“Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmdəki yeniliklərilə bağlı düşüncələr
Cəmiyyət
891
14 Jan 2025 | 14:15

“Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmdəki yeniliklərilə bağlı düşüncələr

Dünya elminə yenilik gətirən görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq Əliyevin  “Qeyri-səlis  məntiq və dil-nitq” kitabinda ilk dəfə olaraq dilçilik sahəsində müşahidə olunan real sistem və hadisələr ümumiləşdirmələr əsasında deyil, Zadənin qeyri-səlis nəzəriyyəsi  tətbiq edilməklə araşdırılmışdır. 
 
İnsan daim  nitqinə xas olan mürəkkəb  problemlərə  diqqət yetirərək onları  düzgün başa düşmək üçün analitik düşüncə ilə təfəkkürün aşkar və gizli  məqamlarını davamlı olaraq müəyyən etmək istəmiş  və həmin problemlərin maraqlı tərəflərinin  həlli yollarını axtarmışdır. Bu yolu davam etdirən müəlliflər “Qeyri-səlis  məntiq və dil-nitq” kitabında  dil və nitqin hər bir vahidinin dərinliyində  duran təqribilikləri yeni platformadan tədqiq etməklə bu sahədə bir sıra yeni və maraqlı müddəalar irəli sürmüşlər ki, bu da dünyavi biliklərimizin daha dəqiq və aydın şəkildə dərk edilməsi üçün  böyük bir addımdır.
 
Zadənin qeyri-səlis nəzəriyyəsinin praktiki olaraq dilçilik elminə tətbiqi  bir sıra məsələlərə yeni  müddəalarla yanaşmağı tələb edir.  
 
Dilçilik elminə “qeyri-səlis məntiq” nəzəriyyəsinin  dörd faset (qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, epistemik və münasibətlər) əsasında tətbiq olunması  dil və nitq ilə əlaqədar obyektiv aləm haqqında olan biliklərimizin  bir sıra həqiqət dərəcələrinin üzə çıxarılmasına nail olunmuşdur. Qeyri-səlis çoxluqların köməyilə müəlliflər yeni modellər əsasında ümumiləşdirmədən-konkretliyə keçid etməyi, tam müsbət və ya tam mənfi yanaşmalardan uzaqlaşmağı təklif edirlər. Kitabda araşdırılan hər bir faset öz-özlüyündə  bu istiqəmətdə yeni araşdırmalıar üçün perspektiv istinad nöqtəsi yaradır. 
 
“Qeyri-səlis  məntiq və Dil-Nitq” kitabında   bir sıra dahi filosofların fikirlərini müqayısəli şəkildə dilçilik sahəsinə tətbiq etməklə  insan zəkasının çətinlik çəkdiyi bəzi məsələlərə aydınlıq gətirilmişdir. Qeyd olunan əsərdə alimlər real aləmin saya-hesaba gəlməyən zəngin və rəngarəng çalarlarına,  hələ də açılmamış bir çox sirlərə təhriflərdən uzaqlaşmaqla sistemli şəkildə münasibət bildirmişlər. 
 
Kitabın ayrı-ayrı fəsillərində  geniş şəkildə təhlil olunan dilin və nitqin  gizli qatları  epistemik fəlsəfi fikir aspektindən təhlil edilmiş və onların  semantik sərhədləri reallığa uyğun olaraq “Sorites paradoksu”na əsasən araşdırılmışdır ki,   bu baxımdan da əsər böyük önəm daşıyır. 
 
On dörd fəsildən ibarət olan kitabda qeyri-səlisliyin fonetik, morfoloji və leksik qatlarda, cümlədə, mikromətndə, bədii dildə  istifadəsi və dilçiliklə süni intellektin əlaqəsi ətraflı verilmişdir. 
 
Professor Zadə rəngin çalarlarını ifadə etmək üçün qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürdü və tezliklə bu nəzəriyyə elm və sənayenin müxtəlif sahələrində uğurla tətbiq olundu. Nəzəriyyə bu gün də linqvistik və qeyri-dəqiq informasiyanın emalında istifadə olunan ən güclü vasitədir. Bu kitabla isə müəlliflər  sözün çalarlarının təsvirində qeyri-səlis məntiqdən istifadə ideyasını verməklə  yeni elmi istiqamətin əsasını qoydular. Müəlliflər dilçilik, qeyri-səlis məntiq və informasiya nəzəriyyəsi üçün yeni yanaşmaların yaradılmasını aktual problem olaraq  ortaya çıxardılar. 
 
Bu kitabı vərəqləyəndə iki müxtəlif elm sahələrinin aparıcı alimlərinin   öz elm sahələrinə vurğunluğu və elmlərin sinerjisinə fəlsəfi baxışları diqqəti xüsusi cəlb edir. Oxucu söz olmasa düşüncənin gərəksiz  olduğunun, sözün təsvirinə diqqət yetirməyin vacibliyinin şahidi olur.  Sözün təsviri və tələffüzü baxımından   düşüncənin ifadə edilməsi və anlaşılması üçün yeni bir elmi istiqamətin yarandığını hiss edir.  
 
