“Dilbər xanım dəlixanada yatmayıb, onun Müşfiqə olan sevgisinin şahidi mən idim” - ÖZƏL
Ekskluziv
728
14 Jan 2025 | 23:04

“Dilbər xanım dəlixanada yatmayıb, onun Müşfiqə olan sevgisinin şahidi mən idim” - ÖZƏL

“Müşfiq ümumiyyətlə möhkəm adam idi, çünki repressiya dövründə həbs olunandan güllələndiyi ana qədər ən ağır cəzalar bəlkə də Müşfiqə tətbiq olunmuşdu. O bütün bunlara tab gətirirdi”
 
Bunu Moderator.az -a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunus Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O daha sonra Müşfiqin dünyasını dəyişən oğlundan danışıb:
“Bilirsiniz ki, Müşfiqlə Dilbərin oğlu doğulub. Yalçın adını verdikləri körpə 8 ayında dünyasını dəyişib. Müşfiqin övladı vəfat etdiyi zaman, onun keçirdiyi hislərlə bağlı nələrisə danışmaq çətindir. O səbəbdən Müşfiqin öz övladını itirərkən iztirabını necə dilə gətirdiyini sizə tam dəqiqliklə nəql edə bilmərəm. Atamın və digər böyüklərimizin (Müşfiqi şəxsən görənləri, yanında olanları nəzərdə tuturam) xatirələrinə əsasən deyə bilərəm ki, hər bir valideyn kimi Müşfiqdə öz övladını itirərkən çox kədərlənib, çox sarsılıb, lakin kişilər daha möhkəm olduqları üçün və Müşfiq də bir şair olduğu üçün o öz yaşadığı hisləri öz əsərlərində göstərirdi. Əminəm ki, Müşfiq repressiya olunarkən məhv olunan əsərləri arasında öz övladına həsr etdiyi hər hansısa bir əsəri olub. Bu əsərdə də mütləq ki, övlad itkisi yaşayarkən olan hislərini lazımınca büruzə etməyə çalışmışdır” deyə qohumu bildirib.
Reyhanə İsmayılzadə Müşfiqin xanımı Dilbərlə bağlı yazılanlara da aydınlıq gətirib:
 
“Yazırlar ki, Dilbər xanım dəlixanada yatıb. Bildiyim qədərilə o dəlixanada yatmayıb. Həbs olunduğu müddətdə gördüyü əzab-əziyyət səbəbilə psixoloji problemləri yarandığına görə bir psixi dispanserdə müalicə alıb. Dilbər xanım bəzi səbəblərdən yenidən ailə qurmaq məcburiyyətində qalsa da Müşfiqi tanıdığı gündən bu dünyadan köçdüyü günə qədər ona olan sevgisini qəlbində yaşatdı, “Müşfiqli günlərim” adlı nacizanə bir əsər yaratdı. O Müşfiqi heç vaxt unutmadı. Hətta mən o əsəri sevgi dastanı adlanırardım. Dilbər xanımın Müşfiqə olan sevgisinin şəxsən mən şahidiyəm. Dəfələrlə də bu hadisəni öz müsahibələrimdə qeyd etmişəm. Mən 8-ci sinifdə oxuyarkən Balacaxanım bibim can verirdi, lakin Müşfiq deyə sayıqlayırdı, atam (Mikayıl Müşfiqin əmisioğlu - şair-qəzəlxan Yunus İsmayılzadə) və biz nə edəcəyimizi bilmirdik ki, o rahatlıq tapa bilsin. Sonunda Müşfiqin ədəbiyyat kitabının içində olan şəklini və xalq artistimiz Zeynəb Xanlarovanın ifasında “Qal, sənə qurban” mahnısının olduğu plastinkanı (onun da üzərində Müşfiqin şəkli var idi) Balacaxanım bibinin ürəyinin üstünə qoyduq, lakin bu da fayda etmədi. Valideynlərim məsləhətləşdi ki, Dilbər xanımı çağıraq, mən qohumumuz, jurnalist Məryəm xanımla Dilbər xanımın evinə onu çağırmağa getdim. İçəri girdiyim zaman donub qaldım, sanki, Müşfiq dünyasına düşmüşdüm, evin hər yeri Müşfiqin və onların birlikdə olan şəkilləri  ilə dolu idi. Həmin andan mən Müşfiq Dilbər sevgisinin necə möhkəm və əbədi sevgi olduğunu daha yaxşı anladım” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər