"Dünyanın qlobal güc balansında artan dəyişikliklər dönəmində ABŞ daha aqressiv və qarşıdurma siyasəti yeritməli olacaq..."
Son onilliklər ərzində Avropa öz iqtisadi, siyasi və strateji gücünü itirib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Məqalə müəllifi Uolter Rassel Mid (Walter Russell Mead) qlobal güc balansında artan dəyişiklikləri təhlil edir və Donald Trampın ikinci prezidentlik dövrünün ABŞ-ın daha aqressiv və qarşıdurma xarakterli xarici siyasətinə gətirib çıxara biləcəyini proqnozlaşdırır.
Mead qeyd edir ki, Amerika Birləşmiş Ştatları Avropa və Yaponiyanın zəiflədiyi bir vaxtda öz gücünü artırır. Bu, ABŞ-ın müttəfiqlərini qlobal problemlərin həllində daha az əhəmiyyətli və faydalı edir.
Avropa müttəfiqlərinin zəifləməsi
Son onilliklər ərzində Avropa öz iqtisadi, siyasi və strateji gücünü itirib. Müəllifin fikrincə, Almaniya və Fransa kimi əsas Avropa ölkələri rəqəmsal dövrə uyğunlaşa bilməyib.
Onlar XXI əsrdə uğur qazanmaq üçün zəruri olan yeni texnologiyaların və korporativ strukturların yaradılmasında geri qalıb. Karbon emissiyasını azaltmağa yönəlmiş iqlim siyasətinə həddindən artıq diqqət Avropanın rəqabət qabiliyyətinə zərər vurub, həddindən artıq tənzimləmələr isə iqtisadi artımın qarşısını alıb.
Avropa İttifaqı (Aİ) ölkələrinin nailiyyət hesab etdiyi sosial təminat sistemi maliyyə yükünə çevrilib və iqtisadi artım perspektivlərini sarsıdıb. Bu amillər Avropanı Çinin iqtisadi ekspansiyası və Rusiyanın aqressiv siyasəti qarşısında həssas edib.
Avropa İttifaqının siyasi zəifliyi
Siyasi səviyyədə Avropa, Avropa İttifaqını güclü geosiyasi oyunçuya çevirməyi bacarmayıb. Aİ ölkələrinin milli hökumətləri qlobal hadisələrə təsir göstərə bilmək üçün çox kiçikdir və bürokratik kütlük və kompromislər səbəbindən birgə fəaliyyətlər çox vaxt səmərəsiz olur.
Miqrasiya siyasətindəki uğursuzluqlar vəziyyəti daha da ağırlaşdırıb: demoqrafik böhran şəraitində Avropa liderləri öz seçicilərinin dəstəyini itirir, bu isə radikal hərəkatların artmasına yol açır.
Strateji uğursuzluqlar
Avropa təkcə iqtisadi çağırışlar qarşısında deyil, həm də Yaxın Şərq və Şimali Afrikadakı siyasi qeyri-sabitlik qarşısında həssasdır. ABŞ bu regionlarda öz təsirini artırdığı bir vaxtda, Avropa diplomatiyası faktiki olaraq yoxdur. Təhlükəsizlik təhdidlərinə cavab verməkdə Aİ-nin uğursuzluğu Rusiyanın aqressiyasına və Çinin iqtisadi ekspansiyasına qarşı effektiv tədbirlər görməyə mane olur.
Husilərin Qırmızı dənizdə kommersiya nəqliyyatına hücumlarına Avropanın laqeyd münasibəti və Rusiyanın Fransanı Afrikadan sıxışdırıb çıxarması Aİ-nin strateji zəifliyini vurğulayır. Ukraynada üç il davam edən müharibəyə baxmayaraq, Avropa ölkələri hələ də Rusiya enerji resurslarını alaraq təcavüzkarın iqtisadiyyatını dəstəkləyir.
Üstəlik, Aİ-nin "yaşıl siyasəti" Çin tərəfindən zəiflədilib və bu, Avropa avtomobil sənayesinə- regionun iqtisadiyyatı və sosial sabitliyi üçün həyati əhəmiyyət kəsb edən sahəyə ciddi ziyan vurub.
Avropa və Trampın ikinci dövrü
Müəllifin fikrincə, Avropa bu gün ABŞ-a hər zaman olduğundan daha çox ehtiyac duyur, lakin Amerikanın siyasətinə daha az təsir göstərir. Buna görə də əvvəllər güclü olan Avropa ölkələrinin liderləri Donald Trampın bəyanatlarına narahatlıqla reaksiya verir. Onun ikinci prezidentlik dövrü Avropa üçün birincidən daha çətin ola bilər.
ABŞ prezidenti Co Bayden Rusiya, Çin, İran və iqlim siyasətinə dair çoxsaylı strateji səhvlərə baxmayaraq, Almaniyanı əsas müttəfiq adlandırıb. Ancaq Tramp və onun MAGA komandası (Make America Great Again) Avropanın uğursuzluqlarına tənqidi yanaşır və Aİ-nin daha sərt tənqid edilməsini tələb edir.
ABŞ-ın postAvropa dünyasında rolu
Müəllif vurğulayır ki, Avropa müttəfiqlərinə ünvanlanan tənqidlərə baxmayaraq, ABŞ üçün onların zəifləməsinə, sadəcə, tamaşa etmək sərfəli deyil. Çin və Rusiya kimi revizionist dövlətlərdən gələn artan təhdidlər fonunda Amerika Avropanın bərpasına dəstək verməli, onun zəifləməsini bayram etməməlidir.
Müəllifə görə, yeni Amerika administrasiyası Yaponiya, Hindistan, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ kimi tərəfdaşlarla əməkdaşlığa üstünlük verməlidir. Cənub-Şərqi Asiya və Cənubi Amerikadakı ölkələrdə də ABŞ-ın mövqelərini gücləndirmək üçün vacib imkanlar açılır.
Transatlantik münasibətlərin gələcəyi
Müəllif hesab edir ki, Avropa artıq Amerikanın xarici siyasətinin mərkəzində deyil. Əgər Aİ daxili böhranı dəf edə bilməsə, gələcəkdə ABŞ administrasiyası Avropanın yalnız ikinci dərəcəli rol oynadığı, Trampın yönəltdiyi yeni qlobal düzən siyasətini davam etdirəcək.