Bələdiyyə seçkilərinə görə bülletenlərin çapına başlanıldı
Cəmiyyət
334
11:55, Bu gün

Bələdiyyə seçkilərinə görə bülletenlərin çapına başlanıldı

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
 
Moderator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə mətbəədə çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.
 
Media nümayəndələrinin bilavasitə iştirakı ilə çap prosesinə baxış zamanı Mərkəzi Seçki Komissiyasının sədri diqqətə çatdırıb ki, vətəndaşların konstitusion hüquqlarının realizə olunmasındakı mühüm rolu nəzərə alınaraq, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapı başa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmalıdır. M.Pənahov, həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.
 
Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi də keçirilib. Həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkisinə hazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkisi ilə əlaqədar 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin çap olunmasına qərar verilib.
 
O bildirib ki, artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb və seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcəkdir. Mərkəzi Seçki Komissiyasının sədri, eyni zamanda vurğulayıb ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkisində də seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyata keçirilir.
 
Link kopyalandı!
Son xəbərlər