Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.
Moderator.az apa-ya istinadla xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.
O bildirib ki, əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır.
Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir: “Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır “Zəli gölü” sahəsində də nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.
Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.
Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi “Badu-Kübə” MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır”.
Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.
Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.
“Bundan əlavə Astara rayonu ərazisində Siyakü, Şüvü, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər - atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.
Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir”.
“Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb”, - Əli Əliyev əlavə edib.