, xəstələr var, balalar ayrı saxlanılmalıdır. Hamısını bir yerə yığıb baxmaq düzgün deyil. İşçilərə ehtiyacımız var. Bu qədər itə 2 nəfərin baxa bilməsi mümkün olan bir şey deyil. Şərait qurulmalıdır, su çəkilməlidir. 1 günə 500 kiloya yaxın yem yeyirlər. Yemlə bağlı çətinliklər var, çatdırmaq olmur. Yem Bakıdan gəlir. Əlavə hər gün günaşırı 50 manat yük maşınına, 200 manat yemə pul veririk. Bir sözlə çatdırmaq olmur. Yem olmayanda çörək alırıq. Böyük dəstək lazımdır ki, bu sığınacaq ayaqda qalsın. Dəstək olmadan çox çətindir. Sponsor yoxdur, daimi dəstəkçilərimiz yoxdur. Bir itin əməliyyat xərci bəzən 600-700 manat arası dəyişir. Ən adi əməliyyatlar 300-400 manat arasıdır. Könüllülərin köməyi ilə bir yerə kimi davam edə bilərik. Çünki heyvan sayı çoxalır” deyə sığınacaq sahibi bildirib.
 
Nizami Ramazanov yeni il ərəfəsində Zaqatalada küçə heyvanlarının güllələndiyini də bildirib.
 
“Küçə heyvanlarının güllələnməsi, zəhərlənməsi hər zaman olub. Yeni il bayramı axşamı da itləri güllələmişdilər. Kimlər etmişdi bunu deyə bilmərəm. Kütləvi güllələnməni adi, siravi vətəndaş edə bilməz. Heç kimin cürəti çatmaz ki, 10-15 iti götürüb birdən güllələsin. Aidiyyatı qurumlar yəqin ki, özləri bilir bunu kim edib” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər