Xaricdə praktika keçmiş tələbələr ölkəyə gələndən sonra işlə təmin oluna bilirlər?-ARAŞDIRMA+ÖZƏL
Cəmiyyət
330
10 Jan 2025 | 22:37

Xaricdə praktika keçmiş tələbələr ölkəyə gələndən sonra işlə təmin oluna bilirlər?-ARAŞDIRMA+ÖZƏL

Bildiyimiz kimi yerli tələbələrimiz həm öz təhsillərini davam etdirmək, həm də kariyeralarında üstün təcrübələr qazanmaq üçün xaricə üz tuturlar. Elə qəhrəmanımız Vüqar Məmmədov kimi. 3 il öncə xaricdə təcrübə keçərək vətənə qayıdan və özəl şirkətlərdən birində beynəlxalq əlaqələr şöbəsində mütəxəssis kimi çalışan qəhrəmanımız bildirib ki, xaricdə praktika onun şəxsi inkişafı üçün də böyük rol oynayıb:
 
“Həm dil biliklərimi təkmilləşdirdim, həm də fərqli dünyaların mədəniyyəti ilə tanış oldum. Beynəlxalq əlaqələrdə təcrübəçi olmaq kimi böyük bir üstünlüyə sahibəm. Düşünürdüm ki, hansı şirkətə getsəm iş haqda problemim olmayacaq. Amma əksər hallarda gözləntilərimiz fərqli nəticə verir. Bir müddət işsiz qaldım. Təxminən 4-5 ay. Fərqli yerlərə, ələxsus da beynəlxalq əlaqələrlə bağlı bəzi yerlərə CV verdim. Bir müddət sonra məni işə qəbul etdilər. Əslində isə xaricdə təcrübə keçib vətənə qayıdan şəxslər tez bir zamanda işlə təmin olunmalıdır” deyə qəhrəmanımız bildirib.
 
Bəs xaricdə praktika imkanları hal-hazırda hansı vəziyyətdədir? Ölkəyə qayıdan tələbələr rahatlıqla iş tapa bilirlərmi? Təhsil eksperti Aisa Aslanova Moderator.az-a açıqlamasında bildirib ki, xarici diplomla universiteti bitirənlər üçün bir çox hallarda iş tapılır:
 
“Tələbələr çox vaxtı soruşur ki, işləri haradan tapmaq olar? Hal-hazırda yerli müəssisələr “Karyera Sərgiləri” keçirir. Son dəfə Bakı Mühəndislik Universiteti etmişdir, yüzlərlə vakant yerlər də paylaşılmışdır. Tələbələr qayıdanda vakant yerlərlə bağlı mütəmadi şəkildə emaillar alırlar. Hətta onlar üçün də vakansiyalarla bağlı ayrı sərgilər olur. Əminliklə deyə bilərəm ki, xarici diplomla, özü də DP məzunu üçün həmişə iş tapılır. Bir - çox məzun da artıq Qarabağ Universiteti, Neft Fondu və s. yerlərdə çalışır. Tələbə xaricdən vətənə qayıtdıqdan sonra CV-də artıq xarici şirkət/ təşkilat olur. İkincisi həqiqətən də praktikada xarici bir təcrübə yaşamış şəxs kimi istər ixtisas istiqamətləri ilə bağlı, istərsə də motivasiyaları ilə bağlı daha aydın fikirlər səsləndirə bilirsiniz” deyə təhsil eksperti bildirib.
Ekspert xaricdə praktika keçmiş tələbələrin qarşılaşdıqları ən böyük çətinliklərdən də danışıb.
 
“Adətən tələbələr xaricdəki əməkhaqqı ilə buradakı əməkhaqqı arasında fərqə görə işlərin bəzilərindən imtina edir. Lakin bu situasiyada həmişə demişəm ki, xarici maaşlar onların xərclərinə əsasən tənzimlənir. Odur ki, seçim edəndə adekvat yanaşmaq lazımdır” deyə o bildirib.
 
Aisa Aslanova işəgötürənlərin xaricdə təcrübə keçmiş tələbələrə olan yanaşmasından da danışıb:
 
“İşəgötürənlər adətən üstünlüyü xarici təcrübəyə malik olanlara verir. Bu həm vəzifəyə də, maaşa da, bir çoox digər amilə də təsir edir. Xarici diplomlu tələbələr burada işə yalnız “Senior” pozisiyasından başlayır. Odur ki, xarici təcrübə və təhsil əvəzolunmaz bir üstünlükdür” deyə o bildirib.
 
Təhsil eksperti ölkəmizdə xaricdə praktika imkanları ilə bağlı mövcud olan resurslar və dəstək proqramları haqqında da danışıb:
 
“Ölkəmizin müxtəlif dövlətlərlə bu barədə razılaşmaları var. Tələbələr mübadilə proqramları vasitəsilə xaricə gedə bilir. Məsələn- “UGRAD”, “Mevlana”, “Erasmus +” və s. Əlavə olaraq da “SUSI” kimi yay proqramları da mövcuddur” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər