İnsanın keçdiyi həyat yolu onun cəmiyyətdəki mövqeyini, ictimai statusunu, mənəvi dünyasını formalaşdırır. Burada onun doğulub boya-başa çatdığı mühitin, ana torpağın da rolu böyükdür. Atalar demişkən “Ot kökü üstə bitər”.
Hələ yetkinlik yaşından Rəhman İsmayılovun əhatə olunduğu saf mühit, gözəl ailə, ətrafında cərəyan edən hadisələr ona ömrünü mərd, vicdanlı, şərəfli yaşamağı, mübariz olmağı aşılamışdır.
Dinc tələbə həyatını qanlı döyüş meydanına dəyişən vətənpərvər...
Xocalıda dünyaya göz açan Rəhman İsmayılov ömrünün ən xoş günlərini, eyni zamanda ən dəhşətli faciəni də elə orada yaşamışdır. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra bir neçə il Xankəndi şəhərində fəaliyyət göstərən “Qarabağ” futbol komandasında futbolçu olmuşdur. Sonra Rusiyanın Çita şəhərində Politexnik İnstitutuna qəbul olur. Çoxlarımızın qəlb ağrısı ilə xatırladığı Qarabağ hadisələrində erməni işğalçıları torpaqlarımıza hücum etdiyi zaman, vətənimizin bir çox igid övladları kimi Rəhman İsmayılov da öz təhsilini yarımçıq qoyub ata-baba yurduna qayıdır. Taleyüklü bu məqamda Vətəninin, xalqının mənafeyini qorumaq üçün Xocalı özünümüdafiə dəstəsinə üzv yazılır, hərbi əməliyyatlarda iştirak edir.
Dinc tələbə həyatını qəlbinin səsi ilə qanlı döyüş meydanına dəyişən, vətənin bütövlüyünü qorumaq üçün ölümə cəsarətlə meydan oxuyan Rəhman İsmayılov, müharibə illərində özünü cəsur döyüşçü, yenilməz hərbçi kimi göstərir. Qeyri-bərabər döyüşlərdə çoxsaylı şəxsi igidlik nümunələri göstərən, cəsarəti ilə döyüş yoldaşlarına ruh yüksəkliyi bəxş edən Rəhman İsmayılov, Xocalı döyüşlərində də aktiv iştirak edir. Tale onu Xocalı faciəsinin canlı şahidinə çevirir. Rəhman İsmayılovun yaddaşında erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklər əbədi yer tutur, onun düşmənə olan nifrət hissini daha da artırır. Müharibədən sonra Rəhman İsmayılov gənclərlə söhbətlərində məlum faciəni, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri tez-tez yada salır, gənc nəslin erməni vandalizmi haqqında dolğun şəkildə məlumatlandırılmasında fəal iştirak edir.
Barıt qoxulu səngərlərdən universitet auditoriyasına qayıdış...
Müharibədən sonra Rəhman İsmayılov öz təhsilini davam etdirməyə qərar verir. Keçmiş döyüşçü İnşaat Mühəndisləri İnstitutu və Polis Akademiyasında təhsil alır.
Polis Akademiyasında təhsil aldığı illərdə Rəhman İsmayılov cinayətkarlığa qarşı mübarizənin sirlərini dərindən mənimsəyir, öz üzərində mütəmadi şəkildə işləyir. Müharibə illərində əldə etdiyi döyüş təcrübəsi, ünsiyyət bacarığı, təhlükəli anlarda doğru və çevik qərar qəbul etmək bacarığı ona polis zabiti kimi püxtələşməkdə kömək edir. Çox keçmir ki, o, daxili işlər orqanının əməkdaşı kimi həm polis zabitləri arasında, həm də cəmiyyətdə böyük hörmət və dərin inam qazanır.
Ömrünü vətənin təhlükəsizliyinə həsr edən polis zabiti...
Artıq, 30 ildir ki, Rəhman İsmayılov daxili işlər orqanlarında şərəflə xidmət edir. Öz peşəkarlığı, zəngin təcrübəsi, humanistliyi, dəqiqliyi, sadəliyi, səmimiyyəti, təmkinliyi, işgüzarlığı və müsbət mənəvi keyfiyyətləri ilə seçilən Rəhman İsmayılov ömrünün ən məhsuldar, ən qaynar dövründə qəlbinin odunu, hərarətini öz xidməti vəzifəsini layiqincə yerinə yetirməyə sərf etmişdir. Nəcib davranışa, yüksək mədəniyyətə malik olan polis mayoru Rəhman İsmayılov daxili işlər naziri tərəfindən “Qusursuz və əla xidmətlərə görə” nişanı ilə mükafatlandırılmışdır.
Bu gün I Qarabağ müharibəsi veteranı, polis mayoru Rəhman İsmayılovun doğum günüdür. Bu münasibətlə Rəhman İsmayılovu təbrik edir, ona möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.
Seymur ƏLİYEV