Kitabın giriş hissəsində dilçilikdə qeyri-səlis məntiqin izləri aydın şəkildə ifadə edilib. Təqdim edilən nümunələr qeyri-səlis məntiqdən qeyri-müəyyənliyin təsviri üçün istifadə edildiyini bir daha sübut edir. Buradan göründüyü kimi qeyri-səlislik sözlə təsvir olunan ifadələrin dərin məzmununu ifadə etməyə imkan verir. Lakin onu da qeyd edək ki, qeyri-səlisliyin dilçilikdə tətbiqi sahəsində müəyyən boşluqlar var və ümid edirik ki, haqqında danışdığımız kitab bu istiqamətdə öz töhfəsini verəcəkdir.
 
Kitab yüksək səviyyəli elmi-texniki dildə yazılmışdır, kitabda yazılanları anlamaq üçün fəsillərin ardıcıl oxunması tövsiyə olunur. Ümid edirik ki, kitabı oxuyanlar və bilik əldə edənlər dil mühəndisliyi sahəsində elmi tədqiqatların aparılmasına güclü təkan verəcəklər və bu əsər dil mühəndisliyi,  dilçilikdə informasiya  texnologiyalarının tətbiqi, emosional süni intellekt, təbii dilin email sahəsində  olan problemlərin həllində tədqiqatçılara yardımçı olacaqdır. Məhz bu səbəbdən müasir ideyanı ortaya qoyduqlarına görə müəlliflərə təşəkkür edirik və bu kitabın tədqiqatçıların stolüstü kitabı olacağına inanırıq.  
 
Böyük fəxrlə qeyd etmək istərdik ki, təqdim edilən kitabla azərbaycanlı alimlər professor Zadənin ideyalarının gerçəkləməsi yolunda yeni bir addım atmışlar və onun  qeyri-səlis məntiqin istifadəsi  haqqında  “Mən iqtisad elmində çalışan insanların, psixoloqların, fəlsəfə sahəsində, linqvistika sahəsində, siyasətdə, sosiologiyada, dində və saysız - hesabsız başqa sahələrdə çalışanların bundan faydalanacağına inanıram”  ifadəsindəki inamını sübuta yetirmişlər.
 
Hesab edirik ki, bu tədqiqat əsəri yeni bir elmi istiqamətin inkişafında bir rüşeymdir və dilçiliklə müasir riyaziyyatın birgə  tətbiqini özündə optimal şəkildə birləşdirir. 
Kitabda yeni bir elmi istiqamət kimi əks olunan dil fəaliyyətindəki  hər bir vahidin dəyər çəkisinin  konkret dərəcələrinin qeyri-səlis çoxluqlarla müəyyən edilməsi də önəmli məsələrdən biridir.
 
Təqdim olunan kitabda dəyərli alimlərimiz sübut edirlər ki, dil üzrə bilik mütləq əminlik və ya qeyri-müəyyənlikdən daha çox və ya daha az müəyyən ola bilər. Müəlliflər, qədim filosofların irəli sürdüyü fikirləri  “hər bir cismin zahiri görünüşünə görə deyil, onların “arxasında” olan reallığı hiss edərək araşdırma aparmağı  da qarşılarına məqsəd qoymuş və bu məqsədə nail olmuşlar.
 
 Alimlər bu dilçilik əsərini ərsəyə gətirməklə,  dünyada Zadə tərəfindən ilk dəfə irəli sürülən  və "qeyri-müəyyən dil" adlanan və dil vasitəsi olan "Hedc"  problemlərini də Azərbaycan dilinin dərinliklərində   müəyyən etmiş və onların yaratdıqları qeyri-müəyyənliklərin səbəblərini araşdıraraq  mühüm yeniliklər əldə  etmişlər. Qeyri-səlis dildə qeyri-müəyyənlik  bildirən  və mənanı manipulyasiya etmək iqtidarında olan  çoxşahəli “hedc”lər  kimi mühüm məqama toxunulması və onların “boşluqlar adlandırılaraq  mətnin ümumi semantikasında «qara dəliklər» kimi qəribə şəkildə təzahür etməsi” məsələlərinin   araşdırılması dilçilik elmimizə böyük bir töhfə və yenilikdir.
 
Mövcud təsnifat çərçivələrindən istifadə etməklə sözlərin və mənaların dilimizə uyğun kateqoriyalarda birləşməsinin  təsvirini vermək,  onların qeyri-dəqiq  və natamam mənasına aydınliq gətirmək, mövcud olan  qeyri-müəyyənlikləri üzə çıxarmaq bu fundamental əsərin əsas məqsədlərindəndir.  Bundan əlavə, müəlliflər bu kitabda eyniyyət, ziddiyyət, üçüncünün istisnası qanunlarına da istinad edərək  Zadə məntiqininin fərqli cəhətlərini təhlil etmiş,  aparılan  araşdırmalar nəticəsində  semantik məna dəyişikliklərinin bir sıra məqamlarını üzə çıxarmağa nail olmuşlar.
 
Beləliklə,  alimlərimiz “Qeyri-səlis  məntiq və Dil-Nitq” kitabı kimi  fundamental əsəri yaratmaqla dilçilik elmində bir yenilik  kimi mütləq həqiqətin nədən ibarət olduğunu  aydınlaşdırmış, eləcə də qətiyyətlə demək olar ki, linqvistik və riyazi bilikləri bu araşdırmada bir araya gətirə bilmişlər.
 
 
Lətafət Qardaşova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi
 
Fəridə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
“Xarici Dillər” kafedrasının müdiri, dosent 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər