Bizi sosial şəbəkələrdən izləyin:
Müştərilərin bir çoxu əksər restoranlarda kollektivin onlara rus dilində müraciət etdiyini deyir. Hətta paytaxtda bəzi restoranlar var ki, menyuları belə rus dilindədir. Bununla bağlı sosial şəbəkələrdə tənqidi video paylaşılıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu kimi hallar yolverilməzdir:
“Dövlət dili haqqında qanun, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun və digər qanunvericilik haqları göstərir ki, istehlakçılara xidmət haqqında xarici dillə yanaşı, milli dildə də məlumat verilməlidir. İstehlakçılara başqa dildə məlumat vermək anormal bir vəziyyətdir. İstehlakçı onlardan doğma dilimizdə danışmalarını tələb edə bilər. Bəlkə heç o müştəri rus dilini bilmir? Çox təəssüf ki, bu sahədə böyük problemlər var. Düşünürəm ki, Elmlər Akademiyasının Dilçilik İnstitutu bu məsələlərlə məşğul olmalıdır və bu kimi hallara son qoymalıdır. Bu yolverilməz bir haldır və mən bunu istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirirəm” deyə o bildirib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun mətbuat xidmətinin rəhbəri, aparıcı elmi işçi, dosent Təranə Şükürlü Moderator.az-a açıqlamasında bildirib ki, rus dilində danışmaq insanların fərdi xüsusiyyətidir:
“Əksər insanlar özlərini aristokrat, elit göstərmək üçün rus dilində danışır. Əslində Azərbaycan dilinin qanunlarında rus dilində danışmaq, müraciət etmə kimi normalar yoxdur. Biz bu kimi halları norma pozuntusu kimi qiymətləndiririk və dəstəkləmirik. Uzun müddət dil üçün cərimələrin tətbiq edilməsi müzakirə olundu, amma hələ ki, qüvvəyə minməyib. Mən özüm də bunun tərəfdarı deyiləm. Çünki dili cərimə ilə qaydaya salmaq olmaz, dili sevgi ilə öyrətmək lazımdır. Dilə sevgi ailədən başlayır. Azərbaycandilli ailələr restoranda da doğma dilimizdə danışırlar. Onları qarşılamaq üçün də yəqin ki, işçilərə tələb qoyulur ki, rus dilini bilməlisən, danışmalısan. Mən hər zaman dil prosseslərini müşahidə edirəm, dilin təəssübünü çəkirəm. Bu kimi məsələləri heç cür alqışlamıram” deyə Təranə Şükürlü bildirib.