Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər bazarda 11 manata təklif olunan Ukrayna əti insanlar arasında ciddi marağa səbəb olub.
Bu ətin digər ətlərdən çox ucuz olması bəzi şəxslərdə razılıq doğursa da, əksəriyyət müharibə şəraitində yaşayan olan ölkədən ixrac olunan ət barəsində narahatlıq hissi keçirirlər.
Ukraynadan Azərbaycana gətirilən ətlərin keyfiyyətinin bütün standartlara cavab verib-verməməsi əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:
"Bildiririk ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə müvafiq sənəd verilir və dövriyyəyə buraxılır.
Belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.
Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər". /Milli.az/