Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək - YENİLƏNİB
Cəmiyyət
2081
29 Dec 2024 | 23:58

Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək - YENİLƏNİB

Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.
 
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
 
CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
 
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.
 
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
 
***
 
Qazaxıstan Aktau şəhərinin yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larını Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərəcək.
 
“Report” “Tengri News”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Nəqliyyat Nazirliyi bildirib.
 
Dövlət qurumu bildirib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət göyərtədəki yazıcı məlumatlarının oxunmasını təmin edir və bunun üçün ölkənin seçilməsi barədə qərar qəbul edir.
 
“Yuxarıda göstərilən sənəd əsasında, həmçinin ICAO-nun tövsiyələri və Azərbaycan və Rusiya aviasiya qurumları ilə aparılmış məsləhətləşmələr nəzərə alınaraq, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən “qara qutular”ın hava gəmisinin (“Embraer”) istehsalçı ölkəsi olan Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edilib”, – məlumatda qeyd olunub.
 
Nazirlik vurğulayıb ki, Mərkəz (CENIPA) lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıqla təchiz edilib və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriyası var.
Link kopyalandı!
Son xəbərlər