Bizi sosial şəbəkələrdən izləyin:
“ “Qaçaq Nəbi” filmi çəkiləndə məni Həcər roluna dəvət etdilər. Hətta təklifə görə o vaxt oxuduğum Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə də gəlmişdilər. Mən at çapa bilmirdim. Atdan da qorxurdum. Bundan da əlavə Rəşid Behbudov adına Mahnı teatrında işləyirdim. Xarici ölkələrə qastrol səfərlərim çox olurdu. Mən bir yerdə dayanan müğənni deyildim. Həcər obrazını heç məşq də etmədim. Gənc vaxtlarım idi, hər şeydən qorxurdum. Amma indiki vaxtım olsaydı çəkilərdim. Sonra bu rolu Mömünat Qurbanova oynadı. Amma içimdəki aktrisalığı bir neçə il bundan öncə rejissor Ələkbər Muradov üzə çıxartdı. Belə ki, o məni Bakı haqqında çəkilən sənədli filmdə ana roluna dəvət etdi. Çox da gözəl film alındı. Daha sonralar müxtəlif film və seriallarda rollar oynadım”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra nəvəsinin bir vaxtlar teatrda çalışdığını bildirib.
“Bilirsiniz ki, mən bir müddət “Oyuq” teatrında çalışdım. Hazırda “Oyun” müstəqil teatrında işləyirəm. Nəvəm Hökümə də həmin teatra gəlirdi. Həm oxuyurdu, həm də rollar oynayırdı. Düzdür, Hökümə nə aktrisa, nə də müğənni olacaq. Hər şeydən məlumatı olsun deyə biz onu qoymuşduq. Uşaqların incəsənət ruhunda böyüməsi çox vacibdir. İnsan əslində uşaq yaşlarından belə böyüməlidir. Öz nağılını özü yazmalıdır, özü davam etdirməlidir. Çox sevinirəm ki, nəvəm də incəsənətə meyllidir. Öz təfəkkürünü artırmaq üçün bu sahədə oldu. Hazırda sırf təhsili ilə məşğuldur” deyə müğənni bildirib.
Əməkdar artist bayağı ifaçıların günü-gündən artdığını bildirib.
“Azərbaycan musiqisi o qədər zəngindir ki. Məndən öncə də böyük sənətkarlarımız deyib ki, dünya üzrə əgər musiqi savaşı olsa Azərbaycan musiqisi mütləq qalib gələcək. Çünki bizim klassik musiqimiz, muğamımız var. Amma təəssüf ki, bu gün efirlərə baxırsan, elə müğənniləri görürsən ki.. Çox cılız bir mahnıdan ötrü bir-birləri ilə üz-göz olurlar. Bir-birlərinin ünvanına nalayiq ifadələr işlədirlər. Halbuki bütün bunlar lazımsızdır. Heç olmasa gənc bəstəkarlarımız adət ən-ənəmizi yaşatsınlar. Cılız musiqilər kimə və nəyə lazımdır ki? Ona görə də musiqi xəstəliyinə tutulmuşam. Əsl Azərbaycan musiqisini axtarıram. Uşaqların zövqünü korlayırlar. Sən yaxşı qazanasan, yaxşı yaşayasan deyə Azərbaycan musiqisini korlamalısan? Mən danışmayım, o danışmasın, kim danışsın? Bizdən də xahiş edirlər ki, efirlərdə mütləq Azərbaycan musiqisinin bu günündən danışın. Danışılası nə qoyublar? Belə getsə Azərbaycan musiqisinin nəinki bu günündən, heç gələcəyindən də danışmaq olmayacaq” deyə sənətkar bildirib.