Yeni metro stansiyaları bu ərazilərdə olacaq - RƏSMİ
Cəmiyyət
1000
14 Jan 2025 | 13:46

Yeni metro stansiyaları bu ərazilərdə olacaq - RƏSMİ

“Cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasında Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”.
 
Moderator.az bildirir ki, bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
 
Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm rol oynayan Bakı metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin cari və gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır. Xüsusilə Yaşıl və Bənövşəyi xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsədlərdən biridir.
 
Qeyd olunub ki, son illərdə Bakı metropoliteninin müasirləşdirilməsi sahəsində də irəliləyişlər əldə olunub.
 
“COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlər təmin edəcək. Dövlət dəstəyi ilə həyata keçirilən bu layihələrdə dünya təcrübəsindən öyrənilən modellər də tətbiq olunur. Avropa İnvestisiya Bankı ilə imzalanmış memorandum isə metropolitenin genişləndirilməsi və 10 yeni stansiyanın tikintisi üzrə davamlı investisiya təminatı üçün mühüm addımlardan biridir.
 
Bakı metropoliteninin müasirləşdirilməsi təkcə şəhərin nəqliyyat sisteminin deyil, həm də onun dayanıqlı və yaşıl inkişaf siyasətinin əsas sütunlarından biridir. Yaxın illərdə bu sahədə dinamik irəliləyişlərin müşahidə olunacağı gözlənilir. Bütün yeniliklər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə “Bakı Metropoliteni”ndən bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər