Moderator.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub.
Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub.
Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.