“Ailəmi dağıtmaq istəmirdim, səbr etdim, amma 6 ildən sonra ayrıldım”-FOTOLAR
Cəmiyyət
3263
29 Dec 2024 | 18:56

“Ailəmi dağıtmaq istəmirdim, səbr etdim, amma 6 ildən sonra ayrıldım”-FOTOLAR

“Hamı bilir ki, mən Türkiyədə baş vermiş zəlzələdən qorxub vətənimə gəldim. Amma əksər insanlar elə bilir ki, mən həyat yoldaşımdan ayrılıb gəlmişəm. Mən gələndə hələ ayrılmamışdım. Bütün problemlər bundan sonra baş verdi və mən Azərbaycanda yaşamaq məcburiyyətində qaldım. Sonra da bir-birinin ardınca serial və film təklifləri gəldi. Məclis aparıcılığı da edirəm. Bilirsiniz ki, mən universitet illərindən özüm çalışmışam, yalnız ailəli olduğum müddətdə çalışmadım.
 
Çünki övladımın atası icazə vermirdi. İndi yenə də sənətimə qayıdıram və bundan çox xoşbəxtəm. Sənət adamı sənətsiz qala bilmir. Övladımla da çox xoşbəxtəm, onu çox sevirəm. Əslində sevərək ailə həyatı qurmuşdum, amma bəzən insan görür ki, sevgi yetərli deyil. Ailə həyatının davam etməsi üçün qarşılıqlı hörmət lazımdır. Aramızdakı qarşılıqlı hörmət itmişdi. Ailəmizə kənar müdaxilələr də oldu. Bundan başqa bütün ailələrdə olduğu kimi qaynana və baldız müdaxiləsi də ailəmizi dağıdan faktorlardandır. 6 illik ailə həyatımız buna görə dağıldı” 
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə deyib. O daha sonra əlavə edib:
 
“Hazırda bütün günü qaçaqaçdayam. Bu mənim üçün çox çətindir. Evin həm qadınıyam, həm də kişisi. Həm anayam, həm də ata. Bir növ anamın taleyini yaşayıram. Allah təki bizi ailəmizin itkiləri ilə sınağa çəkməsin. Çünki anam həyat yoldaşını da, övladını da itirib. Sənətdən gedəndən sonra geri qayıtmaq, yenidən başlamaq, boşluğu doldurmaq çox çətindir. Bilirsiniz problem nədir? Sənin bir aktrisa kimi tipajın ola bilər, amma bu heç kimə önəmli və maraqlı deyil. Hər kəsə maraqlı olan budur ki, ucuz qiymətə aktrisaları dəvət edib çəkirlər. Çox təəssüf ki, bu prodakşınlara daha çox sərf edir. Hazırda Arb-də yayımlanan “Sara” serialında çəkilirəm. Canlandırdığım həbsxana işçisi mənfi roldur. Çox böyük və gözəl kollektivlə birlikdə çalışıram. Oksanaya da, Ziyaya da, Sain Qəhrəmana da təşəkkür edirəm ki, bu rolda məni görüb dəvət ediblər. Vidadi Həsənov, Həmidə Ömərova kimi sənətkarlarla birlikdə eyni serialda rol almaq çox xoşdur” deyə aktrisa bildirib.
 
“Nə vaxtsa ailə həyatı qura bilərsinizmi?” sualına Cəmilə Tağızadə belə cavab verib:
 
“Xeyr, qətiyyən. Bir dəfə ailə həyatı qurmuşam, ikinci dəfə istəmərəm. Bu mənə yetərli oldu. Mən onsuz da gec-30 yaşımda ailə həyatı qurmuşdum. Bunu da çəkinə-çəkinə etmişdim. Həqiqətən də qorxan gözə çöp düşər. Düşdü də. Mən həqiqətən də boşanmaq istəmirdim. 6 il o ailənin yükünü çiyinlərimdə daşıdım. Böyük fədakarlıq etdim. İndi çox xoşbəxtəm, huzurum var, evdə davam yoxdur. Heç kim mənə qaşın üstündə gözün var demir. Mənim artıq daxili aləmimin huzuru pozulmur. Bu nəyə desən dəyər. Bircə maddi sıxıntılarım var. Düşünürəm ki, o da düzələcək. Tək ailəyə baxmaq çox çətindir. Heç kimə ərsiz, atasız, qardaşsız qalmağı arzu etmirəm. Qoy bütün xanımlarımız xoşbəxt olsun. Mən bütün xanımlarımıza xoşbəxtlik arzu edirəm. Ümid edirəm ki, mənim arzularım da 2025-ci ildə gerçəkləşər. Kimin nə niyyəti varsa arzu edirəm ki, hamısı həyata keçsin. Yeni ilimiz də mübarək olsun” deyə aktrisa bildirib.
 
Link kopyalandı!
Son xəbərlər