“Mənə Gəncənin xalq artisti deyirlər” - 15 ilin “Küpəgirən qarı”-sı-FOTOLAR+ÖZƏL
Cəmiyyət
650
09 Jan 2025 | 22:35

“Mənə Gəncənin xalq artisti deyirlər” - 15 ilin “Küpəgirən qarı”-sı-FOTOLAR+ÖZƏL

“Küpəgirən qarı” obrazını hardasa 15 ildir oynayıram. Bu rol ifamda çox tanınıb. Amma bununla belə yaratdığım obrazlarım çoxdur. “Küpəgirən qarı” obrazına daha çox məktəblərdə, bayramlarda, ələxsus da yeni ildə tələbat yaranır. “Halloven” partilərində də çox istənilir. Bu elə bir obrazdır ki, öz aktuallığını saxlayır. Rus nağıllarında bu obrazın adı çəkilir. Rus sektorunda oxuyan uşaqlara daha maraqlıdır. Hər kəs bu obrazı bir ayrı yaradır. Məndə isə bu tamam başqa alınır”
 
Bunu Moderator.az-a açıqlamasında aktyor Natiq Lətifli deyib. O daha sonra əlavə edib:
 
“Səhnədə çıxış etmək, bir neçə insanın obrazını oynamaq kənardan asan görünsə də çox çətindir. Həqiqətən də.. Aktyor sənətində sən hər zaman kiminsə həyatını oynayırsan. İnsanlar öz həyatlarını belə doğru-dürüst yaşaya bilmirlər. Bu baxımdan işimizin çətinliyi çoxdur. İsti havada elə etməlisən ki, üzündəki qrim də pozulmasın, obrazı da yarada biləsən” deyə aktyor bildirib.
 
Natiq Lətifli deyir ki, bu sənətdə təhsilin önəmi böyükdür:
 
“Üç təhsilim var. Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyoru fakültəsini, jurnalistikanı bitirmişəm. Bundan başqa Beynəlxalq Universitetin hüquq fakültəsində də təhsil almışam. Üstəlik də xoreoqrafiya dərslərində iştirak etmişəm. Bu sahədə qeyri peşəkarlar çoxdur. Adicə Novruz bayramını götürək. Kosa və Keçəl bizim milli obrazlarımızdır. İndi hər yoldan keçən başına corab taxıb keçəl olur, boğazına nəsə salıb kosa olur. Ağızlarına gələni də danışırlar. Hər şeyi ucuzlaşdırıblar. İndi hər yoldan keçən klondur. Halbuki klounada janrı var. Kimə deyirsən? Taksisi də, santexnik də, sürücü də klon işləyir. Hər şeyin öz incəlikləri var. Görürlər ki, pul var geyinib gedirlər. Ən azından təhsilin önəmi çoxdur. Təhsil olmadığı üçün o qeyri-peşəkarlar öz sənətlərinə yiyələnə bilmirlər. Azərbaycanın elə xalq artistləri var ki, orta təhsil alıblar. Amma içlərində sənət eşqi, fitri istedad olub” deyə o bildirib.
 
Aktyor bildirib ki, heç vaxt teatrda çalışmayıb:
 
“Teatrda işləməmişəm. Çünki bütün sahələrdə olduğu kimi aktyor sənətində də paxıllıqlar və ayaqdan çəkmələr var. Mən heç ona çatdırmadım özümü ki, kimsə mənim ayağımdan çəksin. Bu dəqiqə əksər teatrlarda universitet təhsili olmayan gənclər çalışır. Oxusan da çalışa bilirsən, oxumasan da. Təhsil artıq önəmli rol oynamır. Aktyor olmaqdan ötrü aktyor doğulmaq lazımdır. Durduğun yerdə, təhsil almaqla aktyor ola bilmirsən. Şükür Allaha Gəncə və Gəncəbasar bölgəsində, eləcə də Bakıda məni tanıyanlar çoxdur. Mənə Gəncədə hamı xalq artisti deyə müraciət edir. Xalq artisti adi kağız üzərində olmur ki” deyə sənətçi bildirib.
Link kopyalandı!
Son xəbərlər