“Artıq bir neçə ildir ki, övladlarımın üzünə həsrətəm. Buna səbəb də keçmiş həyat yoldaşım, adını belə çəkmək istəmədiyim şəxsdir. Ailəmizin dağılmasına səbəb isə başqa bir xanımdır. Uşaqlarımı məndən gizlədir, onları öyrədir, psixoloji təsir göstərir. Nə qədər ki, qaynatam, qaynanam sağ idi hər şey yaxşı idi. Qaynatam dünyasını dəyişəndən sonra məni evdən qovdu. Elə o vaxtdan bu dərdlə yaşayıram. Baxmayaraq ki, məhkəmə dəfələrlə uşaqların məndə qalması qərarını verib, amma görüşə bilmirəm. İş icra olunmur. Pulu var deyə bütün hər şeyi ört-basdır edir. Çox çarəsiz vəziyyətdəyəm”
Bunu Moderator.az-açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsinin rəhbəri Polad Ocaqovun keçmiş xanımı Könül Ocaqova deyib. O daha sonra iddialarını səsləndirib:
“Ocaqov Poladla 2009 -cü ildə evləndik. Bu evlilikdən 2 uşağımız dünyaya gəldi. Poladın 2014-cü ildə başqa bir qadınla münasibət olduğunu öyrəndim. Hal-hazırda onunla eyni evdə yaşayırlar. 10 ildir mən ona boşanmaq istədiyimi deyəndə məni döyürdü, uşaqlarımı əlimdən almaqla hədələyirdi və valideyinlərinə deməməyim barəsində mənə basqı edirdi. Əgər atası, anası onun başqa bir qadınla münasibətdə olduğunu bilsəydi onun hər şeyini əlindən alardılar. 2021-ci ildə anası, 2022- ci ildə atası rəhmətə getdi. Atasının 40-ı çıxandan 3 gün sonra məni evdən qovdu. Uşaqlarımı aparmaq istəyəndə evindəki silahı ilə məni hədələdi və getməyim barəsində basqı qurdu. Bütün bunlar uşaqların gözü qarşısında baş verdi. Sonra aylarla onları məndən gizlətdi. Rayonlarda, bağlarda.. Mən heç bir yerdə uşaqları tapa bilmədim. Vəkilim məhkəməyə görüşlə bağlı müraciət edəndən sonra məhkəmə həftədə 3 dəfə mənimlə görüş təyin etdi. Məcbur qalıb uşağı icra şöbəsinə gətirdi. Amma artıq gec idi, uşaqları öyrədilmiş bir vəziyyətdə gördüm. Və uzun mübarizədən sonra məhkəmələri qazandım. Ali məhkəmə də uşaqların anada qalmağının qərarının düzgün olacağı qənatinə gəldi. Çox təəssüflər olsun ki, işin icra prosesi baş tutmur. Binəqədi rayon icra şöbəsinin icra məmurları bu qərarı icra edə bilmirlər. Hər dəfə uşağı öyrədilmiş bir şəkildə şöbəyə gətirir və mənim əlimi-qolumu bağlayır. 2 il 4 aydı heç cür uşaqlarımı görə bilmirəm. Onların səsini eşitməyimə də icazə vermir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm. İnanıram və əminəm ki, o məni övladlarıma qovuşduracaq” deyə şikayətçi xanım bildirib.
Könül Ocaqovanın iddiaları ilə bağlı qarşı tərəfi-Polad Ocaqovu da danışdırdıq:
“Xanımın dediklərinin heç birində həqiqət yoxdur. Biz boşanmışıq. Bu xanım özü bizi atıb gedib. Məni də, uşaqları da.. Atası gəlib onu aparıb. Mən işdə olmuşam, uşaqlar da evdə olmayıb. Uşaqların vəsiqələri, bizim nikah kağızımızı və bir neçə əşyanı aparıb gedib. Əslində bu məsələ puldan qaynaqlanır. Uşaqların üstündən bunlar mənimlə alver etmək istəyir. Bir neçə gün bundan əvvəl də mənə müraciət etmişdilər ki, gətirib bizə pul verin. Mən isə imtina etdim. O ki, qaldı uşaqların anası ilə görüşünə.. Bizim videoçəkilişlərimiz, aktlarımız var. Məhkəmə qərarı da həmçinin.. Uşaqlara ekspertiza təyin olunub, qəyyumluq və icra şöbəsinə getmişik. Burada mənim faktorum ümumiyyətlə yoxdur. Uşaqlar psixoloqla görüşəndə, qəyyumluq və icra şöbəsinə gedəndə valideynlər iştirak etmir. Qızımın 14, oğlumun da 11 yaşı var. Onlar öz fikirlərini bildirə bilirlər. Xanım deyir ki, uşaqlar mən tərəfindən öyrədilib. Biz dəfələrlə icra şöbəsinə də getmişik, bundan boyun da qaçırmamışam. Uşaqlar yaşadıqları və böyüdükləri evdədir, mənim ünvanım dəyişməyib.
Onların məktəbi də evin yanındadır, hər gün piyada gedib-gəlirlər. Hər birinin özünün telefonu var, ev telefonumuz var. Sən əgər uşağı görmək istəyirsənsə, şərait yaradıb gəlib görə bilərsən. Bu sadəcə bir şoudur. 6-7 ay itir, sonra uşaqlar yadına düşür. Uşaqlar anasını qətiyyən istəmir, onunla ünsiyyət saxlamaq istəmir. Səbəbi də ananın onları atıb getməsidir. Uşaqlar anadan küskündür. Düzdür, məhkəmə qərar verib ki, uşaqlar anada qalmalıdır. Hakim dedi ki, yazılmayan qanunlar var, mən qərarı məcbur anaya yazmalıyam, ancaq bunun icrası neçə olacaqsa başa düşə bilmirəm. Binəqədi rayon məhkəməsində, Apelyasiya məhkəməsində uşaqları dəfələrlə çağırıb dindiriblər, onlar bildiriblər ki, biz atamızla qalırıq, onu istəyirik. Hətta qızım da məhkəmədə ayağa qalxıb hakimə dedi ki, biz o insanı görmək istəmirik. Qəyyumluqdan da bildiriblər ki, uşaqlarla ananın görüşməsi məqsədəuyğun deyil, çünki onlar dərin stress, əsəbi gərginlik keçirirlər. Bu məsələ pulun üstündə qurulub. Onlara istədikləri məbləği versəm məsələ dərhal bitəcək. Atası zəng edib mənə deyir ki, filan qədər məbləğ gətir, bu məsələni özüm yoluna qoyacam. Uşaqlar məndədir, o məndən 1500 manat aliment istəyir. Zəng edir ki, mənə ayda 1000 manat ver, hər şeydən imtina edim. Hələ bir neçə gün əvvəl təklif ediblər ki, ev ver, pul ver, biz qətnamədən imtina edək. Mən onların bu istəklərini rədd etmişəm. 4-5 dəfə məhkəməyə veriblər, hamısında da bəraət qazanmışam. 20 ildir torpağıma, vətənimə, millətimə xidmət edirəm. Mən qeyri-qanuni nəsə etmərəm. Etsəm belə heç kim məni qoymaz ki, sabah işləyim” deyə Polad Ocaqov bildirib.