İdman Akademiyasından təkzib: 
Cəmiyyət
688
09 Jan 2025 | 14:38

İdman Akademiyasından təkzib: "Bu xəbər həqiqəti əks etdirmir"

"Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçinin vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir".
 
Moderator.az xəbər verir ki, bu barədə Akademiyanın yaydığı məlumatda qeyd olunur.
 
Bildirilir ki, İdman Akademiyası qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına məqsəd qoyub:
 
"Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib. Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.
 
Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir. İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatların müsbət nəticələrinin şahidi olacaq".
 
Xatırladaq ki, səhər saatlarında akademiyada ixtisarların aparıldığı və bunun davam edəcəyinə dair informasiyalar yayılmışdı.
 
Link kopyalandı!
Son xəbərlər