Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yenə narazılıqlarla gündəmdədir.
Qeyd edək ki, ötən ilin sentyabrında tanınmış jurnalist Tural Museyibov “AAAF Park”da Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin və onun yanında dövlət atributlarının təsvir olunduğu kompleksin söküntüsü ilə bağlı paylaşım etmişdi.
Sökülən kompleksin yerində nə inşa olunacağı ilə bağlı suallar ünvanlandıqdan sonra şirkət tərəfindən sözügedən guşənin yenilənəcəyi barədə məlumat paylaşılmışdı.
Lakin əldə etdiyimiz məlumata görə, həmin ərazidə söküntü işləri daha da genişlənirilib və mənzərə onu deməyə əsas verir ki, şirkət tərəfindən yeni tikinti layihəsi üçün məhz dövlət atributları ilə Ümummilli liderin fotosunun olduğu yer seçilib.
Vətəndaşlar da mövcud durumdan şikayətçidirlər. Sakinlərin sözlərinə görə, aparılan tikinti işləri binalara yaxındır və bu onların gündəlik yaşayışına mənfi təsir edir.
Maraqlıdır ki, yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də aparılan tikinti işlərindən xəbərsiz olduğu və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılmadığı vurğulanr.
Həmin ərazinin sakinlərin parklanma yeri olduğu da qeyd olunmaqdadır. Kompleksdə yaşayan vətəndaşlar artıq 5 aydır, mövcud vəziyyət ucbatından avtomobillərini park etməklə bağlı çətinliklər yaşayırlar.
Bununla yanaşı, AAAF binalarında liftlərin olmadığı, lift şaxtalarının təhlükəli vəziyyətdə – açıq olduğunu qeyd edən sakinlər buna görə övladlarının təkbaşına çölə çıxmağa icazə vermədiklərini vurğulayıblar. Liftlərin işləməməsi və şaxtaların təhlükəli vəziyyətdə olması ilə bağlı şirkətə şikayət ünvanlayan sakinlər heç bir şikayətə münasibət bildirilmədiyini də əlavə ediblər. (Referans.az)
Qısacası, “Mülk Allahındır” şüarı ilə bir aralar məşhur olan şirkətdən mənzil alanların yeganə çıxış yolları Allaha qalıb. Çünki ərazidə gördüyü ən kiçik ərazilərdə belə nəsə tikən, ən son Heydər Əliyev guşəsinin ərazisində belə obyekt tikən AAAF rəhbərliyinə Xırdalanda “gözün üstə qaşın var” deyən yoxdur.
Minlərlə sakinin AAAF Park binalarında yaşadıqları N sayda problem azmış kimi park yerlərinin işğal olması da əhalinin səbrini daşırmaqdadır.
Mövzuya qayıdacağıq.