Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 6-sı saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub, imtahana yazıla bilərlər.
Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.